Dünya müharibəyə doğru gedir

“Stratfor”un hesabatında Rusiyanın Türkiyə və Polşa ilə müharibəyə girişəcəyinin yüksək ehtimalından söhbət açılır



ABŞ-ın məşhur "Stratfor” araşdırma mərkəzi yeni analiz-hesabatını dərc edib. ABŞ kəşfiyyat orqanları ilə sıx əlaqədə olan "Stratfor” üçüncü dünya müharibəsinin siqnallarını verib. Mərkəzin rəhbəri Corc Fridman Yaxın Şərq və Avropada müharibənin başlaması üçün bütün "münbit şəraitin” olduğunu vurğulayıb: "Biz hesab edirik ki, dünya müharibəyə doğru gedir. Müharibəyə hazır olun”. Qeyd edək ki, "Stratfor”un hesabatında Rusiyanın Türkiyə və Polşa ilə müharibəyə girişəcəyinin yüksək ehtimalından söhbət açılır. "Stratfor” araşdırma mərkəzinin analiz- hesabatlarını heç vaxt ciddiyə almadığını vurğulayan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu təşkilatın fəaliyyəti Amerikada qəbul olunmur: "Stratfor” araşdırma mərkəzinin ABŞ kəşfiyyat orqanları ilə sıx əlaqəsinin olması tamamilə cəfəngiyyatdır. Bu təşkilat faktiki olaraq, avara, kriminal rejimlərə xidmət məqsədi ilə yaradılıb və onların mənafelərini müdafiə edir. Tam məsuliyyətimlə deyirəm ki, "Stratfor”un verdiyi hesabatlar və proqnozlar son dərəcə əsassızdır. Bu qurumun açıqlamalarını ciddiyə almadığım üçün hesabatlarının şərhinə ehtiyac olmadığını düşünürəm”.

Politoloq Arzu Nağıyev də "Stratfor”un proqnozlarının reallığı əks etdirmədiyini deyib: "Bu təşkilatın verdiyi proqnozlar ABŞ kəşfiyyatının məlumatlarına əsaslanmış və söykənmiş məlumatlardır. "Stratfor” regionda baş verən bütün prosesləri nəzərə alaraq, belə bir nəticəyə gəlib. Xüsusən də, Rusiya və Türkiyə münasibətlərinə istinadən müharibə mövzusunu gündəmə gətiriblər. İki ölkə arasındakı münasibətlər elə bir pik həddə çatıb ki, onlar arasındakı münaqişənin istənilən halda genişmiqyaslı əməliyyatlarla nəticələnəcəyinə dair proqnozlar vermək olar. Polşa məsələsinə gəldikdə isə onu deyim ki, sözügedən ölkə kifayət qədər strateji regionda yerləşir və üstəlik, Belarusiya ilə həmsərhəddir. Deməli, NATO-Rusiya sərhəddi Polşanın ərazisindən keçir. Onu da deyim ki, NATO Polşa ərazisində hava məkanından müdafiə qurğularının yerləşdirilməsi ilə məşğuldur. Məhz bu baxımdan "Stratfor” Rusiya-Polşa müharibəsinin siqnalını verib. Amma mən indiki reallıqda hansısa müharibə ehtimalını real saymıram. Çünki Avropanın regionla bağlı böyük maraqları var. Onların məqsədi isə bu cür əsassız söz- söhbətlərlə Rusiyanı münaqişələrə cəlb etməklə iqtisadi cəhətdən tənəzzülünə nail olmaqdan ibarətdir”.

Şəymən