Dünya TV-dən fevral şəhidlərinə SAYĞISIZLIQ...

Fevralın 24-dən 25-ə keçən gecə ermənilər yenə cəbhə xəttində təxribat törətdilər. Bir gecənin içərisində cəbhədən 5 şəhid xəbəri gəldi. Ardı -arası kəsilməyən atışma ilə bağlı məlumatlar bir-neçə gün davam etdi. Amma nə yazıq ki, əhali cəbhədən üzücü xəbərlər aldığı bir vaxtda, bəzi telekanallarımızda şou və musiqili proqramlar yayımlanırdı. 
Məsələn, həmin gecə aparıcı Dünya TV-nin efirində Natiq Dağlaroğlunun təqdimatında yayımlanan "Gecənin səsi” musiqili verilişinin hər zamankı axarı ilə davam edirdi. Ora dəvət alan müğənnilər və N. Dağlaroğlu çalıb- oynamaqlarından qalmırdılar. Əlbəttə, bu teleşirkətin sayğısızlığı tezliklə sosial şəbəkələrdə də yayıldı və qınaq obyektinə çevrildi. Mətbuat nümayəndələri, media ekspertlər, ictimai şəxslər ordumuzun itkilər verdiyi bir zamanda televiziyalarda çal-çağır verilişlərin efirə getməsini pislədilər.
Hadisə ilə bağlı Sherg.az-a danışan media eksperti Zeynal Məmmədli televiziyaların bu addımının etika, davranış qaydalarına uyğun olmadığını dilə gətirib.
Onun sözlərinə görə, belə halların baş verməsinin mənbəyində ictimai qınağın Azərbaycanda lazımi effekt verməməsi dayanır:
"İctimai qınaq elə olmalıdır ki, bu hadisələri tənzimləsin. Bu üsulla televiziyaların belə səhvlərə yol verməsi əngəllənə bilər. İnformasiyanın hər kəsə çatdırılmaması, digər tərəfdən ictimai qınağın olmaması bu həddə gətirib çıxarır. Tamamilə sərbəst olan televiziyalara buna görə irad tutulmadığından, insanların qınağına tuş gəlmədiklərindən çəkinmirlər. Əgər bir dəfə bu barədə televiziya qınanılsa, başqa televiziyalar da çəkinər, bu hala yol verməz”.
Aysel Aslan