“Burada söhbət dövlətin nəzarətində olan hansısa televiziya kanalının açılmasından getmir. Parlament kanalı siyasi məqsədlərə deyil, öz fəaliyyətini birbaşa işıqlandırmağa xidmət etməlidir”
Dünyada belə təcrübələr çoxdur
“Azərbaycan parlamentinin özünəməxsus televiziyasının olması təklifi təəccüb doğurmamalıdır”
“Burada söhbət dövlətin nəzarətində olan hansısa televiziya kanalının açılmasından getmir. Parlament kanalı siyasi məqsədlərə deyil, öz fəaliyyətini birbaşa işıqlandırmağa xidmət etməlidir”
“Burada söhbət dövlətin nəzarətində olan hansısa televiziya kanalının açılmasından getmir. Parlament kanalı siyasi məqsədlərə deyil, öz fəaliyyətini birbaşa işıqlandırmağa xidmət etməlidir”
(Əvvəli ötən sayımızda)
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu parlament televiziyasının yaradılması təklifi ilə çıxış edib. Baş redaktor bildirib ki, Milli Məclisdə qanun layihələri qəbul edilsə də, onların izahı geniş verilə bilmir. Deputatın sözlərinə görə, qanunların və müzakirələrin geniş izahı üçün xüsusi televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti ictimaiyyətə tam açıqlanmalıdır”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da qəbul edilən qanun layihələrinə jurnalistlərin diqqət yetirmədiyini söyləyib: "Qanun layihələri zamanı müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər. Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Lakin bunun əksi baş verir. Parlamentdə kiçik bir insident olan kimi mətbuat bunu dərhal yazır”. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə hesab edir ki, ayrıca parlament televiziyasına ehtiyac yoxdur: "Milli Məclisdə səsləndirilən təklif ətraflı müzakirə olunmalıdır. Böyük dövlətlərin çoxunda parlament televiziyaları var. Yəni, ərazisi böyük, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Bizdə xüsusi televiziya kanalının açılmasına ehtiyac görmürəm”. N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardan istifadə etməyi təklif edib: "Fikrimcə, mövcud televiziya kanallarının potensialından istifadə edərək Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Büdcədən maliyyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. İndiki dövrdə, dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda büdcədən maliyyələşən kanalın açılması bir az doğru olmazdı. Ona görə də mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”. Xatırladaq ki, parlament televiziyasının yaradılması təklifi əvvəllər də gündəmə gətirilib. Milli Məclisin iclaslarında səsləndirilən fikirlərin məqsədyönlü şəkildə təhrif olunmasını əsas gətirən ictimaiyyət nümayəndələri parlamentin xüsusi televiziyasının yaranmasını zəruri hesab ediblər. Onların fikrincə, Milli Məclisin iclaslarında deputatlar öz çıxışlarını müzakirəyə çıxarılan qanunlar ətrafında qursalar da, bəzi KİV-lərdə hazırlanan reportajların əksəriyyəti qüsurlu olur. Vaxtı ilə millət vəkili Qüdrət Həsənquliyev də ölkədə fəaliyyət göstərən özəl teleşirkətlərə iradını bildirib. Deputat qeyd edib ki, bəzi media qurumları parlamentin işini vaxtında və düzgün işıqlandırmırlar: "Parlamentin iclasları bir həftədən sonra özəl teleşirkətlərdə göstərilir. Bu, hansı operativlikdən xəbər verir? Hesab edirəm ki, Milli Məclis ya parlament televiziyasını yaratmalıdır, ya da dövlət büdcəsindən maliyyələşən teleşirkətlərə bu məsələnin həlli ilə bağlı müəyyən tapşırıqlar verməlidir”.
Mövzunu "Şərq”ə dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət qaldırılan məsələ ilə bağlı uzunmüddətli düşüncələrinin olduğunu deyib. Tanınmış jurnalist illər öncə səfər etdiyi xarici ölkələrdən birində xüsusi parlament televiziyasının şahidi olduğunu bildirib:
"1998-ci ildə Amerika Birləşmiş Ştatlarına səfər etmişdik. Üç həftəlik tanışlıq səfəri idi. Həmin vaxt orada gördük ki, ABŞ Konqresinin birbaşa canlı yayım edən telelviziya kanalı var. Yəni Konqresdə Amerika qanunvericiliyi ilə bağlı bütün prosesləri əks etdirən bir kanal daimi fəaliyyət göstərir. Parlamentin toplanıb-toplanmadığından asılı olmayaraq, həmin kanallar bütövlükdə qanunvericilik fəaliyyəti ilə bağlı verilişlər yayımlamaqla ölkə vətəndaşlarını məsələlərdən agah edirdilər. O vaxtdan düşünürdüm ki, bu, çox yaxşı bir təcrübədir və Azərbaycanda olması işə yarayandır. Eyni zamanda Türkiyə təcrübəsinə də müraciət edə bilərik. Qardaş ölkədə də parlamentin toplantıları canlı şəkildə yayımlanır və faktiki olaraq bütün ölkə əhalisi parlamentdə baş verənləri izləyə bilir”.
A.Həsrət daha bir maraqlı nümunənin Almaniya Bundestaqı ilə bağlı olduğunu söyləyib: "Almaniya parlamentində sadəcə canlı yayımdan yox, həm də Bundestaqın iclaslarının arzu edən hər kəsə açıq olmasından söhbət gedir. Bundestaqın zalı elə qurulub ki, deputatların müzakirələrini istənilən vətəndaş kənardan müşahidə edə, canlı-canlı izləyə bilir. Dünyada belə təcrübələr çoxdur. Ona görə də Azərbaycan parlamentinin özünəməxsus televiziyasının olması təklifi təəccüb doğurmamalıdır. Dostumuz Hikmət Babaoğlu gözəl təklif verib və bu təklif reallaşmalıdır. Azərbaycanın buna imkanı var. Birbaşa yayım edən parlament televiziyasının qurulması ancaq müsbət nəticələr verər. Parlamentdə hazırda 6 yer boş olsa da, ümumilikdə 125 deputat yeri var. 125 deputatdan sadəcə 15-i, ən yaxşı halda isə 20 nəfəri cəmiyyət tərəfindən geniş tanınır. Səbəbi odur ki, digər deputatlar media ilə əlaqələrini düzgün qura bilmirlər. Kimisi təcrübəsizlikdən bunu edə bilmir, kimisi də sadəcə buna zərurət görmür. Digər deputatlar isə həddindən artıq passiv olduqları üçün mətbuata çıxmırlar. Belə olan halda cəmiyyətdə deputatlarla bağlı birmənalı fikir formalaşmır. O baxımdan düşünürəm ki, parlamentin toplantılarının canlı yayımla verilməsi müsbət hal olar. Qapalı toplantılar istisna olmaqla, ümumilikdə parlamentin bütün iclasları mediada geniş işıqlandırılmalıdır. Seçdiyimiz deputatların Milli Məclisdə necə davrandığını canlı şəkildə görməliyik”.
A.Həsrətin fikrincə, hansısa mövcud kanalda parlamentin işinə bir neçə saat vaxt ayrılması prosesi tam əhatə edə bilməyəcək: "Ən yaxşısı parlamentin özünün birbaşa televiziya kanalının olmasıdır. Parlamentin və ayrı-ayrı komitələrin bütün iclaslarının, yaxud da Məclisdəki görüşlərin efirə verilməsi effektli olardı. Mən Hikmət müəllimi dəstəkləyirəm və o qənaətə gəlirəm ki, məhz onun kimi mütərəqqi insanların parlamentdə təmsil olunması hamımızın xeyrinədir. Arzu edirəm ki, parlamentdə bu cür insanların sayı daha da çoxalsın”.
MŞ İdarə Heyətinin üzvü əlavə edib ki, ümumiyyətlə, dünyada televiziya fəaliyyətinin dövlətsizləşməsi prosesi gedir. Xüsusən, Qərb ölkələri dövlət telelviziyası anlayışından imtina edirlər: "Burada söhbət dövlətin nəzarətində olan hansısa televiziya kanalının açılmasından getmir. Parlament kanalı siyasi məqsədlərə deyil, öz fəaliyyətini birbaşa işıqlandırmağa xidmət etməlidir. Ortada dünya təcrübəsi var və ABŞ kimi ölkə bundan imtina etmir. Əgər Qərb ölkələri bu təcrübədən gen-bol yararlanırsa, biz niyə imtina etməliyik? Hesab edirəm ki, xüsusi parlament televiziyası vacibdir. Bu addım Avropa ölkələri tərəfindən də müsbət qarşılanacaq”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə açıqlamasında bildirib ki, yeni televiziya kanalının açılması əhəmiyyətli və mütərəqqi təklifdir. Onun sözlərinə görə, hazırda dünya televiziyalarında klassik yayım proqramlarının, məsələn, kinofilmlərin, musiqilərin, xəbərlərin və s. verilişlərin verilməsi ənənəsi geridə qalıb:
"Artıq əksər ölkələrdə ayrıca xəbər, musiqi, kinofilm kanalları fəaliyyət göstərir. Təkcə televiziyada deyil, digər media qurumlarında, qəzet, jurnal və radiolarda da bu proses getməkdədir. Bu da çox normal haldır və müasir günün tələbidir. Hesab edilir ki, mediada konkret hansısa sahəyə diqqət ayırmaq daha effektli olur. Nəzərə alaq ki, hər ixtisaslaşmış kanalların özünəməxsus auditoriyası formalaşır. Vətəndaşı konkret nə maraqlandırırsa, həmin televiziyanı daha çox izləyir. Bu sahədə təəssüf ki, Azərbaycanda vəziyyət qənaətbəxş deyil və biz geri qalırıq. Dünyada adi normaya çevrilən bu cür mexanizmlər ölkəmizdə nədənsə qəribə qarşılanır. Hikmət Babaoğlunun təklifini dəstəkləyirəm. Təkcə, Milli Məclisin iclasları ilə bağlı deyil, digər bütün sahələrdə xüsusi televiziyalara ehtiyac var. Bir neçə il əvvəl idmanı AzTV-dən ayırdıq, ayrıca kanal etdik. Bunun nəyi pis oldu ki? Çox yaxşı effekt verdi və idman kanalının öz izləyici kütləsi yetişdi. Eyni zamanda ayrıca mədəniyyət kanalı yaradıldı”.
Y.Məmmədlinin fikrincə, bütün sahələri əhatə edən proqramların bir mərkəzdə cəmlənməsi yaxşı hal deyil. Hər birinin müstəqil olması daha məqsədəuyğundur: "Söhbət parlamentin həftədə bir dəfə olan iclasından getmir. Komitələrin çoxsaylı toplantıları, deputatların görüşləri olur. Bunların hamısı efirdə canlandırılmalıdır. Qanunların necə müzakirə edildiyi, oxunuşdan necə keçdiyi insanlar üçün maraq doğurur. Şəxsən bütün media nümayəndələrini mətbuatla bağlı olan qanunların müzakirəsi çox maraqlandırır. Ümid edirik, nə zamansa bu təklif nəzərə alınacaq və xüsusi parlament televiziyası yaradılacaq”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb