Dəri allergiyası olan insanların daha diqqətli olması vacibdir
Dünyada hər 7 adamdan biri allergiyaya düçardır
Azərbaycanda da geniş yayılmış bu xəstəliyi ekspertlərlə çözməyə çalışdıq
Dəri allergiyası olan insanların daha diqqətli olması vacibdir
Dəri allergiyası olan insanların daha diqqətli olması vacibdir
Kanadada ağır fıstıq allergiyasından əziyyət çəkən gənc qadın mətbəxdə fıstıq yediyini bilmədiyi sevgilisiylə öpüşdükdən sonra şoka girərək can verib. Hadisə 2012-ci ildə yaşansa da, mərhumun anası allergik insanları maarifləndirmək məqsədi ilə "Journal Da Quebec” qəzetinə çağırış xarakterli açıqlama verib. Onun sözlərinə görə, qızı allergik şok ehtimalına qarşı hər zaman üstündə gəzdirdiyi adrenalin iynəsini (epipen) həmin gün götürməyib.
Yaşadığı böyük ağrını başqa kimsə yaşamasın deyə allergik insanları bilgilindirməyi qarşısına məqsəd qoyan ana belə deyib: "Qızım bir neçə gün əvvəl aşiq olduğunu söyləmişdi mənə. Gözlərini heç bu qədər işıl-işıl parladığını görməmişdim. Qızımın o gecə şoka girdikdən sonra fıstıq allergiyası olduğunu sevgilisinə deməyə belə fürsəti olmayıb. Sonradan böyük faciələr yaşanmasın deyə allergiyası olan hər kəs iynəsini mütləq yanında gəzdirməlidir”. Kanadalı mütəxəssislər isə qidalardakı alerjenlərin, yeyən adamın tüpürcəyində 4 saata qədər qaldığını iddia edib. Bu xəstəliyi olanlar həm həyat şəraitlərində, həm də qidalanmalarında daha diqqətli olmalıdırlar.
Qeyd edək ki, allergiya orqanizmimizin ətraf mühitin bəzi faktorlarının təsirinə verdiyi qeyr-adi cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən, planetin hər yeddi adamından biri allergiyaya düçardır. Elə Kanadada baş verən bu hadisəyə diqqət ayırmağımızın bir səbəbi də Azərbaycanda da kifayət qədər allergiyalı insanların olmasıdır.
Bəs, bizim həkimlər necə düşünür. Allergiyadan özümüzü necə qoruya bilərik?
Allergiyaların daha çox yaz aylarında gücləndiyini vurğulayan tibb elmləri doktoru Şəmsiyyə Namazovanın sözlərinə görə, bəzi insanlarda konkret bitkilərə qarşı xüsusi həssaslıq olur: "Həssas insanlarda adətən çiçəklərin tozcuqlarına qarşı allergik problemlər yaşanır. Bu zaman adətən yuxarı tənəffüs yollarının allergiyası baş verir ki, onun əlamətləri gözün sulanması və qaşınmasıdır. Bu allergiya mövsümi xarakter daşıyıb uzunmüddətli olmur. Lakin bəzən xüsusi risk qrupuna aid olan insanlarda allergiyaların simptomları yay aylarında da davam edir. Günəş şüalarının intensivliyinin artması ilə əlaqədar həmin əlamətlər yenidən təkrarlana bilər. Bundan başqa, bronxial astma deyilən tənəffüs yollarının allergiyası var ki, onun tutmaları yay aylarında intensivləşir və uzun müddət davam edir. Həmin insanlar xüsusi həssaslıq dövrü yaşadıqlarına görə yaxşı olardı ki, tozcuqlu bitkilərin əhatəsindən kənarda olsunlar və yay aylarında günəş altında çox olmasınlar”.
Qida mənşəli allergiyalara toxunan tibb eksperti bu allergiyaların alimentar mənşəli olduğunu deyib. Onlar mövsümündən asılı olmayaraq, hər zaman baş verə bilər: "Bu allergiyalar mövsümi allergiyalardan öz əlamətlərinə görə kəskin fərqlənir. Əgər insan uzun illər öncə hər hansı bir toksinlə zəhərlənibsə, həmin insanın orqanizmi mövsümdən asılı olmayaraq, dəyişkən qida qəbul etdiyi zaman mütləq öz reaksiyasını bildirir. Qida allergiyası olan insanlar hər zaman ehtiyatlı olmalıdırlar. Tərkibində kimyəvi qatqılar olmayan, saxlanma müddəti uzun müddət olmayan qidalardan istifadə etmələri məsləhət görülür. Bundan başqa, qeyd etmək istərdim ki, yuxarı tənəffüs yollarının allergiyası və qida mənşəli allergiyaların əlamətləri ilə yanaşı, onların müalicə üsulları da fərqlidir. Qida mənşəli allergiyaların qarşısının alınması və müalicə edilməsi yuxarı tənəffüs yollarının allergiyası ilə müqayisədə həddən artıq uzun çəkir. Qida mənşəli allergiyası olan insanlar allergenlərdən hər zaman uzaq durmalıdır. Bu zaman xəstəliyin əleyhinə müəyyən dərman qəbul etdikdə qarşısını almaq asandır. Alimentar mənşəli allergiyalar aylarla, bəzən hətta illərlə davam edə bilir. Çünki orqanizmdən toksinlərin çıxarılması və müalicə olunması uzun müddət vaxt alır. Allergiyaya səbəb olan əsas qida məhsulları sırasına süd, yumurta, balıq, qoz-fındıq və buğda məhsulları daxildir. Bununla yanaşı, müxtəlif qida növləri var ki, onlar da həmçinin allergen sayıla bilər”.
Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, allergiya deyiləndə, adətən əksəriyyət meyvə, qida allergiyalarını və bir də ağac tozlanmasından yaranan allergiyaları düşünür. Amma allergik xəstəliklərin bir neçə növü var: "Allergiya gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Ən çox yayılmış təsiredici amillər - qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. Allergiya simptomları, əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Burnun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, nəfəsalmanın çətinləşməsi, təngənəfəslik allergiyanın əlamətləridir”.
Ekspertin sözlərinə görə, allergiya elə bir xəstəlikdir ki, allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir: "Mövsümi allergiyalar zamanı allergik simptomları azaldan meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir. Məsələn, C vitamini ilə zəngin sitrus meyvələri, xüsusən də kivi allergik xəstəliklərə qarşı əsl dərmandır. Tərəvəzlərə rəng verən kversetin maddəsi də yuxarı tənəffüs yollarının narahatlığı və göz yaşarmasının qarşısını alan təsirli vasitədir. Rəngli tərəvəzlər həm də antioksidanla zəngin olduqlarından zərərli maddələrin orqanizmdən tez xaric edilməsinə yardımçı olur. Ona görə də qidada rəngli tərəvəzlərə - qırmızı bibər, gül kələmi, brokoli, soğan, brüksel kələminə, həmçinin ağartı məhsullarına üstünlük verilməlidir”.
Allerqoloq Aytəkin Həsənzadə də "Şərq”ə açıqlamasında allergiyaların müxtəlif növlərinin olduğunu deyib. Allergik xəstəliklərin orqanizmin xarici mühit amillərinə qarşı hiperreaksiyası olduğunu vurğulayan həkim deyib ki, normada immunitet ancaq orqanizmin düşmənlərinə, məsələn, virus və bakteriyalara qarşı mübarizə aparmalıdır. Amma immun sistemin işi pozularsa, o orqanizm üçün tam zərərsiz maddələrə belə kəskin reaksiya verir. Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər.
Həkimin sözlərinə görə, mövsümi allergiyaların əsasında daha çox irsi meytllilik dayanır: "Valideynlərdən birində allergiya varsa, onun uşağa keçmə ehtimalı 40 faiz, həm ana, həm də ata allergikdirsə, 80 faiz həmin xəstəlik uşaqda da özünü göstərir. Allergiyası olan insanların orqanizmi bir çox bitkilərə normal insanlardan fərqli reaksiyalar verir. Bitkilərin, çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verməyə başlayır. Məişət tozları kimi mikroskopik gənələr də allergiyalı insanlarda həssaslıq yaradır. Bu cür allergiyalar əsasən tənəffüs sistemində özünü büruzə verir. Sonradan isə bu, mərhələli şəkildə atopik astmaya çevrilir və ağciyərlərə keçir.
Allerqoloqun sözlərinə görə, allergiya bəzən əsəbdən də yaranır: "Əsəb sinir sistemi elə bir sistemdir ki, insan orqanizmində müxtəlif narahatlıqlar yarada bilir. Sinir sisteminin oyaq vaxtlarında damarların tonusu dəyişir. Bu zaman da oradakı hüceyrələr allergik iltihabların meydana gəlməsində iştirak edir”.
Aytəkin xanımın sözlərinə görə, Türkiyədə allergiyanın müalicəsi üçün antibiotiklərin necə gəldi istifadəsinə məhdudiyyətlərlə bağlı çağırışlar edilib. Bizdə isə həkimlər hər kəsə antibiotik yazırlar. Əgər sırf allergik iltihabdan söhbət gedirsə, antibiotiklərin heç bir əhəmiyyəti olmur. Hətta bəzi antibiotiklər şok effekti yaratdığı üçün onu istifadə etməzdən əvvəl mütləq xəstənin bu dərmana qarşı həssaslığını yoxlamaq lazımdı: "Demək olar ki, allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər”.
Allergiyaya səbəb olan qidalara gəldikdə isə allerqoloq deyib ki, ən çox qırmızı giləmeyvələr immunoloji mexanizmlərlə olmasa da, tərkibindəki aktiv maddələr allergiya yaradır. Eyni zamanda turşu məhsulları, tərkibində sirkə olan məhsullar da allergiya yarada bilir. Süd məhsulları, balıq, kələm kimi qidalar isə daha çox uşaqlarda allergiya verir. Pomidor, qoz, fındıq da allergiyaya səbəb olan qida hesab olunur.
Allergiyanın müalicəsinin olub-olmadığına gəldikdə isə Aytəkin xanım bunun allergiyanın növlərinə görə dəyişdiyini deyib: "Allergik rinit, allergik laringit, bronxit kimi tənəffüs sistemi allergiyalarının müalicəsi mümkündür. Onlara bir müddət müəyyən qidalardan istifadə ilə bağlı məhdudiyyətlər qoyulur. Artıq immun sistemi güclənəndən sonra məhdudiyyətlər aradan götürülür və pasiyentlər əvvəlki həyat tərzinə qayıdır. Amma dəri allergiyası olan insanlar mütləq dieta saxlamalıdır. Hansı qidalar onda allergiya yaradırsa, həmin qidalara məhdudiyyətlər qoyulur”.
Şəymən