Maşın bazarı seyrəlib, gedib-gələn yoxdur
"Avtomobil bazarında alıcılıq qabiliyyəti aşağı düşüb”. Bu barədə "Şərq”ə "Avtosfer”.az saytının baş redaktoru Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, durğunluğa manatla dollar arasında böyük fərqin yaranması səbəb olub:
"Baxın, bazarlarda ikinci əl avtomobillər dollarla satılırdı. İndi nə dollara, nə də manata sata bilirlər. Gürcüstanın statistika idarəsi açıqlama verdi ki, Avro-4 standartı tətbiq olunduqdan sonra Azərbaycana gətirilən işlənmiş maşınların sayında 50 faizə qədər azalma müşahidə olundu. Bu çox böyük təsirdir. Artıq ölkədə 1995- 96 və 2000-ci ilin maşınlarını görə bilmirik. Onları gətirə bilmirlər. Çünki o ildən olan avtomaşınlar Avro-4 standartına uyğun gəlmir. 2001-ci ildən bu yana olan maşınlar gətirilir ki, bu da bazarda bahalaşma yaradır. Təsəvvür edin ki, 5 ay bundan əvvəl 8-10 və 12 min dollara 2000-ci ilin "Mercedes”ini ala bilən adam bu gün artıq onu əldə edə bilmir. Çünki bu, 15 min manata gəlib çıxır. Çox adam da oturub gözləyir ki, bəlkə nəysə dəyişdi. Hamı gözləyir. Bu səbəbdən insanlar maşın almağa meyl göstərmir”.
Müahibimizin fikrincə, məxsusi olaraq Badamdar qəsəbəsindəki maşın bazarında vəziyyət çox gərgindir: "Orada artıq əksər avtosalonlar fəaliyyətini dayandırıb. Satış olmadığına görə, heç yerpulu ödəyə bilmirlər. Arada dəllalıq edənlər dağılışıb, gediblər. Dollar qalxmamışdan qabaq maşın bazarına gedən yola girmək olmurdu. Tıxaca düşürdük. Bakı şəhər Yol Polis İdarəsinin yanından başlayan tıxac maşın bazaranın yanında qurtarırdı. İndi şənbə-bazar günü də getsən, sıxlıq olmur. Çünki gəlib-gedən yoxdur”.
E.Muradlı onu da diqqətə çatdırıb ki, hazırda nə maşın almağa, nə də dəyişməyə meyl var: "Hər kəs əlində olan maşınla kifayətlənir. Ucuz alıblar. Düşünürlər ki, indi satıb, bir az irəli düşəcək. Amma yenisini alanda yenə itirəcək. Ona görə də kimin əlində nə var, onla kifayətlənir. Almaq istəyənlər də hələ fikirləşirlər. Əvvəllər, "Avtosfer”.az saytına çoxsaylı suallar ünvanlayırdılar ki, maşın almaq istəyirik, hansı modeli məsləhət görürsünüz? İndi o sualı heç ayda bir dəfə də vermirlər”.
Ayyət Əhməd