Düşmən qana susayıb...

Mülki əhalinin atəşə tutulması ermənilərə baha başa gələcək
Azərbaycan Ordusuna güc yetirə bilməyən erməni vandalları acı məğlubiyyətlərinin "qisasını” almaq üçün təmas xəttinə yaxın kəndləri atəşə tutur, silahsız mülki vətəndaşları hədəf alırlar. Ermənilərin ağır artilleriya atəşi nəticəsində onlarla kənd sakini yaralanıb, iki nəfər isə dünyasını dəyişib. Həyatını itirən şəxslər Ağdam rayon, Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və 67 yaşlı Hüseynov Əli Museyib oğludur.
Top mərmiləri xeyli yaşayış və iaşə obyektlərinə də ciddi ziyan vurub. Artilleriya atəşi nəticəsində Ağdamda xeyli yaşayış evi dağılıb. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov bildirib ki, ümumilikdə rayon üzrə 30 yaşayış evi tamamilə yararsız hala düşüb, 50-dək evə isə qismən ziyan dəyib: "Təkcə Çəmənli kəndində 5 evə ciddi ziyan dəyib, bir mülki şəxs həyatını itirib, yeddi nəfər qəlpə yarası alıb. Fərdi yaşayış evləri ilə yanaşı qaz, işıq, su və rabitə xətlərinə də ciddi ziyan dəyib”. Çəmənli kənd sakini Zeynəb Şükürovanın həyətinə 2 top mərmisi düşüb. Mərmilər yaşayış evini tamamilə dağıdıb. Ev sahibinə məxsus 1 at ölüb, 1 iribuynuzlu heyvan yaralanıb, 30-dan çox toyuq-cücə tələf olub. Mahrızlı kənd sakini Bakir Qarayevin evinə də top mərmisi düşüb və evdə yanğın baş verib. Ev qısa müddətdə əşyaları ilə birlikdə kül olub. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər. Təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Tərtərdəki 58 evə də ziyan dəyib. Bu barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib. O deyib ki, ötən gecə rayon ərazisi erməni silahlı bölmələri tərəfindən atəşə tutulub. Nəticədə 2 məktəb binası, 1 mağaza, 1 pambıq qəbuledici məntəqəyə ciddi ziyan dəyib. İcra başçısı bildirib ki, atılan mərmilər rayon ərazisində 2 elektrik ötürücü yarımstansiyanı partladıb, nəticədə 20 kəndə elektrik enerjisinin verilişi dayandırılıb: "Hazırda həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün tədbirlər görülür. Mülki əhali arasında ölən və yaralanan yoxdur”. M.Məmmədov ermənilərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində aprelin 2-dən bugünədək rayonda 256 yaşayış evinə ziyan dəydiyini açıqlayıb. Tərtərlə yanaşı, Ağcabədi rayonundakı yaşayış evləri də dağıntıya məruz qalıb. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açıqlamasında bildirib ki, son günlər düşmənin zərbələri nəticəsində rayonda 25-ə yaxın evə ziyan dəyib: "Qaraxanlı kəndində bir yaşayış evi yanaraq tamamilə sıradan çıxıb. Əksər evlərin dam örtüyünə mərmilər düşüb, bir çox evin şüşələri qırılıb. Ölən və yaralanan yoxdur”. Ermənilərin cəbhəyə yaxın yaşayış məntəqələrini atəşə tutması nəticəsində təhsil müəssisələrinə də ciddi ziyan dəyib. Cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub. Azərbaycan XİN beynəlxalq ictimaiyyəti atəşkəsə məhəl qoymayan Ermənistanın təxribatçı əməllərini pisləməyə çağırıb.
Erməni hərbiçilərinin müharibə qayda-qanunlarına zidd hərəkət etməsi və silahsız insanlara atəş açması ilə bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, Ermənistan rəhbərliyi cəmiyyətin sürətlə anti-rus ovqatına köklənməsindən və Moskvanın İrəvandan əl üzməsindən ciddi əndişə duyur. Ona görə də cəbhə xəttində müxtəlif təxribatlar törədərək, sivil insanları vuraraq, Azərbaycanı müharibəyə sövq etməyə çalışır: "Məqsəd nədir? Rəsmi İrəvan elə hesab edir ki, əgər bu dəfə savaş başlasa, Rusiya erməniləri müdafiə etmək məcburiyyətində qalacaq. Ermənistandakı kriminal rejim çox narahatdır. Çünki onlar yaxşı dərk edirlər ki, proseslərin irəliyə doğru cərəyan etməsi təcavüzkar Ermənistanın maraqlarına uyğun gəlmir və Kremli ermənilərə dəstək verməkdən uzaqlaşdırır. Fikir verdinizsə, KTMT-nin rəhbəri Nikolay Bordyuja açıq şəkildə bəyan etdi ki, əgər tərəflər arasında müharibə başlayarsa, təşkilat onlara yardım etməyəcək. Çünki Dağlıq Qarabağ Ermənistan ərazisi deyil. Bu cür bəyanatlar düşməni qıcıqlandırır və onları daha da quduzlaşdırır. Əslində erməni vəhşiləri üçün silahsız, əliyalın insan, sivil vətəndaş anlayışı yoxdur. Kiminsə türk olmağı kifayətdir ki, ermənilər onlara düşmən kəsilsin. Onlar məqsədlərinə çatmaq üçün hər cür alçaqlığı özlərinə rəva bilirlər”. Deputat deyib ki, Ermənistana hazırda çox güclü beynəlxalq təzyiq var: "Erməni hökuməti ciddi şəkildə qınanır. Sarkisyan hakimiyyətinin ciddi laxlama təhlükəsi var. Əlbəttə, düşmən anlayır ki, mülki əhalinin atəşə tutulması onlara baha başa gələcək. Ancaq görünür, mənfur ermənilərin silahsız camaata güllə atmaqdan başqa çıxış yolu qalmayıb. Heç kim narahat olmasın, gec-tez düşmən öz cəzasını alacaq”.
AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov da bildirib ki, düşmən arxasında dayanan güclərə inanaraq hərbi təcavüzünü, təxribatlarını davam etdirir: "Aydın olur ki, düşmən tapdaqda olan torpaqlarımızı qaytarmaq niyyətində deyil. Biz bütün vasitələrdən istifadə edərək, o cümlədən siyasi, diplomatik yollarla işğala qarşı mübarizəmizi davam etdirməliyik. Sarkisyanın iki gün bundan qabaq danışıqlardan imtina etməsi təbii qarşılanmalıdır. Biz bunu gözləyirdik, çünki o, artıq işğalçı dövlətin başçısı kimi tanınır. Ermənistan dövləti təcavüzkar damğası alıb. Soyqırım edən dövlətin başçısı hansı sülh danışıqlarından söhbət edə bilər? Ona görə də o bundan qaçır”.
İsmayıl