Düşməni müharibə xofu bürüyüb

Zaman artıq Ermənistanın əleyhinə işləyir
Sergey Lavrovun da dediyi kimi, Ermənistan tərəfinin yaxın zamanlarda danışıqlar masasına oturacağı istisna deyil


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan kriminal hərbi-siyasi rejiminin Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə iddialarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır:

"Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi, "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirlinin sözlərinə görə, yayılan xəbərlər Ermənistan hökumətinin "əzələ nümayişi”ndən başqa bir şey deyil: "Ermənistan Prezidenti Serj Sarkisyanın 3 generalı işdən qovması bir daha təsdiqləyir ki, aprel ayının əvvəllərində gedən "4 günlük” döyüşlərdə erməni ordusu çox ciddi məğlubiyyətə düçar olub. Ali Baş Komandan İlham Əliyevin əməliyyatlarda xüsusi qəhrəmanlıq göstərən hərbiçilərin rütbəsini yüksəldib, generala qaldırır. Sarkisyan isə generallarını işdən qovur. Hesab edirəm ki, tək bu faktın özü Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunun sübutudur”. Millət vəkilinin sözlərinə görə, indiki vəziyyətdə Ermənistan cəmiyyətində müharibə xofu hökm sürür. O deyib ki, Ermənistan hökuməti 8 mayda Azərbaycan ordusunun hərbi əməliyyatlara başlayacağına dair gedən məlumatları yalanlamaq və ölkədəki xaosu sakitləşdirmək üçün guya ki, onların Azərbaycana qarşı qisas hücumuna hazırlaşması ilə bağlı təbliğat aparırlar: "Biz isə bunu çıxılmaz vəziyyətdə olan düşmənin manevri kimi xarakterizə edirik. Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən Ermənistan dinc əhalini hədəf alaraq vəziyyəti gərginləşdirib vaxt udmaq istəyir. Gah da hökumətin qondarma Dağlıq Qarabağ Respublikasını tanıyacağı ilə bağlı bəyanat yayıb, 2 saat sonra da mövqeyindən geri çəkilmək məcburiyyətində qaldı. Çünki rəsmi Moskva belə bir addımın atılmaması ilə bağlı İrəvana mesaj göndərdi. Ermənistan hökuməti də cəbhə xəttində vəziyyəti gərginləşdirməklə danışıqlar prosesinin növbəti dəfə təxirə salınmasına cəhd edirlər. Hansı ki, aprel ayındakı döyüşlərdəki məğlubiyyətindən sonra özünə gələ bilməyən ermənilər hələ də bundan sonrakı addımları ilə bağlı konkret mövqe bəlirləməyiblər. Gözəl bilirlər ki, bundan sonrakı danışıqlar prosesində əvvəlki davranış tərzi yaramayacaq. Ermənistanın müddətsiz danışıqlar mexanizmi işləmədiyi üçün təxribat xarakterli bəyanatlarla vaxt qazanmağa çalışırlar. Amma istənilən halda zaman Ermənistanın əleyhinə işləyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da dediyi kimi, Ermənistan tərəfinin yaxın zamanlarda danışıqlar masasına oturacağı istisna deyil. Eyni zamanda qondarma respublikanın tanınacağı ilə bağlı panikaya düşməyə də ehtiyac yoxdur”.

Şəymən