Məhbusa anasının, bacısının narkotik keçirmək cəhdi anormallıqdır
Narkotik alverinə qurşanmış adamlar var - kişi, qadın... Onlar üçün dünya bu alverin əhatəsində fırlanır. Həyat bundan ibarətdir; narkotik satıb qazanc əldə etmək
Cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısının alınmasına dair vaxtaşırı məlumatlar verilir. Qəribə burasıdır ki, narkotik maddələri məhkumlara valideynləri, yaxın qohumları ötürməyə cəhd edir.
İstər-istəməz sual yaranır ki, narkotik maddənin ölümcül vasitə olduğunu bilə-bilə ata-ana və ya yaxın qohum niyə onu məhkuma çatdırmaq istəyir, buna cəhd edir?! Normal halda valideyn, qardaş-bacı narkotikə qurşanmış ailə üzvünün sağalmasını, düz yola gəlməsini istəməlidir. Bəlkə bu yaxın qohumlar məhkumun ağrı-acısını azaltmaq üçün qanunsuzluğa əl atır?
Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Qurban Məmmədov normal insan düşüncəsi ilə yanaşdıqda valideynin məhkum övlada narkotik maddə daşımasının ağla sığmadığını təsdiqlədi:
- Düz sual edirsiniz. Normal insanda belə sualın yaranması təbiidir ki, axı niyə bacı məhbus qardaşına narkotik aparır, niyə ana alt paltarında narkotik maddə gizlədib məhkum oğluna ötürməyə cəhd edir?! Bu, normal insan düşüncəsidir. Amma yaddan çıxarmayaq ki, hazırda bir çox ailələr mənəvi dəyərlərə sahib deyillər, itiriblər o dəyərlərini. Narkotik alverinə qurşanmış adamlar var - kişi, qadın... Onlar üçün dünya bu alverin əhatəsində fırlanır. Həyat bundan ibarətdir; narkotik satıb qazanc əldə etmək. Belə iyrəncliklərin aradan qaldırılması üçün ilk növbədə onu yaradan səbəblər ortadan qalxmalıdır. Nə qədər ki, narkotik alveri üçün şərait var, alverçilər də olacaq, bu maddələri cəzaçəkmə müəssisələrinə ötürməyə cəhd edənlər də. Niyə yaranır bu psixologiyalı insanlar? Baxın televiziyalara, efirlərə. Hansısa çoxuşaqlı anadan danışıldığını, tərif edildiyini görmüsünüz? Küçədə insanlardan soruşun, görün, çoxuşaqlı ana, fədakar bir ana, uşaqlarını tərbiyəli, savadlı böyüdən, təhsil verən, cəmiyyətə yararlı insan yetişdirmiş bir ananın adını çəkə biləcəklər? Amma hansı müğənnini, hansı aktrisanı, aktyoru tanıyırsan, soruşsanız, adları biri-birinin ardınca düzərlər. Bir halda ki, teleaparıcı müğənnini, ya aktrisanı kamera qarşısında soyunmaqdan utanmadığına görə, "qəhrəman”, "cəsarətli qadın” adlandırır, o ölkədə mənəvi dəyərlərdən danışmağa dəyməz. Əlbəttə ki, mənəviyyatsızlıq artacaq, mənəviyyat isə dibə enəcək.
Q.Məmmədov narkotik maddələrlə bağlı qanunvericilikdə də boşluqlar olduğunu dedi:
- Cinayət Məcəlləsinin 234-cü maddəsinin 1-ci hissəsi həbsxanaların narkotik asılılığı olanlarla dolmasına imkan yaradır. 234-cü maddənin 1-ci hissəsi narkotik maddələrin normadan artıq daşınması, saxlanması ilə bağlıdır. Bu da məhkəmə sistemində rüşvətə şərait yaradır. Narkotik maddə ilə yaxalanan biri, tələb olunan məbləğdə rüşvət verdikdə, narkotik maddə "normada” göstərilir. Amma pul verə bilmədikdə, "normadan artıq” damğası vurub həbsə göndərirlər. Məhz bu 1-ci hissəyə görə, yüzlərlə insan həbsdə "yatır”.
Dünyada qəbul olunmuş qaydadır ki, narkotik asılılığı olanlar xəstə hesab edilir və onlar həbs olunmur, müalicəyə göndərilir. Narkotik maddə ilə tutulmuş şəxslərin qan nümunələri ekspertizaya göndərilməli, qanda narkotik maddənin miqdarı asılılıq yarada biləcək dərəcədədirsə, bu insan faktiki xəstə hesab edilməlidir. Digər tərəfdən, hansısa məhbusun narkotik maddə asılılığı müəyyən edilirsə, cəzaçəkmə müəssisəsində həmin şəxsə Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi miqdarda narkotik maddə verilməlidir. Qanun bunu deyir. Bilmirəm, bəlkə də cəzaçəkmə müəssisələrinə müəyyən miqdarda narkotik maddə ayrılır, məhbuslara vermək üçün. Onu hara sərf edirlər, kimlərə verirlər, deyə bilmərəm.
Narkotik asılılığı olanlar müalicə olunmaq əvəzinə, həbs edildikləri üçün sayları da artır, narkoticarətin dövriyyəsi də daralmır, genişlənir.
Məlahət Rzayeva