Məktəblərin önündə dəhşətli mənzərə yaranır
Bakıda tıxacların qarşısını almaq üçün xüsusi sistem hazırlanmalıdır
Paytaxtda yenə böyük tıxaclar yaranıb. Bəzi küçə və prospektlərdəki sıxlıq səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınıb. Bu hal həm ictimai nəqliyyatdan istifadə edən, həm də avtomobili olan əhalidə ciddi narazılıq yaradır.
Aydındır ki, yollardakı qarmaqarışıq vəziyyətin yaranmasının bir səbəbi də dərs ilinin başlamasıdır. İnsan axını intensiv olduğu üçün yollarda sıxlıq yaranmasını başa düşmək olar. Lakin bu tıxacların uzun müddət və davamlı olaraq hər gün təkrarlanması heç də xoşagələn deyil. Ya paytaxtın yol infrastrukturu düzgün qurulmayıb, ya da günü-gündən avtomobillərin say artımı yollarda xaos yaradır.
Bakı Nəqliyyat Agentliyi (BNA) yaranan tıxacla bağlı məlumat verib: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”.
Tıxacların yaranmasında müxtəlif səbəblər olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq”ə açıqlamasına görə, elə yollar var ki, onların buraxma qabiliyyəti nəqliyyatın intensivliyinə uyğun olaraq azdır. Ekspert bildirib ki, saatın pik vaxtlarında yollarda tıxac olmalıdır. Lakin saat 11-dən sonra məktəblərin qarşısında, xüsusilə valideynlər uşaqlarını məktəbə aparanda onlar 2-3 sıralı yolları tuturlar:
"Ona görə də tıxac əmələ gəlir. Tıxacların yaranmasında əsas səbəb yolların nəqliyyat vasitələri ilə tutulmasıdır. Çünki yolların hərəkət hissəsi daralır və dayanma qadağan olunan yerlərdə nəqliyyat vasitələri saxlanılır. Bununla bağlı araşdırma aparmaq lazımdır. Əsas odur ki, sürücülər dayanma qadağan olunan yerlərdə avtomobili saxlamasınlar. Xüsusilə şagirdlərin avtomobildən düşməsi üçün məktəbə yaxın yerdə xüsusi yerlər hazırlanmalıdır. Məsələn, bu yerlər dayanacağa yaxın ola bilər. Çünki hər valideyn övladını məktəbə aparmaq üçün 1 nəqliyyat vasitəsi istifadə edir. Həmin nəqliyyat vasitəsi də yolu tutduğu üçün tıxaclar əmələ gəlir”.
F.Eyyubov deyib ki, tıxacların yaranmasında əsas səbəblərdən biri də bəzi yollarda təmir işlərinin getməsidir:
"Bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi müəyyən tədbirlər görür. Amma ola bilər ki, həmin tədbirlər azdır və genişləndirmək lazımdır. Yollardakı problem elmi cəhətdən işlənilməlidir. Yəni, tıxac olan yerlərə uyğun olaraq alternativ yollar hazırlamaq lazımdır. Elə yollar var ki, orda yol istiqamətləri ola bilsin dəyişdirilə bilər. Bəzi yollar var ki, 2-3 yerdə eyni istiqamətdir. Həmin yollarda eyni istiqamət olduğu üçün ora giriş də çətin olur. Ona görə də paralel yollarda ikitərəfli istiqamət də nəzərdə tutulmalıdır ki, həmin çıxış olsun.
Bu, çətin məsələdir və kompleks şəkildə işləmək lazımdır. Bakının ümumi yol hərəkət sisteminin xəritəsinə geniş formada baxmaq lazımdır ki, hansı yollarda və hansı çıxış nöqtələrində tıxacların qarşısını almaq olar. Bir kvartalda tıxacların qarşısını almaq olmur. Bu işə geniş formada nəzarət olunmalıdır. Yollardakı qarışıq durumu aradan qaldırmaq üçün xüsusi sistem hazırlanmalıdır”.
Yeganə Bayramova