Düzgün mexanizm seçilməyib

Dərmanların qiymət endirimləri ilə bağlı problem yaşanacaq
Eyyub Hüseynov: “Dərman istehsalçıları dəfələrlə toplaşıb, məni də dəvət ediblər həmin tədbirə”


Dərman bazarındakı inhisarçılıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ciddi xəbərdarlığından sonra Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi prosesinə başlanılıb. Təsdiqlənən yeni qaydaya əsasən artıq bütün apteklərdə dərmanlar eyni qiymətə satılacaq. Ölkə başçısının tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Belə ki, ötən gün Tarif Şurasının iclasında daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Tarif Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında isə 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilmişdi.

Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Dərman bazarındakı real mənzərəni şərh edən şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dərman preparatlarının qiymətinin endirilməsi prosesinin hələ gələn ayın 15-dən həyata keçiriləcəyini vurğulayıb: "Hələ ki, biz apteklərdə qiymətlərin endirilməsinin şahidi oluruq. Tez-tez bizə zənglər gəlir ki, apteklərdə bəzi dərmanların qiymətlərində 2-3 manat artım var”.

Qiymət tənzimləməsinin bazara göstərə biləcəyi təsirdən danışan E.Hüseynov ilk növbədə uzun müddət bu sahədə ciddi problemlər olduğunu vurğulayıb: "Cənab Prezidentin dərman preparatlarının qiymətləri ilə bağlı əhəmiyyətli xəbərdarlığının icra mexanizmi bərbad vəziyyətdədir. Dərman istehsalçıları dəfələrlə toplaşıb, məni də dəvət ediblər həmin tədbirə. Hesab edirəm ki, qiymət endirimləri ilə bağlı çox ciddi problemlər yaşanacaq. Çünki düzgün mexanizm seçməyiblər. Bunun üçün bazar qaydalarından istifadə olunmalı idi. Təklifimiz belə idi ki, dərman bazarı tam liberallaşdırılsın, gömrükdə və ya digər sahələrdə yaradılan maneələr aradan qaldırılsın, rüsumlar aşağı salınsın. Hər bir dərman satıcısının dərman istehsalçısına çıxışı üçün şərait yaradılsın ki, bazarda bolluq olsun və rəqabət mühitində qiymətlər avtomatik olaraq aşağı salınsın”.

AİB sədri hesab edir ki, indiki tənzimləmə mexanizmi ilə qiymət endirimləri həyata keçirildikdən sonra çoxlu sayda aptek sahibləri sıradan çıxacaq və istehlakçıların apteklərə əlyetənliyində problemlər yaşanacaq: "Doğrudur, bir müddət qiymətlər aşağı olacaq, amma dərman bazarı bir neçə biznes qrupunun əlində cəmləşəcək. Əlbəttə, yeni qiymətlər istehlakçıların xeyrinədir, lakin bizim iki gözləntimiz var. Bunun biri bazara ucuz və keyfiyyətli dərmanın daxil olması, ikincisi isə dərman biznesinin hansısa insiharçı qurumların əlində birləşməsidir. Çünki bunların ekspertiza ilə qarşısını almaq çox mürəkkəb məsələdir. Ona görə bazarın tam reverallaşması, yəni istənilən dərman satıcısının dərmal istehsalçısına çıxması üçün bütün şərait yaradılmalıdır və ölkədə mükəmməl ekspertiza formalaşmalıdır. Baxmayaraq ki, cənab Prezident dəfələrlə Nazirlər Kabinetinin yığıncağında ölkədə insiharçılara qarşı mübarizəni önə çəkib, bunun qarşısının alınması məsələsini qaldırıb”.

E.Hüseynovun sözlərinə görə, bu sahədə yaranacaq ən ciddi problemlərdən biri də köhnədən yuxarı qiymətə alınıb, anbarlarda qalan dərmanların satılması məsələsidir. Bu bizneslə məşğul olan insanların həmin dərmanları sata və göndərən firma qarşısında öz öhdəliyini yerinə yetirə bilməmək problemi yaranacaq: "Bütün bu ehtimallar da göstərir ki, dərman bazarındakı inhisarçılığın və qiymət artımının Tarif Şurasının müəyyən etdiyi mexanizmlərlə aradan qaldırılması kifayət qədər mükəmməl deyil. Biz dəfələrlə Tarif Şurası və İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət eləmişik ki, dərmanların qiyməti ilə bağlı müzakirələrdə ictimai təşkilatlar, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin də iştirakı təmin edilsin. Amma bizim müraciətlərimizə müsbət yanaşılmadı və apteklərdə qiymət tənzimlənməsi kifayət qədər radikal üsullardan yararlandılar. Bunun isə müsbət effekt verəcəyini güman etmirəm”.

Şəymən