Çünki bu halda məsrəfləri daha az olur
Həmçinin, bunda maraqlı olan müəyyən dairələr var. Təbii ki, bu dairələrdən biri ilk növbədə işverən qurumlardır
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası vətəndaşı saxlanılıb.
DMX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub. M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən, M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, DMX-dən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib. Aşkar edilmiş faktlarla bağlı DMX-nin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə açıqlamasında bildirib ki, bəzən əcnəbi şəxslərin özləri qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olmağa maraqlıdırlar. Buna səbəb isə, onların qanunsuz fəaliyyəti zamanı daha az məsrəflərinin olmasıdır:
"Həqiqətən də DMX-də belə bir informasiya mövcuddur. Qanunvericilik əcnəbilərin əmək fəaliyyətinə cəlb olunmasını sistemli şəkildə müəyyənləşdirir. Əcnəbilər üçün iş verən qurum müvafiq qaydada dövlət qurumlarından icazə almalıdır. Ancaq icazə verildikdən sonra həmin əcnəbilər işə cəlb edilə bilərlər. Belə olduğu təqdirdə təbii ki, qanunvericiliyin müvafiq müddəaları ilə həmin şəxs inzibati məsuliyyətə cəlb olunur.
Bəli, təəssüflər olsun ki, zaman-zaman Azərbaycanda qeyri-qanuni əmək fəaliyyətinə cəlb olunma halları ilə bağlı informasiyalar eşidirik. Bu bir daha göstərir ki, bunda maraqlı olan müəyyən dairələr var. Təbii ki, bu dairələrdən biri ilk növbədə işverən qurumlardır. Onlar əcnəbilərə daha az məbləğlərin verilməsinə nail olurlar. Bu cür hallarda nəinki icazənin, həmçinin əmək müqaviləsinin olmaması halı da müşahidə olunur.
Bəzən əcnəbilər qanunsuz fəaliyyəti özləri istəyirlər. Çünki rəqabətə az dözümlü olurlar. Əlbəttə, bu kimi hallar yolverilməzdir. Belə qanunsuz fəaliyyət həmçinin insanların hüquqlarının pozulması deməkdir. Qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan insan istər-istəməz bir çox hüquqlardan məhrum olur. Ona qarşı hər hansı bir hüquq pozuntusu olarsa, onun hüquqlarını da müdafiə eləmək çətindir. Digər tərəfdən də qeyri-qanuni əmək fəaliyyətinin yolverilməz olma səbəblərindən biri təhlükəsizlik məsələlərinin olmasıdır. Kim zəmanət verə bilər ki, həmin şəxsə qarşı zorakılıq halları baş verməyəcək və əməyin istismarı halları olmayacaq?
Öncə həmin şəxs özü bunu dərk eləməlidir. Özbəkistan vətəndaşları və əvvəlki illərdəki digər ölkələrdən gələn miqrantlar var. Əməyin istismarı komitəsində insan alverinə qarşı mübarizə idarəsinin illik hesabatlarında bu faktlar öz əksini tapır. Qeyri-qanuni əmək fəaliyyətinin qarşısının alınması üçün bir sıra tədbirlər keçirilir, düşünürəm ki, bu tədbirlər bir az da gücləndirilməlidir ki, bu halların qarşısı alınsın”.
Yeganə Bayramova