Ədəbiyyatı məhv etməyin özü cinayətdir

Bəzi informasiyalar külə döndü, düşüncələr dəfn olunduKöhnə kitabları qorumaq üçün xüsusi dövlət kitabxanasının yaradılması yaxşı olardı
Hər bir kitabın mütləq bir araşdırmaçısı və oxuyucusu olacaq
Kitablar haqda danışarkən adətən ilk olaraq "kitab ən yaxşı dostdur, ən yaxşı həmsöhbətdir" fikirlərini söyləyirik. Lakin kitabların bundan başqa da əhəmiyyəti və dəyəri var. Onlar informasiya mənbəyi, fakt, tarixdir, eyni zamanda bir ölkə üçün mədəniyyət və elmin göstəricisidir. Kitabların məhvi bir xalqın, dövlətin keçmişinin, mədəniyyətinin, düşüncəsinin məhvi deməkdir.
Tarixdə kitabların kütləvi məhvinə çox rast gəlmək olar. Misal olaraq, İsgəndəriyyə, Bağdad, Əndəlus, Fransa kitabxanalarını və Berlində kütləvi kitab məhvini göstərmək olar. Bu kitabxanalarda 10 minlərlə kitab yandırılaraq məhv edilib. Tarixi faktlar, lazımlı məlumatlar yox olub. Nəticədə bu gün öz cavabını tapmayan yüzlərlə sual mövcuddur.
Eyni hadisələrdən danışarkən Azərbaycanda məhv edilən kitabları da qeyd etmək mütləqdir. Sovet dövründə keçirilən əlifba islahatları zamanı "əlifba dəyişdi, daha insanlara bu əlifbalarda çap olunan ədəbiyyatlar lazım deyil” və ya "daha insanlar köhnə əlifbada oxuya bilməyəcəklər” düşüncəsi ilə külli miqdarda kitablar, yazılı sənədlər məhv edildi. 
Eyni zamanda sovet rejimi dağıldıqdan sonra pedaqoji rus kitabları, Karl Henrix Marksın, Vladimir İliç Leninin əsərləri yandırılaraq məhv edildi. Hətta məlumata görə, mərhum akademik Ziya Bünyadov danışırdı ki, uşaq ikən nənəsi ona evin damındakı kitabları düşürüb buxarıda yandırmağı tapşırıbmış. Beləliklə, deyə bilərik ki, bəzi informasiyalar külə döndü, düşüncələr dəfn olundu.
Hazırkı dövrdə də kitablara diqqətsizlik, tarixə laqeydliklə yanaşılmanın şahidi oluruq. Sovet dövründə kiril əlifbası ilə nəşr olunan kitabları gənc nəsil nümayəndələrinin çoxu oxuya bilmir. Bütün bunların nəticəsi kimi zaman-zaman kiril əlifbasında olan kitabların ucuz qiymətə satılmasını, hətta onların zibilliklərə atılması, yandırılması halları ilə qarşılaşırıq. 
Bəzi kitab evləri pulsuz şəkildə köhnə kitabların paylanması üçün kampaniyalar elan edir. Belə kitablar sırasında kiril əlifbası ilə yanaşı, ərəb-fars əlifbası ilə nəşr olunan kitablar da görmək mümkündür. Kitablar latın əlifbasında nəşr olunduqdan sonra köhnə buraxılışların yığışdırılma halları da baş verir. İstər şəxsi kitabxanalarda, istər hansısa dövlət kitabxanasında olsun, heç bir kitabın itirilməsi, ləğv olunması yolverilməzdir. Müəllifinin kimliyindən, mövzu dairəsindən asılı olmayaraq bütün kitablar saxlanmalıdır. Çünki hər biri tarixdir.
Kitabxanalardan köhnə kitabların yığışdırılması ilə bağlı sualımıza cavab tapmaq üçün Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovla əlaqə saxladıq. O bildirdi ki, hansısa hadisələrlə əlaqədar aktuallığını, oxucusunu itirən və s. bu kimi kitablar yığışdırıla bilər. Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə bildirdi ki, kiril əlifbası ilə olan kitablar kitabxanalardan yığışdırılmır. Çünki bu kitablar da bizə lazımdır”.
İntiqam Hümbətov vurğulayıb ki, ədəbiyyatı məhv etməyin özü cinayətdir. Çünki kiril əlifbasını oxuyan vətəndaşlarımız var. 
Mümkün deyil ki, kiril qrafikasında olan kitablar kiminsə göstərişi ilə yığışdırılsın. Fiziki keyfiyyətini itirmiş kitablar olur ki, o artıq əldən-ələ keçir və onların vərəqləri oxunmaz hala gəlir. O kitablar qanuna uyğun olaraq, əgər başqa nüsxəsi varsa, o zaman silinir. Əgər yoxdursa, həmin kitab bərpa olunduqdan sonra silinir. Yəni qayda budur. Yoxsa, elə ucdantutma heç bir kitab silinmir. Bu gün bizim kitabxanaların 30 faizi latın, 70 faizi isə kiril qrafikasındadır”.
Naşir, tərcüməçi-yazar, "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mövzu ilə bağlı "Şərq”ə danışarkən bildirib ki, bütün dövrlərin kitabları saxlanılmalıdır. Kitablar yeni əlifbada nəşr olunmalı və köhnələrin yanında yer almalıdır: 
"Bu gün ərəb qrafikası ilə nəşr olunan bir dənə də kitab tapa bilmirik. 1938-ci ildə latın qrafikasına keçdiyimiz zaman, latın qrafikası ilə "Mədəniyyət və inqilab” jurnalı çıxırdı. Niyə məhz həmin jurnal indi yoxdur? Olmalı idi axı! Bütün ölkələrdə, istər Almaniya olsun, istər Böyük Britaniya olsun, bu cür ölkələr böyük kitabxanalar yaradırlar və bütün dövrləri əhatə edən kitabları yığırlar. Biz isə əlifbaya görə kitabxanaları boşaldırıq”.
Ş. Xuduoğlu qeyd edib ki, bizim çox da böyük kitab çeşidimiz yoxdur ki, köhnələri məhv edək. O da Azərbaycanın bir tarixidir. Pisdir, yaxşıdır, fərq etməz:
 "Nəşr işi, poliqrafiya baxımından da köhnə kitablar bir mədəniyyət nümunəsidir. Yeni rəssam ortaya çıxır deyə, köhnə rəssam unudulmalı və məhv olunmalıdırmı?! Yeni kitab yaranır deyə, köhnə kitab məhv olunmamalıdır. Azərbaycanın sərvəti kimi, mədəniyyətinin tərkib hissəsi kimi kitab erməni əlifbası ilə nəşr olunmuş olsa belə qorunmalıdır” .
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü də köhnə kitabların kitabxanalardan yığışdırılmasına inanmır: 
"Azərbaycan kitabxanalarında peşəkar kadrlar çalışırlar və onlar kitabın, qəzetin, jurnalın və s. sənədlərin əhəmiyyətini yaxşı dərk edirlər. AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) da belə bir fəaliyyət yoxdur. Biz bütün kitablara diqqətlə yanaşırıq, onları qoruyur və oxucuların tələbi əsasında istifadəyə veririk. 
Hansı dildə və hansı müəllif olmasından asılı olmayaraq kitabları dəyişmirik və ləğv etmirik. Biz köhnə kitabların elektron versiyasını - PDF formatını da bazamıza daxil edirik. MEK-də Nadir kitab fondu var ki, orada qədim və qiymətli sənədlər saxlanılır, qorunur və istifadəyə verilir. Bu fondun, o cümlədən MEK-də olan digər fondlarda saxlanılan qiymətli sənədlər hər zaman ictimaiyyətə təqdim olunub. Oxucuları bir daha bu sənədlərdən istifadəyə səsləyirik”.
Köhnə kitabları qorumaq üçün xüsusi dövlət kitabxanasının yaradılması yaxşı olardı. İstər fərdi, istərsə də dövlət kitabxanalarında olan və ucuz qiymətə satılması, yandırılması düşünülən kitablar həmin kitabxanaya verilsin. Beləliklə, bütün kitabların qorunması təmin edilə bilər. Çünki hər bir kitabın mütləq bir araşdırmaçısı və oxuyucusu olacaq.
Sevda Ulutau