Vüsal Məmmədov: “Dünya televiziyalarına baxanda görürük ki, xəbər aparıcıları əsasən yaşı 40-ı keçmiş yetkin insanlardır”
Efirlə zarafat olmaz
Tofiq Abbasov: “Aparıcılıq etmək istəyən şəxs efirə çıxmazdan öncə hazırlıq keçməlidir”
Vüsal Məmmədov: “Dünya televiziyalarına baxanda görürük ki, xəbər aparıcıları əsasən yaşı 40-ı keçmiş yetkin insanlardır”
Vüsal Məmmədov: “Dünya televiziyalarına baxanda görürük ki, xəbər aparıcıları əsasən yaşı 40-ı keçmiş yetkin insanlardır”
Elçin Əlibəyli: "Bəzi aparıcılarımız var ki, nə üçün efirə çıxdığını, nə istədiyini, sosial mesajının nə olduğunu bilmir”
(Əvvəli ötən sayımızda)
Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir və bu cür televiziyalar tamaşaçıların maraqlarını ifadə edə bilmir. İzləyicilərin dünyagörüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Teleməkanlar haqqında çoxsaylı qanunlar var. Amma televiziyaların fəaliyyətində həmin qanunların şərtlərinə məhəl qoyulmur.
Ümumiyyətlə, ölkədə televiziya yayımlarında hər kəsi narazı salan ciddi qüsurlar çoxdur. Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik çəkir. Tamaşaçı və cəmiyyət marağı çox bəsit formada təqdim olunur. Xəbər proqramları Azərbaycanda aşağı səviyyədədir. Diskussiya proqramlarına isə demək olar ki, az rast gəlinir. Debatlar, tok-şoular və dialoqlar təşkil olunmur. Telekanallarımızda səviyyəsiz, bayağı şou verilişləri dəbdədir. Bunların hamısı da gələcək nəslin formalaşmasına çox mənfi təsir göstərir. Elə bu səbəblərdən də yerli telekanallar öz baxımlılığını itirib. Ona görə də, hazırkı dönəmdə Azərbaycan tamaşaçısı Rusiya, Türkiyə və başqa ölkə kanallarının izləyicisinə çevriliblər. Bu vəziyyət də məhz televiziyalarımızın və eyni zamanda teleməkanların baxımlılığının artırılmasında üzərinə böyük yük düşən teleaparıcıların buraxdığı ciddi nöqsanlar ucbatından yaranıb.
Teleaparıcıların peşəkarlıq səviyyəsindən danışan tanınmış teleaparıcı Tofiq Abbasov "Şərq”ə söyləyib ki, Azərbaycanda teleaparıcıların fəaliyyəti onu qane etmir. Çünki onların hazırlıq səviyyəsi çox aşağıdır: "Efirlə zarafat olmaz. Aparıcılıq etmək istəyən şəxs efirə çıxmazdan öncə hazırlıq keçməlidir. Sovet dövründə televiziya və radioların nəzdində həmin hazırlıq işlərini aparan qurumlar vardı. Ustad dərsləri keçən mütəxəssislər olurdu. Bu yaxınlara qədər fəaliyyət göstərirdilər. Lakin son zamanlar tələm-tələsik bir metodologiya qüvvəyə minib. Zahiri görünüşü cəzbedici olan təcrübəsizləri efirə buraxırlar. Deyim ki, radiolarda da həmin problemlər mövcuddur. Təsəvvür edin, aparıcı sözü normal tələffüz edə bilmir. Dövlətlərin adını səhv deyir. Bəzən dəvət etdikləri qonaqların adını və sosial statusunu bilmir. Sözdə, cümlədə vurğunu düzgün qoymurlar. Aparıcıların peşəkarlığı, intellektual səviyyələri baxımından boşluqlar mövcuddur. Digər yandan aparıcılar üzərlərində işləmirlər. Gərək hər bir televiziya və radio kanalında müvafiq qurum olsun ki, həmin qurum peşəkar aparıcı hazırlasın və telekanalların da peşəkarlıq səviyyəsi artsın. Bu olmasa, aparıcıların yol verdiyi nöqsanların sayı durmadan artacaq”.
Müğənnilərin aparıcılıq etməsi məsələsinə gəlincə, T.Abbasov qeyd edib ki, bu təcrübə xarici ölkələrdə də mövcuddur. Amma gərək həmin müğənninin mədəni və intellektual səviyyəsi qənaətbəxş olsun. Bu təcrübə var. Telekanallar məşhur simaları dəvət edirlər. Amma müğənninin belə bir yüksək keyfiyyətləri yoxdursa, onu efirə buraxmaq olmaz. Bəzən telekanal rəhbəri tanınmış müğənniləri efirə çıxarmaqla yaxşı reklam cəlb edə bilirlər. Amma tanınmış sima olmaq, hələ peşəkar aparıcı demək deyil. Onun danışıq qabiliyyəti yoxdursa, aparıcılıq imkanları məhduddursa, elə adamları efirə buraxmaq yolverilməzdir. Qərb ölkələri və Rusiyada məşhur simaların böyük qismi televiziya verilişlərində və radioproqramlarda aparıcılıq edirlər. Və özlərini doğruldurlar. Çünki kitab oxuyublar, mütaliələri var, məlumat bazaları genişdir. Bizim müğənnilərdən fərqli olaraq onlar özlərini efirdə doğruldurlar. Ona görə də, telekanallarda aparıcı seçənlər bu məsələyə ciddi yanaşmalıdırlar. Efirdə zahiri görünüşün cəzbedici olması yaxşı haldır, amma bununla yanaşı, həmin aparıcının danışıq qabiliyyəti, məlumat bazası və fantaziyası da cəzbedici olmalıdır. Müğənninin danışığında qüsurlar varsa, müşahidə qabiliyyəti yoxdursa, onu efirə buraxmaq olmaz”.
Azvision. az saytının baş redaktoru, Lider TV-nin sabiq redaktoru Vüsal Məmmədovun sözlərinə görə, dünya televiziyalarına baxanda görürük ki, xəbər aparıcıları əsasən yaşı 40-ı keçmiş yetkin insanlardır: "Bu, düzgün yanaşmadır: ictimai-siyasi xəbərləri məhz yetkin insanlar çatdıranda etibarlı görünür. Nə özünü, nə həyatı, nə də baş verənlərin mahiyyətini dərk edən gənc oğlan və qızların ictimai-siyasi xəbərləri təqdim etməsini düzgün saymıram. Problemin birincisi budur. Əvvəlcə bu yanaşma dəyişməlidir. Əsl aparıcı yetkin, savadlı, dünyagörüşlü və xarizmatik olmalıdır. Bütün bu keyfiyyətlər formalaşana qədər isə yaş gəlib 40-ı ötür”.
Tanınmış teleaparıcı Elçin Əlibəyli söyləyib ki, Azərbaycan televiziyasının müstəqillikdən sonrakı mərhələsini dövrlərə bölməliyik: "Bir dövr var idi ki, həqiqətən də sözü olan insanlar televiziyaya çıxdılar. Onların sözü keçərli idi və həqiqətən də tamaşaçı ordusu toplamışdılar. Belə şəxsiyyətə çevrilmiş aparıcılar var idi. Televiziya canlı orqanizmdir, televiziya insan kimi bir şeydir, hər gün bir geyim geyinir. İnsan hər gün eyni geyimi geyinə bilməz axı. Mən demirəm tam dəbin dalınca qaçsın. Elə televiziya olmalıdır ki, o ancaq dəbin dalınca qaçmalıdır, elə televiziya da olmalıdır ki, onun klassik siması olsun. Bu təsnifat aparılmayana qədər aparıcıların özlərinin də nə üçün efirə çıxdığı bəlli olmur. Aparıcının sosial maskası deyilən bir anlayış var. Bu, elmi terminologiyadır. Hər bir aparıcıda bu olmalıdır. Gəlin baxaq görək, bizdə nə qədər aparıcının sosial maskası var. Bəzi aparıcılarımız var ki, nə üçün efirə çıxdığını, nə istədiyini, sosial mesajının nə olduğunu bilmir. Mənim haqqımda tənqidi fikirlər söyləyənlər deyirlər ki, Elçin Əlibəyli aqressivdir, qoymur qonaqları danışmağa. Yaxşı, amma digər - alternativ tok-şoularda kifayət qədər vaxt verirlər, həmin qonaqlar danışır. Bu da belədir, niyə hamı eyni olmalıdır. Bəli, mən imkan vermirdim qonaqlara danışmağa. Axı görürəm söhbətdən yayınır. Hər aparıcının özünün davranışı var, mən aqressiv aparıcı ola bilərəm, bu mənim sosial maskamdır. Başqa biri barışdırıcı ola bilər. Məhz bu çox çeşidlilik, rəngarənglik televiziya məkanını bəzəyə bilər. Necə ola bilər ki, İtaliyada aparıcı hətta Baş naziri birbaşa efirdən tənqid edə bilər və sərt danışa bilər. Amma Azərbaycanda aparıcı sərt danışmamalıdır. Qoy o da olsun, bu da. Mənim hörmət etdiyim aparıcılar var ki, onlar da tok-şou aparırlar, amma hərənin öz üslubu var. Burda təəccüblü nə var ki?! Məsələn, Mir Şahinin tok-şouları öz üslubundadır, kifayət qədər də aqressiya var. Mir Şahin Azərbaycan televiziya məkanında öz sözü, çəkisi olan insanlardan biridir və məktəb yaradan çox az insanlardan biridir. Onun tok-şouları kifayət qədər aqressiv olur, amma o aqressiyanın içində də bir barışdırıcılıq var. O, bu xətti çeçib. Anar Yusifoğlunun aparıcılıq naturası, yaratdığı sosial maska bir qədər fərqlidir. Bir az barışdırıcılıq mövqeyini tutur, amma sərtliyi də var”.
Bugünkü televiziya aparıcılarının durumu ilə bağlı məsələyə gəlincə, müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan teleməkanında yeni nəsil aparıcıların gəlişi bir qədər ləngiyir: "Və bu ləngimə prosesi də yeni simalar, yeni ixtiralar mənasında mənə elə gəlir ki, süstlük yaradır. Azərbaycan tamaşaçısı da bu süstlüyə görə televiziyadan uzaqlaşır. Bayaq bir söz dedim, Mir Şahin məktəb yarada bilib. Bir çox öndə olan, təcrübəsi olan aparıcıların məktəbi yoxdur. Bəlkə ona görə və bunun olması üçün də televiziya akademiyası olmalı idi, master-klaslar olmalı idi. Niyə Poznerin tələbələri olmalıdır, amma bizdə isə aparıcıların yox. Məsələn, Murad Dadaşov gözəl şoumendir, bunu heç kəs inkar edə bilməz. Niyə onun məktəbi olmasın və ya sinfi olmasın, üç-dörd nəfər istedadlı gənci seçib yetişdirməsin? Mənə elə gəlir ki, televiziya akademiyasının olmaması varislik prinsipini pozur. Bu əsas deyil, amma səbəblərdən biridir”.
(Davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb