Əflatun Amaşovun təklifini ciddi qəbul etmək lazımdır

“Problemin kökü ölkəmizdə dərman bazarının bərbad durumda olmasından qaynaqlanır”



Millət vəkili Əflatun Amaşov parlamentin ötən iclasında Azərbaycanda qanuni satışda olan dərmanların Gürcüstanda qadağan olunmasından danışıb. Bu halın Azərbaycandan Gürcüstana gedənlər üçün problemlər yaratdığını vurğulayan millət vəkili bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbət apardığını deyib.

Onun sözlərinə görə, vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir: "Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir”.

Vətəndaşların saatlarla Gürcüstanın polis idarələrində qaldığını və külli miqdarda cərimə olunduğunu vurğulayan millət vəkili hətta bəzən həbs təhlükəsi də yarandığına diqqət çəkib: "Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır”.

Bu kimi problemlərlə azərbaycanlıların tez-tez üzləşdiyini deyən tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, problemin kökü ölkəmizdə dərman bazarının bərbad durumda olmasından qaynaqlanır.

Dərman təhlükəsizliyinin kifayət qədər ciddi məsələ olduğunu vurğulayan tibb eksperti hesab edir ki, bu, birbaşa genefondumuzla bağlı olduğu üçün kifayət qədər diqqətli olmalıyıq.

A.Qeybullanın qənaətincə, Gürcüstan tərəfindən üzərində piralgin aşkarlanan şəxsi saxlamasını da son dərəcə ciddiyə almalıyıq. Bu o qədər də sıradan bir məsələ deyil. Dünyanın hər yerində belə faktlara xüsusi diqqət ayrılır: "Demək olar ki, əksər ölkələrdə dərman vasitələri ancaq həkim reseptləri ilə satılır. Ağrıkəsicilər və parasitamoldan başqa. Avropa ölkələrində bu dərmanlar hətta marketlərdə satılır. Aptek şəbəkəsinə daxil olan dərmanlar isə ancaq həkim resepti ilə satışa buraxılır. Biz də eyni sistemə keçməliyik. Təkcə paralgin deyil problem yaradan. Müxtəlif adda dərmanlar var ki, onlar ancaq həkim resepti ilə satılmalıdır, amma bizdə təyinatsız satılır. Əgər həmin soydaşımız saxlanılan vaxt Gürcüstan polisinə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş həkim resepti təqdim etsəydi, heç bir problem yaşamazdı. Onu da deyim ki, sözügedən dərmanı qeyri-leqal olaraq qonşu ölkəyə keçirmək fonunda bu cür ciddi müqavimətlə qarşılanması da təbiidir. Bu cür problemlərlə üzləşməmək üçün dərman bazarını vaxt itirmədən qaydaya salmalıyıq. Həkim resepti olmadan konkret kateqoriyalı dərmanların satışı qadağan olunsa, məqsədəuyğun olar. Bizdə vəziyyət elədir ki, istənilən şəxs istənilən dərmanı təyinatsız ala bilir. Bu isə birmənalı olaraq yolverilməzdir”.

A.Qeybullanın dediyinə görə, dərman preparatlarının tərkibi ilə bağlı ümumi rəydə göstərilib ki, tərkibində psixotrop, narkotik, o cümlədən sinir sisteminə bu və ya digər formada təsir edən maddələr olan dərmanlar ancaq həkim nəzarəti altında təyin edilə bilər.

Şəymən