“Əgər restoranda qızlara belə qadağa qoyulursa..."



"Dünyada elə restoranlar var ki, ora ancaq qalstukla daxil olmaq olar”.
Bunu Sherg.az-a Novxanıda yerləşən "Amore” restoranının müştərilərə şortik geyinməyi qadağan etməsinə münasibət bildirərkən Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib. O bildirib ki, belə hadisələrə çox pis baxmaq lazım deyil:

"Əgər restoranda qızlara belə qadağa qoyulursa, bu zaman etiraz etmək olar. Restoran ictimai yerdir. Həmin obyektin müştəriləri əksəriyyəti necə geyinirsə, təbii ki, restoran tələb edir ki, hamı o şəkildə geyinsin. Hətta bəzi dəvətnamələrdə yazırlar ki, restorana kişilər smokinqdə, qadınlar ziyafət geyimlərində gəlməlidir. Tutaq ki, həmin restorana dindar insanlar gəlir. Bir nəfər şortikdə gəlirsə, bütün müştərilər oradan qaçacaq”.

Ekspertlərin restoranı boykot etmək məsləhətinə gəldikdə isə, T.Əmiraslanov bunu düzgün addım hesab etmir. O deyib ki, bunu tələb edən ekspertlər subyektiv şəkildə düşünür:

"Demokratiya gözəldir, lakin o anarxiyaya yuvarlanmalıdır. Belə olarsa, demokratiya məhv olur. Bu hər sahədə özünü göstərir. Yenə deyirəm, Avropada xüsusi restoranlar var, müəyyən qrup insanları əhatə edir. Demokratik restoranlar da var ki, insanlar özləri yeməyini götürür, geyim tərzlərinə də qarışılmır. Hər restoranın özünün fəlsəfəsi var.
 Bəzən olur ki, müştərilər israrla restoranların menyusunda olmayan qidaları istəyirlər. Məsələn, Mcdonals restoran şəbəkəsində pizza sifariş edə bilərsinizmi? Bu da bir növ restoranın fəlsəfəsidir. Onda gərək bütün müştərilər etiraz etsin ki, bu demokratiya deyil. Həmin restoran şəxsin əmlakıdır və onun fəlsəfəsini, düşüncə tərzini sahibkar özü müəyyənləşdirir”.

Qeyd edək ki, sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.

Aysel Aslan