Türkiyədən ölkəmizə xəstəlik törədən tərəvəzlər gətirilir
Hazırda Türkiyə ölkəmizə saxta mal və məhsul göndərən ölkələr siyahısında ilk yerlərdədir
Türkiyədən ölkəmizə gətirilən bəzi tərəvəz məhsullarında xəstəlik aşkarlanması haqda xəbərlər yayılıb. Qeyd edək ki, bir müddət öncə Türkiyədən ölkəmizə gətirilən lobyanın yararsız olduğu aşkarlanmışdı.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Türkiyədən gətirilmiş 750 kiloqram ərzaqlıq lobyadan götürülən nümunələrdə xəstəlik aşkarlandığına dair məlumat yaydı. Xəbərdə deyilirdi ki, məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobya bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib. Bu xəstəlik bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmdir.
Bundan əvvəl isə İrandan gətirilən kartoflarda, eləcə də bananda, çiyələkdə xəstəlik aşkarlanması ilə bağlı məlumatlar verilmişdi.
Srağagün isə ANS TV-nin Xəbərlər proqramının 18:00 buraxılışında Türkiyədən ölkəyə gətirilən bəzi tərəvəzlərdə xəstəlik aşkarlanmasına dair anons verilsə də, xəbərin özü efirə verilmədi. Bu isə əhalidə çaşqınlıq və narahatlıq yaranmasına səbəb olub. Küçədə-bazarda camaat "nə bilək, hansı tərəvəzdir, pomidordur, xiyardır, badımcandır... Alıb evə aparırıq, bilmirik, bəlkə doğrudan da xəstəlik var, ziyanlıdır? Neyləyək?” deyə narahatlıqlarını bildirirlər.
Dünən məsələ ilə bağlı KTN Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hazırda satışa çıxarılan tərəvəz və giləmeyvələrdə müxtəlif xəstəliklərin olmasını istisna etmir:
- Bunu nəyə görə deyirəm, çünki mən 1990-cı illərdə bizneslə məşğul olmağa başlamışdım, müəyyən məhsulların Türkiyədən ixracını həyata keçirmək istəyirdim. Mənə dedilər ki, sən bircə bizə məhsulu nişan ver, de, hansı məhsuldan nə qədər istəyirsən, gerisi ilə işin yoxdu. Hansı qiymətə deyirsən, ona uyğun gətirəcəyik. O zaman artıq mən başa düşdüm ki, deməli, Türkiyədən ölkəmizə saxta mallar çox rahatlıqla gətirilir. Elə bunları görüb biznesdən əl çəkdim və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olmağa başladım. Həqiqətən də hazırda Türkiyə ölkəmizə saxta mal və məhsul göndərən ölkələr siyahısında ilk yerlərdədir. Türkiyədən ölkəmizə saxta sertifikatla genetik modifikasiya olunmuş toxumlar gətirilir. Bunu edən də "Monsart” şirkətidir. Baxmayaraq ki, cənab Prezident GMO məhsulların ölkəmizə idxalını qadağan edib, yenə də bəzi işbazlar, fırıldaqçılar bu məhsulların Azərbaycana gətirilməsi və satışının təşkilinə nail olurlar. Bu saat ölkədə 800-ə qədər mal və xidmət sertifikatsızdır. Azərbaycanda sertifikatlaşdırma bərbad vəziyyətdədir. Siz hansısa mağazadan, marketdən müəyyən məhsula dair sertifikat tələb də edə bilərsiniz. Amma o sertifikatın saxta olub-olmadığını bilməyəcəksiniz. Çünki bu məsələdə qanun pozuntuları var. Deyək ki, bir ton məhsuldan 1 kiloqramını yoxlamaya verirlər, aidiyyətli qurumlar həmin məhsulun keyfiyyətini yoxlayır, görürlər ki, ziyansızdır, təmizdir, sertifikat təqdim edirlər, satışına icazə verirlər. Amma satışa çıxarılanda 1 ton məhsulun içində keyfiyyətsiz hissəni də satırlar. Bizdə sertifikatlaşdırma işi düzgün qurulmayıb deyə, məhsulun keyfiyyətinə zəmanət də yoxdur.
Belə olan halda yaxşını pisdən necə ayırd edək?
E.Hüseynov bildirdi ki, alıcılar məhsul seçərkən saxlanma şəraitinə, köhnə-təzəliyinə diqqət etsinlər:
- Lobyanı, yaxud pomidor, xiyarı alarkən köhnəsi, təzəsi bilinir. Baxmaq lazımdır ki, zədəli, kiflənmiş olmasın. Ən əsası isə hər meyvə-tərəvəzi öz mövsümündə almaq və yemək vacibdir. Bu saat satışa çiyələk çıxarılıb. Görürsən ki, heç tam yetişməyib. Baha satılsın deyə, tam yetişməmiş məhsulu bazara çıxarırlar. Çiyələyin mövsümü may ayının sonları iyun ayının əvvəlləridir. Amma biz bazarlarda may ayı daxil olan kimi çiyələk satışa çıxarılır. Bu çiyələk harda yetişdi ki, may ayında "hazır vəziyyətə” gəldi? Deməli, bu giləmeyvənin yetişdirilməsində dərman preparatlarından, nitritlərdən istifadə olunub. Yetişdirmə süni şəkildə sürətləndirilib. İnsanlarımız da çiyələk görən kimi nəfsini saxlaya bilmir, tərkibindəki stimulayatorlardan dolayı əslində heç bir fayda daşımayan bu məhsulu baha qiymətə alırlar.
Məlahət Rzayeva