“Dəyişiklik yalnız sənaye obyektləri və sahibkarlara yönəlib”
“Bundan sonra sənaye obyekti və ya sahibkar, iş adamları Tarif Şurasının təyin etdiyi qiyməti ödədikdən sonra onlara qazpaylayıcı şəbəkəyə qoşulmağa icazə veriləcək”
İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ - qiymət Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və "Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurası tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirəcəklər.
Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır.
"Qaz təchizatı haqqında” qanuna edilmiş dəyişiklik əhali arasında müzakirə predmetinə çevrilib. Əhali qaz xəttinə qoşulmaya görə ödəniş ediləcəyindən və qiymət dəyişikliyindən narahatdır.
Uzun illər "Azəriqaz” İstehsalat Birliyində məsul vəzifədə çalışmış Nüsrət Qasımov isə "Şərq”ə açıqlamasında əhalinin narahatlığına heç bir əsas olmadığını dedi:
- Bu dəyişiklik əhaliyə aid deyil. Yalnız sənaye obyektləri və sahibkarlara yönəlib. Məsələ burasındadır ki, buna qədər sənaye obyektləri, sahibkarlar qazpaylayıcı şəbəkəyə pulsuz - ödənişsiz qoşulurdu. Lakin qanuna dəyişiklik artıq sənaye obyektlərinin, sahibkarların üzərinə öhdəlik qoyur. Tarif Şurası işin həcminə görə qiymət müəyyən edəcək, sənaye obyekti və ya sahibkar, iş adamları Tarif Şurasının təyin etdiyi qiyməti ödədikdən sonra onlara qazpaylayıcı şəbəkəyə qoşulmağa icazə veriləcək. Dəyişikliyin müsbət tərəfi odur ki, işin icrası artıq təsadüfi adamlar tərəfindən deyil, mütəxəssislər tərəfindən icra ediləcək. Qazpaylayıcı şəbəkəyə qoşulmaq asan məsələ deyil. Burada hər bir detal nəzərə alınmalı, təhlükəsizlik tədbirlərinə ən ciddi səviyyədə əməl edilməlidir. Qazpaylayıcı şəbəkəyə qoşulmaq üçün əvvəlcə təsisatçıya müraciət etməli olacaqlar. Yəni, hər şey qanuni əsaslarla icra olunacaq.
Məlahət