Millət vəkili Vahid Əhmədov parlamentin ötənlərdə keçirilən iclasında Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddətinin artırılmalı olduğunu bildirib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək:
"Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu. Müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, müraciət edilsin, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır.Deputat vurğulayıb ki, müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər: "Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.
Məsələyə aydınlıq gətirən bank sahəsi üzrə ekspert Əkram Həsənov "Sherg.az” millət vəkilinin iddialarında haqlı olduğunu vurğulayıb: "
"Bir ay əvvəl bu məsələni birinci dəfə mən qaldırmışam. Mart ayının 4-də həmin qanun qüvvədən düşəcək və buna görə də bu ilin sonuna qədər belə qərar qəbul edilməsə, banklarımız çətin vəziyyətə düşə bilər. Bu məsələnin digər alternativ yolu bağlanmalı olan bankların hamısının bağlanmasıdır. Hesab edirəm ki, bu barədə dərindən düşünmək lazımdır. Hökümət bu qanunun vaxtını uzatsa, bank sisteminin sağlamlaşdırılması üçün yaxşı olar. Əks təqdirdə isə banklarda vəziyyət daha da ağırlaşa bilər. Əhalinin banklara etimadı qalmaz. Vahid müəllimin fikirləri doğrudur və mən onu bu məsələdə dəstəkləyirəm”.
"Azərbaycanda kredit bankı”nın ləğvinin bu ilin sonuna qədər yekunlaşması qərarına toxunan Ə.Həsənov bəyan edib ki, kredit banklarının bağlanması ilin sonuna kimi yekunlaşmalıdır:
Yəni sağlamlaşdırılması mümkün olan banklar güclənəcək, pis vəziyyətdə olan banklar isə bağlanacaq. Bu sahədə bütün proseslər həyata keçməsə, yenə banklara ehtimad aza bilər. Amma ilin sonuna çox az qalıb. Maraqlıdır, qalan bu üç ay ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası bu işi görə biləcəkmi?”
Kənan Eynuroğlu