Elat bayramı siyasi mahiyyət daşımır

“Gürcüstan hökuməti Borçalı türklərinin mədəniyyətinin nümayişindən qorxmamalıdır”



Xəbər verdiyimiz kimi, Borçalı türklərinin Elat bayramının keçirilməsinə bu ilin iyulun 26-da Gürcüstanın Dmanisi rayonunda ciddi əngəl törədilib. Bu barədə "Borçalı” İctimai Birliyindən məlumat verilib. Məlumata görə, 15 və 25 iyul tarixlərində bayramın təşkilinə dair Kvemo-Kartli qubernatoru Paata Xizanişvili ilə razılıq əldə olunsa da, razılaşma bayram günü Dmanisi rayon rəhbərliyi tərəfindən pozulub.

Bayramın reallaşmasına yaradılan süni əngəllərin səbəblərini öyrənmək məqsədilə adıçəkilən birliyin sədri və Elatın təşəbbüskarı Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. Təşkilat sədri "Şərq”ə açıqlamasında qeyd etdi ki, Gürcüstan və Azərbaycan biri-birlərini müstəqil müttəfiq hesab edirlər. Onun sözlərinə görə, Gürcüstan Borçalı türklərinin mədəniyyətinin nümayişindən qorxmamalıdır: "Elat bayramı insanları bir araya gətirən, sevindirən, doğmalaşdıran, enerji verən bir tədbirdi. Xüsusilə bu bayram öz sərhədlərini aşaraq Borçalı, Güney Azərbaycan, Azərbaycan, Türkiyə, Avropa türklüyünə, Orta Asiya türklüyünə qədər nüfuz edə bilib. Dünyaya səpələnmiş borçalılar özlərini Elat bayramında tapdılar. Ola bilər, bu səbəbdən narahatlıq olsun. Hər halda Elat bayramı siyasi mahiyyət daşımır. Gürcüstanı təhdid edən niyyət, əməl, şüar sahibi deyil. Biz Gürcüstanın dövlətçiliyi çərçivəsində vətəndaş hüquqlarından kənara çıxmırıq. Gürcüstan separatçılıqdan əziyyət çəkir və biz də separatçılığın əleyhinəyik. Hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmişik. Gürcüstanın dövlətçilik ənənələrini, tarixini, gürcü xalqının mədəniyyətini imkanlarımız çərçivəsində digər ərazilərdə tanıdırıq. Bunlar təmənnasız, bir mənəvi görəv olaraq üzərimizə düşən vəzifələrdir. Və biz də öz missiyamızı yerinə yetiririk. Amma görünür, fərqli düşünənlər də var. Bu bölgənin gələcəyi üçün, xüsusən də ermənilərin, PKK-nın, İranın, Rusiyanın hər birinin ayrı-ayrı maraqları var. Kimlərinsə burada maraqları toqquşa bilər, biz isə mütləq şəkildə Gürcüstanın yanındayıq”.

Gürcüstan, Azərbaycan və Türkiyə strateji tərəfdaşlığına ictimai dəstək platformu olduqlarını söyləyən təşkilat sədri vurğulayıb ki, Tiflis bizim mədəniyyətə, soydaşlarımıza qucaq açmalıdır: "Borçalı türklərinin körpü rolunu etiraf etməli, körpünün üzəri ilə Azərbaycana rahat gəlib-getməli, bütün türk dünyasına rahat nüfuz etməlidir. Gürcüstanın daxili vəziyyətinin düzəlməsi üçün iqtisadi əməkdaşlıqların yüksək səviyyədə olmasına çalışmalıdırlar. Amma onlarda yanlış bir rəy formalaşıb. Guya ki, türklər mədəniyyət və təslimetmə siyasəti yeridirlər. Çox axmaq və əsassız bir yanaşmadır. Mədəni təslimetmənin arxasında dövlət durur. Amma biz sadəcə öz mədəniyyətimizi nümayiş etdiririk. Gürcü mədəniyyəti nə qədər uludursa, bizim mədəniyyətimiz də ən az onu qədər uludur. Dövlətçilik tarixləri nə qədər zəngindirsə, bizimki də bir o qədər zəngindir. Demokratik dövlət olaraq, Gürcüstan bizim mədəniyyətimizin təbliğinə, tədbirlərimizin genişlənməsinə şərait yaratmalıdır. Əks halda, siyasi möhtəkirlik olur. Başqa qüvvələr meydana gəlir. Onlar yanlışlığa yol verdilər və bu yanlışlıq düzəlmədi. Gürcüstanın rəsmi orqanlarından humanist rəhbərliyinin tutduğu destruktiv mövqeyə cavab istəyirik. Onlar məsuliyyətə cəlb olunmalıdırlar. Bizim ənənəvi 8-ci Elat mədəniyyətinin keçirilməsi üçün şərait yaratmalıdırlar. Azərbaycan Xarici İşlər Nazirliyidə bu məsələyə biganə qalmamalıdır. Hər halda həmin tədbirdə Gürcüstanın Azərbaycandakı səfirliyinin, Türkiyə səfirliyinin və TİKA nümayəndələri də olub. Onlar öz gördükləri barəsində rəy verməli və müvafiq qurumların bu məsələ ilə tanış olmasına nail olmalıdır”.

Nihad Kərimli