"İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri kimi özünü təqdim edən Elşad Nəcməddin oğlu Həmidov və onun mətbuat katibi Telman Yaşar oğlu Mirzəyev saxtakarlıqla məşğuldurlar”.
Bu barədə "Sherg.az”a qurumun aparat rəhbəri və təsisçisi Deystani Pərviz İsa oğlu məlumat verib. O bildirib ki, sözügedən komitənin rəsmi sədri o olsa da, Elşad Həmidov adlı şəxs özünü sədr kimi təqdim edir:

"Elşad Həmidov qurumun keçmiş sədri Elçin Behbudovun zamanında onun sürücüsü vəzifəsində çalışıb. E. Behbudov rəhmətə gedəndən sonra isə özünü İQAK-ın sədri elan edən bu şəxs mətbuatda da belə təqdim olunub. E. Həmidov və T. Mirzəyev metronun Memar Əcəmi stansiyası yaxınlığında Cavadxan küçəsi 17 ünvanında yerləşən "Xəzər Dizayn” firmasında İQAK-a məxsus möhürü skan etdirərək komitə üzvlərinə saxta vəsiqələr paylayıblar. Dəfələrlə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşları tərəfindən xəbərdarlıq edilsə də, E.Həmidov özünüreklam xarakterli videoçarxlar hazırlayıb, internet portallarında, televiziyada yayımlanmasına nail olub. Bu saxta sədrin komitənin adından istifadə edərək həyata keçirdiyi tədbirlər, bəyanatlar mütəmadi olaraq mediada nümayiş olunur. Biz artıq bununla bağlı müxtəlif rəsmi orqanlara şikayət ünvanlamışıq”.
P.Deystani onu da əlavə edib ki, E.Həmidov komitənin sədri kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib:
"Bu şəxsin sədrliyi təsdiq edilmədən belə saxtakarlıqlarla məşğul olması yolverilməzdir. Ümid edirik ki, rəsmi orqanlar tərəfindən E.Həmidovun saxtakarlıqları ilə bağlı tədbir görüləcək”.
Aysel Aslan