"Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

"Uğruna yaşadığım şeylər ayaqlarım, əllərim, bədənim deyil..."
Fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsi və onların fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru irəliləmələri Azərbaycan hökumətinin qarşıya qoyduğu prioritet sahələrdən biridir. Heç kimə sirr deyil ki, fiziki məhdudiyyəti olan şəxslərə dövlətin diqqət və qayğısının artırılması üçün zəngin hüquqi baza da formalaşdırılıb. Bu hüquqi bazanın yaradılmasında əsas məqsəd fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunmasında onlara yardımçı olmaq və insanların bu məsələyə diqqətini çəkməkdir. Bundan başqa, hüquqi bazanın başlıca qayəsi fiziki məhdudiyyətlilərin məşğulluğunu və işə düzəldilməsini təmin etmək, onların təhsil alması və peşə hazırlığı keçməsi üçün şərait yaratmaq, mənzil-məişət və sosial şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik nümayiş etdirmələri müxtəlif tədbirlər və layihələrdə iştirakı, sosial aktivliyi qanun layihəsinin istiqamətləri sırasına daxildir. Onu da qeyd etmək yerinə düşər ki, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hüquqi bazanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Və bu proses bu gün də ulu öndər siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısı İ.Əliyevin, eyni zamanda Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla xanım Əliyevanın fiziki məhdudiyyətlilərə məxsusi nəvazişi, onlarla mütəmadi görüşləri əlillərin həyata baxışını dəyişdi. Onların həyat eşqini, yaşama şövqünü alovlandırdı. 
Məhdudiyyətliləri pessimist düşüncədən ayıraraq optimist notlara köklədi. Və bütün bunların nəticəsində fiziki məhdudiyyətlilərin cəmiyyətə inteqrasiyasına işıqlı bir yol açıldı. Məhz məlum görüşlər və qayğıdan sonra artıq bu kateqoriyadan olan insanların özləri bədbin düşüncəni kənara qoyaraq sosiallaşmağa meyl göstərdilər. Və ortada bunun çoxsaylı müsbət nümunələri mövcuddur. Həmin örnəklərdən biri də uzun müddətdir əlil arabasına məhkum olan, lakin ictimai aktivliyi ilə fərqlənən Mətanət Qüdsidir. M.Qüdsini daha yaxından tanımaq üçün onunla əlaqə saxlayıb görüşdük.
- Mətanət, öncə özün barədə oxucularımıza məlumat verərdin.
1997-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində dünyaya göz açmışam. 7-ci sinifə qədər həmin kənd Tofiq Cəfərov adına tam orta məktəbində təhsil almışam. 8-ci sinifdən səhhətimdə yaranan ciddi problemlə bağlı əlil arabasına məhkum oldum və buna görə də ev təhsili aldım. 2015-ci ildə Gəncə Dövlət Regional Kollecin Təsviri incəsənət müəllimliyinə daxil oldum. Eyni zamanda Bakı Slavyan Universiteti nəzdində olan Yaradıcılıq fakültəsinə qəbul olundum. Kolleci bu il başa vurdum.
- Səhhətinizdəki problem nə ilə bağlıdır ?
- 7-ci sinifə qədər yerimə bacarığım vardı. Uşaqlıqdan olan problemdən dolayı səhhətim get-gedə daha da ağırlaşırdı. Və günlərin birində artıq yerimə bacarığımı itirdim. Əvvəllər çox gəzəndə yoruldum, sonra addım atmaq çətinləşdi. Daha sonra bərk soyuqladım. 1 aydan çox yataqdan qalxmadım. Bu müddət ərzində xəstəlik məni daha da üstələdi. Sağalıb yenə məktəbə hazırlaşmaq istəyirdim. Bir də baxdım ki, çox çətinliklə ayağa qalxıram və addımlarım həminki addımlar deyil.
- Suallarımın sizi incitməsindən ehtiyatlanıram. Bilmirəm necə sual verim ki, sizi incitməsin...
- Məni incitmək bir az çətindir, o mərhələləri keçmişəm. Narahat olmayın, suallarınızı verin.
- İndi əlil arabasındamı gəzirsiniz?
- Bəli, hazırda əlil arabasında elə oturmuşam ki, özüm belə qalxmaq istəmirəm. Qalxmaq tibbi baxımından düşünürəm mümkün deyil, amma insan istərsə, bacarar. Yəni onu istəmək üçün bir çox şeyləri uzun müddət kənara qoymalısan. Mən isə ruhən bunu bacarmaram, çünki uğruna yaşadığım şeylər ayaqlarım, əllərim, bədənim deyil...
- Bəs nədir ?
- Düşüncələrimi yaşantıya çevirməkdir. Özüm yaşayarkən insanları və insanlığı bircə sözümlə, bəlkə, sadəcə gülüşümlə, bəlkə də, bunca olanlara rəğmən ayaqda qalmağımla yaşatmaqdır. Qoy mənim bədən ölçülərim, çəkim, formam bir-biri ilə uyğun gəlməsin, amma niyyətim əməlimlə üst-üstə düşsün. Qoy mənim geydiklərim köhnəlsin, amma düşüncələrim təzə, yeni olsun. Dindirsən hamı xoşbəxtlik axtarışındadır, hər kəsin bir ümidi var. Ən pessimist insanın belə xoşbəxtliyə, sabaha və nə vaxtsa nəyinsə yaxşı olacağına ümidi var. Mən insanlara göstərmək istəyirəm ki, ümid çox axmaq şeydir əslində. Xoşbəxtlik elə sənin özünsən, hələ də, nəfəs alıb-verirsənsə, elə bu, ümidlə gözlədiklərinin səndə olmasıdır.
- Bəzən fiziki məhdudiyyəti olanlar pessimizmə qapanır. Təhsildən, cəmiyyətdən uzaq düşür. Özünü insanlardan uzaqlaşdıraraq, asosiallaşır. Sizdə isə əksini müşahidə edirəm. Gəncə Dövlət Regional Kollecini və Bakı Slavyan Universitetini bitirmisiniz. Sizə bu ruhu, enerjini bəxş edən amil nədir və ya kimdir?
- Azərbaycanda 600 minə yaxın əlilliyi olan şəxs var. Çox təəssüf ki, qeyd etdiyiniz potensial əksəriyyətində yoxdur. Bunun da səbəbləri müxtəlifdir əslində. Fərqlilik yaradan cəmiyyətdə bərabərqüquqlu münasibət psixologiyası yaratmaq asan deyil. Mənə elə gəlir ki, maya olaraq insan necə doğulursa, eləcə də dünyasını dəyişir. Sonradan qazandıqlarımız sözsüz ki, olur. Bu güc mənə öncə özümdən gəlir, sonra ailəmdən. Ailə sənə dəstəkdirsə, digər məsələlər səni maraqlandırmasın. Yox əgər ailən sənin maraqlarına səthi yanaşırsa, yenə problem deyil. Sən öz istəklərinin daha dərinliyinə baş vurmalısan. Özün inandığın kimi ailəni də inandırmalısan. Hər şey düşüncədən, yəni özümüzdən başlayır.
- Orta məktəbdə necə oxumusunuz?
- Məktəbdə əlaçı idim. Arabaya məhkum olanda düşündüm ki, hər şey bitdi. 1 il tamamən pessimist, hədəfsiz Mətanət kimi ilimi günlərimi, həftələrimi, aylarımı hədər elədim. Sonra əlilliyi olan şəxslərin ev təhsili haqqında qanunundan xəbər tutunca, hər şey geriyə qayıtdı sanki. Qərar verdim ki, mən oxuyub, universitetə qəbul olunacam. Çox mənfi sözlər deyib, məni ruhdan salmağa çalışanlar oldu, amma dayanmadım. Düzdü, şairlik araya keçdi. Bir az poeziyaya baş vurdum. Buna görə də universitetə yox, kollecə qəbul olundum.
- İlk şeirinizi nə vaxt yazmısınız və bu poeziya nümunəsi nədən yarandı?
- 2011-ci ildən "Sarı Kəpənək" qələm gətirdi mənə və həyatımda hər şey dəyişdi.
-"Sarı kəpənək" məsələsi bir az qaranlıq qalır, bunun mahiyyətini açıqlayardınız?
- 2015-ci ilin 25 mayında "Kəpənəyin saldığı yol" adlı ilk şeirlər kitabım işıq üzü gördü . Bakıda və Şəmkirdə təqdimatı keçirildi. Mən bu kitabı yazmağa başlayanda həyatın nə demək olduğunu anlamırdım. Kim olduğumu, həyata niyə gəldiyimi, nə istədiyimi bilmirdim.
İllər sonra dərk etdim ki, sən demə mən yaşamıram, sadəcə özümü yaşadığıma inandırıram. Özümü yaşıllığın içində atmış, susqunluqla insanları izləyən və sadəcə bir qığılcıma həsrət olduğum, cismimdə boğulub çırpındığım, ruhumu itirdiyim günlərimin birində, "Sarı kəpənək" gəldi. O kəpənək məni tapdı. Mənimlə danışdı, dərdləşdi, sirrimi bölüşdüm, dərdlərimi qanadlarına aldı, bir anın içində çarparaq havaya sovurdu. O kəpənək məni dinlədi, eşitdi, hiss etdi. Məni, mən olduğuma inandırdı, məni mənə qaytardı, mənim yaşadığımı kəşf etdi. Səssiz dildə pıçıldadı, bir sual verdi - Sən burda neynirsən? Kəşf olunan bütün sözlər hisslərimin qarşısında aciz qaldı, onu söyləyə bildim: Darıxıram. Söylədiyini birəbir yazdım vərəqə. Yazmaq ilk dəfə bu qədər mükəmməl göründü gözümə. Yazmaq ilk dəfə bu qədər tez sağaltdı məni və ilk dəfə bu qədər yaşamaq ümidi verdi mənə.
Mən yazdığımın fərqində deyildim ancaq, eşidənlər şeir deyirdi. Həm mən şeir yaza bilməzdim, şair deyildim. Heç şeirin də, nə demək olduğunu anlamırdım.
Bildiyim və tapdığım bir həqiqət var. O mənə, məni göstərdi. Məndəki məni, kəşf etdi. İkinci anam, o kəpənək oldu. Məni yenidən doğdu, həyata yenidən başladım. İlk şeirim Kəpənəklə, ikinci isə Buludla olan dialoqumdan ibarətdir. Mən əslində şeir yazmırdım. Mən o an məni dinləyən varlıqlarla danışırdım. Mən şeiri yazıb bitirəndə dünyanın ən anlayışlı varlığı ilə söhbət edirəm. Ümumiyyətlə, məndə şeir əksər hallarda iztirabdan, acıdan, ağrıdan doğur. Məni yazdıran ilk öncə mənəvi ehtiyac, güclü tələbat, həddən artıq həssaslıqdır.
- Sizə sırf bu fiziki məhdudiyyətə görə yuxarıdan aşağı baxanlar olubmu və belələrinə cavabınız...
- Yuxarıdan aşağı baxanları görməmişəm, çünki həmişə onlardan yuxarıda olmuşam.
- Elçin adından bir gözdənəlil vardı, ondan müsahibə aldım. O, müsahibəsində söylədi ki, bu məhdudiyyətinə görə valideynləri onu üzə cıxarmırmışlar. Evə qonaq gələndə Elçini gizlədirmişlər...
- Bu, cahillikdir. Ana da uşağını gizlədər? Əlilliyi olan övladını gizlədən ana uşağını yox, öz düşüncəsini gizlədir. Öz həqiqətlərini gizlədir. Öz parçasını gizlədir. Özünü gizlədir. Bir əlini, ayağını gizlədib, özü bayıra çıxır. Əlilliyi olan övladını gizlədən valideyn ona göndərilən işığı qapadır. Bunları gizlətdikcə öz cahilliyini üzə çıxarır. Öz acizliyini qabardır. Öz qorxaqlığını sübut edir. Özü özünü aldadır. Özü doğulmaqda olan həyatını məhv edir. O bilmir ki, hər bir əngəl bir avantajdır.
- Sizdə necə, valideynləriniz sizə dəstək olub yoxsa?..
- Atam, anam, hətta məndən 5 yaş balaca qardaşım, 7 yaş balaca bacım daxil hamısı mənə dəstəkdir. Ən böyük dəstəyim onlardı. Sanki bizdə iş avtomatik olaraq bölünüb. Fiziki işlərə atam baxır, mənəvi tərəflərə anam. Məsələn, 1 günlük səfərə getmək lazımdır və bu mənim üçün önəmlidir. Bir neçə saat və ya gün anamla hərtərəfli müzakirə edib qərar veririk. Burda da yenə son qərarı mən verirəm. Sonda işin icrası atama keçir. Yəni bir qərar verilib və təsdiqlənibsə, atam onu həll edir. Düzdü, bu proseslər bir az vaxt aparır, amma nəticə göz qabağındadır.
- Mən bilən siz həm də idmanın hansısa növü ilə məşğul olursunuz. Bu, doğrudurmu?
- 2014-cü ildən Paralimpiyada "Boccia" idman növü ilə məşğulam. Hər il turnir keçirilir. 19 noyabrda yarış keçirildi, finala yüksəldim. Noyabrın 22-də finalda yarışacam. Bu idman növünün 5 kateqoriyası var. Öz kateqoriyamız olmayan oyunçulara hakimlik edirəm.
- Hazırda hansı işlə məşğulsunuz?
- 1 kitab, 3 layihə və başqa işlərin üzərində çalışıram.
- Bu da şeirlər kitabıdır?
- Xeyr, bu, sosial kitabdır, xüsusən qadınlarla bağlıdır. Ailədə, cəmiyyətdə zorakılıq görmüş qadınlar haqqında və o qadınların həmin yerdən necə addımlamağı və ayaqda qalması ilə əlaqədardır.
- Qazanc yeriniz varmı?
- Qazanc yerim çox təəssüf ki, yoxdur. Amma bu haqda çox ciddi düşünürəm. Elə "Şərq" qəzeti vasitəsilə imkanı olanlara səslənirəm : işləməyə hazıram!
- Bildiyimə görə, sizin QHT rəhbəri kimi də sosial fəaliyyətiniz var...
- Sadəcə, birlikdir, adı "Mətin Gənclər" Birliyidir. 4 ildir öz hesabıma fəaliyyət göstərirəm. Amma növbəti hədəf onu QHT olaraq Ədliyyə Nazirliyindən keçirməkdir. 
- İşsiz olduğunuzu dediniz, sizə niyə iş vermirlər və ya niyə tapa bilmirsiniz? Harasa müraciət etmisinizmi?
- Öncə deyim ki, çalışmaq üçün müəyyən sahədə bacarığın olmalıdır. Amma bəzən bir çox bacarığı və savadı olanlar da işsiz qalır. Düşünürəm ki,əlilliyi olan şəxlərin işləməsi barədə ilk öncə özləri və cəmiyyət yetərincə hazır deyil.
- Bəs onda necə iş istəyirsiniz?
- Qəbul şöbəsində, qeydiyyatda çalışa bilərəm. Yaxşı təşkilatçılıq qabiliyyətim var. Qəzet, sayt, TV və radioda çalışa bilərəm. Radionu çox sevirəm. Çox adam deyir səsim buna imkan verir. Saytlara xəbər yerləşdirə bilərəm, yazılar yaza bilərəm. Bu kimi işləri bacarıram.
- Sosial şəbəkədə cox aktivsiniz...
- Bəli, hələ indi işlərin çoxluğuna görə passivləşmişəm. Video paylaşımlarına davam edəcəm. Sadəcə, dəstəyim yoxdur. Bu paylaşımları içimdən gəldiyi üçün edirəm. Bayaq dediyim kimi, sözümlə, səsimlə, bir yazımla, paylaşımımla özüm yaşayarkən başqalarını yaşatmaq istəyirəm. Şəhərdə gəzəndə və tədbirlərdə onlarla adam gəlib görüşür. Hamısı da "mən sizi izləyirəm" deyir, hansısa yazımdan, paylaşımımdan danışır, gülür, sevinir, bəziləri kövrəlir. Bunlar o qədər mükəmməl hisslərdir ki... Bu duyğunu ifadə etmək çox çətindir. Bax, mən bunun uğrunda yaşayıram. Bu anlar mənə çox şeylər verir. Hər şeyin insanın özündən başladığını demək istəyirəm. Həyatın, yaşamağın daha gözəl olduğunu diqqətə çatdırmağa çalışıram. Yaşayırıqsa, bu hələ son deyil deməkdir. Bütün bunları görə bilirsənsə, hiss edirsənsə, deməli, son deyil.
- Maraqlıdır, fiziki məhdudiyyətlilikdən sosiallaşmaya qədər uzanan yol nədən və ya haradan keçir?
- Birinci istəmək, ikinci, istədiyinə ürəkdən inanmaq, üçüncüsü, onun səndə olacağına əmin olmaq. Bax, bu üç amili özündə ehtiva edə bildinsə, sənə heç bir çətinlik olmayacaq. Düşüncədə tam bu məfhumlar olmalıdır. Çünki özünü bu qaydada inandırandan sonra cəmiyyət inanmağa başlayacaq. Düzdü, zamanın gedəcək, əsəbin, səbrin korlanacaq, şirin yuxuna və gecələrinə haram qatılacaq, amma mütləq istədiyini sənə verəcək. Həqiqət təkdir. Çəkilən heç bir əziyyət yerdə qalmır.
- Bəzi məhdudiyyətlilər var ki, sosiallaşmaqdan utanır, çəkinir, onlara tövsiyən nədir?
- Arzularını boğan fiziki məhdudiyyətli şəxslərə demək istəyirəm ki, içinizdə yatan əsl məninizi oyadın, o gizlin gövhəri çıxarın ortaya. Olmazlarınızı boğun, tək olduğum üçün hamınıza yetə bilmərəm, yoxsa sizi tapıb bir-bir özüm üzə çıxarardım. Özünüz olun. Özünüz kimi davranın. Əsla və əsla cəmiyyətdən çəkinməyin.
- Fiziki məhdudiyyətlilərin işlə təminatı, sosial təminatı Azərbaycan hökuməti və dövlətinin qarşısına qoyduğu prioritet məsələlərdəndir. Dövlətin məhdudiyyətlilərə diqqətini necə qiymətləndirirsiniz?
- Dövlətin bizə dəstəyini müsbət dəyərləndirirəm. Xüsusən gənclər üçün 1 Saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi var. 3-6 ay müddətində müxtəlif peşə kursları və dərnəklərdə peşə öyrədilir, sosial reabilitasiya keçir. Protez Ortopedik Bərpa və Respublika əlillərin bərpa mərkəzi, bu kimi bir çox reabilitasiya, sanatoriya mərkəzləri açılıb. Eyni zamanda əlilliyi olan şəxslərin sosiallaşması üçün silsilə layihələr həyata keçirilir. Əlilliyi olan şəxslərin özünü məşğulluq sahəsinə dəstək bir layihə var. Bu layihə əlillərin işlə təminatını yerinə yetirir. Artıq bir qrup insanlar bundan yararlanıb. Bu mənada düşünürəm ki, dövlətin fiziki məhdudiyyətlilərə yetərli dəstəyi var. Buna görə, aidiyyəti şəxslərə və qurumlara minnətdarlığımı ifadə edirəm.
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Ayyət Əhməd