"Əlilliyi olan uşaqlarını küçəyə atanlar valideynlikdən məhrum edilsin !" - Təklif






"Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, ər və arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Bunu "Sherg.az”a atası tərəfindən küçəyə atılan xəstə uşağın hüquqlarından danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib. Onun sözlərinə görə, kişi və qadın arasında nikah pozulsa, kişi atalıq hüququndan məhrum edilsə belə atalıq vəzifəsini yerinə yetirmək məcburiyyəti var:

"Ailə məcəlləsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Yəni ata uşağa baxmaq məcburiyyətindədir. Qadın boşanmadan belə məhkəmə yolu ilə aliment almaq hüququna malikdir. Uşağın saxlanması üçün ataya aliment davası açıb, aylıq ödəniş ala bilər.

Əslində əlilliyi olan uşaqlardan ailənin imtina etməsi halları çoxdur. Amma mənəvi tərəfdən düşünmək lazımdır ki, əlilliyi olan uşağın valideynə ehtiyacı daha çoxdur. O körpəni sevgi, qayğıdan məhrum etməyi vicdanlarına necə sığışdıra bilirlər?

Atanın uşağı istəməməsi onu məsuliyyətdən azad etmir. Anaya tövsiyə etmək olar ki, alimentin ödənilməsi ilə bağlı müraciət etsin. Aliment davasını boşanmadan da açmaq olur. Əslində belə şəxsləri valideynlikdən məhrum etmək lazımdır. Hər gün bu hallar olur, amma heyif ki, bu sahədə qanunlarımız yetərincə sərt deyil”.

Qeyd edək ki, "Ümid yeri” Uşaq sığınacağında yaşayan Nisə Məhərrəmovanın 22 yaşı var. Onu Şəkidən paytaxta gətirən səbəb iflic xəstəliyindən əziyyət çəkən övladından doğma atasının və yaxınlarının üz döndərməsidir. Ailəsi ona qızını uşaq evinə verməyi təkid etsə də, Nisə bununla razılaşmayıb. Xəstə övladından imtina edilən 22 yaşlı ana sonda evi tərk etməyə məcbur qalıb.

Aysel Aslan