"Elmar Məmmədyarovun mesajı açıq və birmənalıdır" - ŞƏRH




Dağlıq Qarabağ münaqişəsinin həllində açar mövqe Rusiyaya məxsusdur.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun "Rusiya istəsə Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxar” bəyanatına münasibət bildirərkən politoloq Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, rəsmi Moskva özü də bunu etiraf etməkdən çəkinmir:

"Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasında ona verilən suallara cavab olaraq bildirmişdi ki, atəşkəsin əldə olunmasında, konkret olaraq müharibənin genişlənməməyində bu dövlət birmənalı rol oynayır. Bu açıqlamalardan da görünür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində məsuliyyət əsasən Rusiyanın üzərinə düşür. S. Lavrov mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi qətnamələri nümunə gətirdi. Bilirik ki, həmin sənədlərdə Azərbaycan ərazilərinin bir çoxunun qaytarılması xüsusi vurğulanır. 

Bunun icrasında əsas missiya isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qətnamələrə səs verən ölkə, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın üzərinə düşür. Onun Ermənistana təsir imkanları isə hər kəsə bəllidir. Buna görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun mesajı açıq və birmənalıdır. Hesab edirəm ki, bu bəyanat yerində ünvanlanan, dəqiq mesajdır”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov apa.az saytına müsahibəsində bildirib ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin ediləcək və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.

Aysel Aslan