Elşad Miriyə etiraz: "Ola bilsin, Tövhidin nə olduğunu dəqiq bilmir"
Bir neçə gün əvvəl ilahiyyatçı Elşad Mirinin mətbuata müsahibəsində İslam dini və Məhəmməd Peyğəmbərlə bağlı söylədiyi bəzi fikirlər ictimaiyyətdə, xüsusən dini kəsimdə birmənalı qarşılanmayıb.
Bir sıra ilahiyyatçılar E.Mirinin fikirlərinin yanlış olduğunu bəyan ediblər. Xatırladaq ki, ilahiyyatçı Elşad Miri müsahibəsində Peyğəmbərin həyatı ilə bağlı kitab yazmağı planlaşdırdığını deyib.
Onun sözlərinə görə, müsəlmanlara təqdim olunan peyğəmbər anlayışı tamamilə yanlışdır:
"Biz peyğəmbəri ancaq möcüzələr yaradan, barmağından sular gələn, barmağı ilə Ayı yaran biri kimi tanıyırıq. Quran isə peyğəmbəri ali insan kimi təqdim edir. Peyğəmbəri insanlardan fərqləndirən yeganə xüsusiyyət Allahdan gələni çatdırmaq olub. Peyğəmbər yeyib də, içib də, evlənib də, yatıb da, durub da, dalaşıb da, istirahət edib də, əsəbiləşib də. Bütün bunları bir kənara qoyub peyğəmbərin üstündə bulud gəzir, peyğəmbərin kölgəsi yoxdur, peyğəmbəri yuxu tutmaz, peyğəmbər əsnəməz, asqırmaz kimi təqdim olunursa bu artıq insan deyil ki”.
Həmçinin, ilahiyyatçı Peyğəmbər haqqında çəkilən filmlərdə onun üzünün göstərilməməsi məsələsinə də münasibət bildirib: "İsa peyğəmbər haqqında nə qədər film çəkilib. Üzü də görünür. O, bizim peyğəmbər deyilmi ki, müsəlmanlar etiraz etmədi? Necə olur, Musa peyğəmbərdən, İsa peyğəmbərdən film çəkiləndə etiraz etmirlər, amma Məhəmməd peyğəmbərdən film çəkiləndə etiraz edirlər. Bu absurd bir şeydir”.
Elşad Mirinin fikirləri ilə bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı Hacı Atif İsmayılov söhbətinə Quran ayəsi ilə başlayıb:
"Uca və əzəmət sahibi olan Rəbbimiz "Qurani-Kərim”in Ali İmran surəsinin 164 -cü ayəsində buyurur: "Rəbbimiz yarattdığı məxluqatlara nə qədər nemət bəxş edibsə, verdiyi heç bir nemətə görə, insanların və eləcə də möminlərin boynuna minnət qoymayıb. Çünki mütləq varlıq və ehtiyacsız olan yalnız Yaradanın özüdür. O, verdiyi nemətin müqabilində sadəcə şükür etməyimizi tövsityə edib. Lakin yuxarıda qeyd etdiyimiz ayədə Allah möminlərin boynuna minnət qoyur. Bu minnətin səbəbi isə məhz Peyğəmbərimizin (s) göndərişi ilə əlaqəlidir. Ayədə Allah buyurur: "Ey möminlər, bilin və agah olun! Allah üzərinizə minnət qoyub, icərinizdən Peyğəmbər (s) seçib, sizin üçün göndərdi ki, o, sizi tərbiyyə etsin, sizə elmi, hikməti öyrətsin. Xatırlayın ki, bundan öncə açıq-aşkar zəlalət içində idiniz”. Əgər diqqət etsək, burada olan minnət heç də bütün insanlar üçün deyil, məxsüsi olaraq "mömin” kəlməsi ifadə edilib.
Deməli, bu minnət möminlərlə birbaşa əlaqəlidir. Çünki, Peyğəmbərin (s) tövsiyələrindən və onun təlim və tərbiyəsindən yalnız möminlər faydalana bilər. Allah və Onun Rəsuluna imanı olmayanlar isə bu ilahi feyzdən faydalan bilməz.... Üzümü özünü ilahiyyatçı adlandıran Elşad Miriyə tutub deyirəm: "Bütün peyğəmbərlər Allahın yer üzərində nurudur və Allahın qanunlarını insanlara çatdırmaq üçün gəliblər. Püyğəmbərlər də bizim kimi insandır. Lakin fərqi budur ki, onlar kamil insanlardır. Muhəmməd (s) Peyğəmbərin fərqi də ayədə söylədiyimiz "minnət”lə bağlıdır. Biz "Qurani-Kərimi” mütaliə etdikdə bu kimi ifadəyə yalniz iki dəfə rast gəlirik. 1. Qəsəs surəsi, 5-ci ayə və "Ali İmran” surəsi 164-cü ayə. Peyğəmbərimizin (s) bütün möminlərin boynunda olan haqqı "minnət”dir”.
Hacı Atif İsmayılov deyib ki, çox güman ki, Elşad Miri "Tövhid” kəlməsini çox yaxşı anlayar: "Eşitdiyimə görə, o, Tövhidə dəvət edəndir.
Lakin ola bilsin, Tövhidin nə olduğunu tam dəqiq bilmir. İslamda ən dəyərli kəlmə "La ilahə illəllah” kəlməsidir. Səbəbi həm Tövhidin əsasənı təşkil edir, həm də Zati-müqəddəsin tam həqiqətini özündə ehtiva edir. Bu kəlmə ona görə dəyərli və alidir ki, bütün varlıqları bir kənara qoyaraq, yeganə və bütün kamala malik olan tək bir varlığı bəşəriyyətə təqdim edir. Kəlmənin zahiri görünüşü qısa görünsə də, batini baxımdan çox genişdir. "Tövhid” kəlməsində olan "Lə” ifadəsi ərəb dilində inkar bildirir. Yəni "yox" ifadəsini bildirir. Bu ifadədən sonra birbaşa "İlah” kəlməsi gəlir. Bir nəfər tək kəlməyi-şəhadəti dilinə gətirərsə, Allahın əzəmət və varlığına iman gətirərsə, sizcə bu yetərmi? Allahdan böyük bir varlıq varmı?
Bu qədər əzəmət və qüdrətə sahib olan bir Varlıq bu kəlməni tək qoymadı. Baxmayarq ki, təklik Onun vəsfidir. Elşad bəy, bəs nə üçün Allah bu kəlməni tək qoymadı, yanına "Muhəmmədən Rəsulullah” kəlməsini qoydu? Bilirsənmi niyə? Hardan biləsən? Öz təklik və qüdrətinə, əzəmətinə baxmayaraq, "La ilahə illəllah” kəlməsinin yanında Muhəmmədin (s) adını qoydu. Bununla bütün insanlara ümümdüyna mesajı olaraq çatdırmaq istədi ki "La ilahə illəllah” kəlməsi nə qədər dəyər və qüdrətə malikdirsə, Onun yanındakı şəxs də o məqama malikdir. Bütün dünya müsəlmanları bir ömür ibadət etsələr, ancaq təkcə "La ilahə illəllah” deyib, Muhəmmədin (s) rəsulluğuna şəhadət verməsələr zərrə qədər onlardan qəbul edilməz”. Elşad bəy, siz hansı Muhəmməddən danışırsız, hansı ağıl və imanla onu adi bəşər, yeyib-içən və gəzən bir şəxs kimi təqdim edirsiniz?”.
İsmayıl