Aynur Camalqızı: "Bunun üçün dövlət dəstəyinə ehtiyac olacaq. Çünki bizim maddi imkanlarımızın zəif olduğu bir həqiqətdir"
Əməkdaşlığı yaratmaq çətin deyil
Türk dövlətləri ortaq Media Platformasında maraqlı olmalıdırlar
Aynur Camalqızı: "Bunun üçün dövlət dəstəyinə ehtiyac olacaq. Çünki bizim maddi imkanlarımızın zəif olduğu bir həqiqətdir"
Aynur Camalqızı: "Bunun üçün dövlət dəstəyinə ehtiyac olacaq. Çünki bizim maddi imkanlarımızın zəif olduğu bir həqiqətdir"
Türk dünyasının media platformasını yenidən bərpa etmək təklif olunur. Bu barədə «Şərq»in qonağı olmuş Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz danışıb. Redaksiyamıza gələn Hamit Karadeniz türk dünyasının media platformasının qurulmasının vacibliyini vurğulayıb. Fikirlərini bildirib, baş redaktor Akif Aşırlı ilə fikir mübadiləsi aparıb. Görüş zamanı bir çox təkliflər səsləndirilib. H.Karadeniz yaxın müddətdə Platformanı təsis etmək üçün geniş konfransın keçiriləcəyi, çoxsaylı insanların iştirakı ilə panel təşkil olunacağı barədə məlumat verib. Baş redaktorumuz Akif Aşırlı bildirib ki, türkdilli respublikalar arasında bir zamanlar mövcud olmuş Media Platforması artıq fəaliyyətsizdir. Ona görə də Platformanın yenidən dirçəldilməsi olduqca vacibdir: "Media Platforması üçün ən vacib məqam əlaqələrin qurulmasıdır. Kitab formasında bir kataloq hazırlamaq olar.
Məsələn, bilərik ki, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda fəaliyyət göstərən qəzetlərlə, internet saytlarla hansı formada əlaqə quraq, koordinasıyanı necə təşkil edək. Əlaqələri həm Türkiyə türkçəsində, həm beynəlxalq dil olaraq ingilis dilində, həm də rus dilində qurmaq lazımdır. Media Platforması fonunda Simpoziumun keçirilməsinə də ehtiyac var. Məsələn, Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı forumunu təşkil edə bilərik. Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı türk dünyası arasında əlaqələrin qurulmasında çox mühüm işlər görüblər. Qaspıralı hərbi təhsil alıb və türk dilini yaymaq üçün "Tərcüman” qəzetini nəşr edərək, "dildə, fikirdə, işdə birlik” ideyasını ortaya atıb. Həm də ortaq türk dilini formalaşdırıb. Qaspıralı bu ideyanı Həsən bəy Zərdabidən alıb. Bu iki dahini ortaq bir platformada birləşdirmək, müzakirələr aparmaq vacibdir. Çünki bu iki şəxsin hər ikisi media adamıdır”.
Hamit Karadeniz: "Hesab edirəm ki, türkdilli ölkələrin ortaq saytını qurmaq lazımdır. Təkliflər var, artıq bunu reallaşdırmağın, həyata keçirməyin vaxtıdır. Ortaq saytda həm yazarlar köşə yazıları ilə çıxış edərlər, həm də ayrıca xəbər rubrikası olar. Məsələn, Azərbaycanda, Şamaxı şəhərində zəlzələ oldu. Bunu bütün türk dünyası bilməli, xəbər tutmalıdır. Ən əsası isə zaman-zaman ortaq yayım həyata keçirilməlidir. Fikrimcə, Media Platformasını dirçəltməkdən öncə geniş bir konfrans təşkil etməliyik. Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri professor Fəxrəddin Altun da platforma üçün bizə öz dəstəyini verəcək”.
«Ortaq Media Platforması bizə çox şey verə bilər»
"Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı Türk dünyasının ortaq media Platformasının yenidən dirçəldilməsi ideyasını alqışlayanlar sırasındadır:
- Türk dünyasının birliyindən hər zaman sevə-sevə, ürəkdolusu danışırıq. İstəyimiz budur ki, türk dövlətləri türk dünyasını narahat edən məsələlərlə bağlı birgə qərarlar versinlər. Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin hər zaman sıx və səmimi dostluq-qardaşlıq müstəvisində olmasının kökündə, təbii ki, genetik bağlılığımız, ortaq tariximiz dayanır. Sevindirici haldır ki, hər iki dövlətin prezidentləri arasında da qardaşlıq və möhkəm dostluq münasibətləri mövcuddur. Belə olan halda Türk dünyasının ortaq media Platformasının dirçəldilməsi ideyasının yenidən gündəmə gəlməsi alqışlanasıdır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə ötən il bir qrup media rəhbəri Türkiyəyə səfər etdik, Anadolu Agentliyində olduq. Bilirsiniz ki, hazırda "yeni media” anlayışı bütün aktuallığı ilə gündəmdədir. Türkiyəyə səfərimiz də bizə Anadolu Agentliyinin iş təcrübəsi ilə yaxından tanış olmaq imkanı verdi. Gördük ki, öyrənməli məsələlər var. Bu mənada Ortaq Media Platforması bizə çox şey verə bilər. Xüsusən təcrübə mübadiləsi baxımından. Bu Platformanın dirçəldilməsi üçün şəxsən mən əlimdən gələn köməyi göstərməyə hazıram, təki, ideya reallaşsın. Şübhəsiz ki, bunun üçün dövlət dəstəyinə ehtiyac olacaq. Çünki bizim maddi imkanlarımızın zəif olduğu bir həqiqətdir. Təkcə özümüzü nəzərdə tutmuram.
Ümumiyyətlə, Azərbaycan mediası – istər çap mətbuatı olsun, istərsə də onlayn medianın maliyyə sərhədləri bu cür layihəni öz gücünə reallaşdırmağa imkan vermir. Məsələn, mən çox istərdim ki, bizim holdinqin əməkdaşları "Anadolu” Agentliyində təcrübə keçsinlər. Ancaq bu bizim maddi imkanlarımız xaricindədir. Doğrudur, Azərbaycan dövləti cənab Prezidentin timsalında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə mediaya yardım göstərir. Print-media faktiki olaraq dövlətin ayırdığı maliyyə sayəsində ayaqdadır. Lakin bu da bir həqiqətdir ki, media hər gün yenilənir. Maddi-texniki təchizat da yenilənməli, günün tələblərinə cavab verməlidir ki, dünyada brendə çevrilmiş nəhəng media quruluşları ilə ayaqlaşa bilək.
Təsəvvür edin, biz hələ də 2012-ci ildə alınmış kompüterlərlə işləyirik. Amma görün, son illərdə neçə yeni nəsil kompüterlər, yeni texnoloji, rəqəmsal avadanlıqlar, yeni media vasitələri istehsal olunub. Maddi-texniki baza baxımından geridə qaldığımızdan, məsələn, yutub şəbəkəsində də zəifliyimiz görünür. Yutubda fəaliyyətimizi qurmaq üçün avadanlığımız günün tələbləri səviyyəsində deyil. Media sahəsində sözümüzü nə qədər güclü deyə biləcəyiksə, bu, həm də dövlətimizin xeyrinə olacaq. Media artıq dünyada güclü diplomatik vasitədir. Siyasətin əsas sütunlarından birini təşkil edir.
Ortaq Platforma üçün xarici dil zərurətdir
A.Camalqızı yeni media ilə bağlı qanunvericilik bazasının yaradılmasının vacibliyini də vurğuladı:
- Etiraf edək ki, yeni media xeyli dərəcədə xaotik və pərakəndə fəaliyyət göstərir. Onlayn medianın fəaliyyəti ilə bağlı müvafiq qanunvericilikdə əlavə və dəyişikliklərə, yeni müddəalara ehtiyac var. Müvafiq qanunlar daha çox çap mediasını əhatə edir. Onlayn media ilə bağlı çox ciddi boşluqların olması ümumi işimizə ziyan vurur. Bu məsələyə ciddi yanaşmalıyıq”.
A.Camalqıızı Türk dünyasının ortaq media Platformasından istənilən nəticənin əldə edilməsi üçün jurnalistlərin xarici dil biliklərinin olmasını da vacib sayır:
- Yeni media ilə bağlı işlək mexanizmləri artıq mövcud olan ölkələrlə ortaq Platformada birgə və səmərəli iştirakımız üçün jurnalistlərimizin xarici dilləri bilməsi mütləqdir. Təsəvvür edin ki, mən "Axar.az” saytının rus və ingilis versiyasına xarici dil bilən jurnalist cəlb etmək üçün əməlli-başlı əziyyət çəkdim. İngilis və rus dillərində yazı yaza bilən jurnalistlərimiz sayca azdır. Jurnalistikada xarici dil önə keçməlidir. Ortaq media Platformasında birləşmək, işləmək istəyiriksə, müasir tələblərlə ayaqlaşmalıyıq. Xarici dil bizə həm də ona görə vacibdir ki, yalnız özümüz deyib, özümüz eşitməyək. İnformasiyalarımız, bizi düşündürən problemləri digər ölkələrdə fəaliyyət göstərən həmkarlarımıza, media quruluşlarına çatdıra bilək. Bunun üçün də təbii ki, təhsil və təcrübə əsasdır. Belə olduğu təqdirdə xoş məramlarımız, səsləndirilən pozitiv təkliflər reallığa dönüşə biləcək, sadəcə arzu olaraq qalmayacaq”.
İllər öncə yaranan Platformaya yenidən ehtiyac var
Qeyd edək ki, bir neçə il öncə Bakıda Türkdilli ölkələr və topluluqların II Media Forumu keçirilmişdi. Foruma Türk dövlətləri Azərbaycan başda olmaqla, Türkiyə Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə yanaşı, Başqırdıstan, Tatarıstan, Xakasiya, Saha (Yakutiya), Tuva, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Qaqauz, Krım, Makedoniya, Bolqarıstan, İraq və Qərbi Trakyada yaşayan türk topluluqlarından 200-ə yaxın media təmsilçiləri də qatılmışdı. Forumun nəticəsi olaraq Türk Media Platforması yaradılmışdı və fəaliyyətə başlanmışdı. Platformanın mətbuat-yayım və informasiya üzrə baş direktoru Murat Karakaya, türk dövlətləri və topluluqları arasında dünyada bənzərinə az rast gəlinən «qardaşlıq və dostluq» duyğularından danışaraq ortaq Türk Media Platformasının gərəkliyindən söhbət açmışdı.
Türk Ortaq Media Platformasının qurulduğu Bakıda elan edildi, Platformanın mərkəzi isə Ankara təyin edildi. Xatırladaq ki, o zaman Platformanın keçici rəhbəri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov seçilmişdi. Daimi rəhbərlik isə Platformanın mətbuat-yayım və informasiya baş idarəsinə həvalə edildi. Forumdakı çıxışlar zamanı ortaq türk dilinin yaradılması zərurəti də vurğulanırdı. Bununla yanaşı bildirilirdi ki, türkdilli dövlətlər arasında bütün sahələrdə güclü işbirliyinə nail olunmasına baxmayaraq media sahəsində belə bir işbirliyinin yaranması nədənsə gecikir. Çıxışçılar qeyd etmişdi ki, artıq Türk Media Birliyinə doğru addımlar atılır. Bunun alt yapısı – bünövrəsi qoyulur. Qardaşlıq və birliyimiz sözlərlə deyil, artıq real layihələrdə özünü büruzə verməlidir.
Bunun üçün də Forumun deklarasiyasının qəbul edilməsi və türkdilli ölkələrin koordinasiya mərkəzinin yaradılmasının vacibliyi vurğulanmışdı. Forum iştirakçılarının ümumi rəyi bu olmuşdu ki, Platforma türkdilli xalqların biri-birinə yaxınlaşmasına, birləşməsinə bir vasitə olacaq. Türk dilində yayımlanan beynəlxalq səviyyəli (BBS, SNN kimi) agentliyin yaradılmasına dair təkliflər də səsləndi. Qərara alındı ki, ortaq türk media Platforması türk dünyasının tarix, dil və mədəniyyət birliyi media vasitəçiliyi ilə daha da gücləndiriləcək, media təmsilçiləri və qurumları arasındakı işbirliyi artırılacaq və türk dünyasının problemlərinə ortaq baxış təmin ediləcək. Bu işlərin gerçəkləşməsində medianın üzərinə böyük vəzifələr düşür. Göründüyü kimi, illər öncə yaradılmış ortaq türk Media Platformasının indi yenidən dirçəldilməsinə ehtiyac yaranıb.
Məlahət Rzayeva