Netanyahu Türkiyə reallığını yaxşı bilir - Aydın Sezer

  • Onun Türkiyəni ərəb dövlətləri ilə eyniləşdirmək ciddi geostrateji səhv olar

İsrail və Türkiyə arasındakı gərginlik hər keçən gün daha fərqli fazaya qədəm qoyur. İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı Türkiyəyə F-35-lərin verilməsi fikrindən daşındırmaq cəhdi, əlaqələri qopma nöqtəsinə gətirib. Tərəflərin mövqeləri və hərbi yanaşmaları Suriya üzərində toqquşur.

Türkiyə PKK terror təşkilatının fəaliyyətinin qarşısını almaq və ölkənin sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın şimalına hərbi qüvvələr yerləşdirib. Netanyahu Türkiyə-Suriya münasibətlərindən narahat olduğunu açıqlayıb. Cihadçı işğal ehtimalına qarşı Suriyada "təhlükəsizlik zonası" yaratmaq qərarına gəldiyini bəyan edən Netanyahu Türkiyənin cənuba doğru irəliləməsini istəmədiyini bildirib. Türkiyəni düşmən ölkə adlandıran Baş nazir, İsrail dövlətini qorumaq üçün düşmənin imkanlarından daha üstün gücə malik olmağın vacibliyini vurğulayıb. İsrailli ekspert Dr. Eytan Hay Koen isə Netanyahuya Türkiyə ordusunu xəfifə almamaq barədə xəbərdarlıq edib. Koen bildirib ki, Türkiyə Suriyaya yenidən qayıdıb və ABŞ müdaxilə etmədiyi təqdirdə bölgədə irəliləməyə davam edəcək. Ekspert Türkiyənin döyüş qabiliyyətinin ərəb ölkələrinin orduları ilə müqayisə oluna bilməyəcəyini vurğulayıb. O qeyd edib ki, yüksək hazırlıq səviyyəsi və müasir standartları ilə seçilən Türkiyə ordusunun hərbi doktrinası NATO prinsiplərinə əsaslanır.

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, sabiq prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya İsrailin oyun meydanına çevrildi:

"Bəşər Əsədin hakimiyyəti dövründə Suriyadakı geostrateji prosesləri, əsasən, Rusiya, İran və Türkiyənin yer aldığı Astana formatı idarə edirdi. Lakin həmin dövrdə də İsrail zərurət yarandıqca, İranın Suriyadakı hərbi obyektlərinə və infrastrukturlarına zərbələr endirirdi. Əsəd rejiminin süqutu fonunda Rusiya və İranın regional rıçaqlarının zəifləməsi İsrailin manevr imkanlarını kəskin genişləndirdi. İsrail, demək olar ki, Suriya hava məkanına tam nəzarəti ələ keçirdi. Xüsusilə Cənubi Suriyadakı nəzarət zonasını genişləndirən İsrail Dəməşqdəki yeni hakimiyyətə təzyiq imkanlarından yararlanaraq nüfuzunu daha da artırmağa çalışır. Məhz bu amil regionda Türkiyə ilə İsrail arasında yeni bir rəqabət meydanı formalaşdırıb. Daha əvvəl də Suriyada Türkiyəyə aid hərbi obyektlərin bombalanmasına şahid olmuşduq”.  

Ekspertin sözlərinə görə, 2025-ci ilin payızında Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında əlaqə xətti yaradılaraq, qarşılıqlı məlumat mübadiləsi təmin olundu:

“Lakin buna baxmayaraq, İsrail ötən günlərdə İdlibdəki bazaya yenidən zərbələr endirməkdən çəkinmədi. Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün pərdəarxası vasitəçilik səylərini davam etdirir. Türkiyəni yaxından tanıyan israilli analitik Koen Türk ordusunun strateji çəkisinin ərəb ordularından fərqləndiyini aydın şəkildə dərk edir. Çünki Türk Silahlı Qüvvələri NATO-nun yüksək standartları ilə fəaliyyət göstərən nəhəng hərbi maşındır. Ekspert bu vurğu ilə Netanyahuya xəbərdarlıq edir ki, Türkiyəni ərəb dövlətləri ilə eyniləşdirmək ciddi geostrateji səhv olar. Mən də Koenin fikirləri ilə razılaşıram. Çünki Türk ordusu Misir, Suriya, İordaniya və ya Səudiyyə Ərəbistanı ordusu ilə müqayisə oluna bilməz. Müharibə əleyhdarı olsam da, bu həqiqəti səmimiyyətlə etiraf etməliyəm. Əslində Netanyahu da bu reallığa bələddir. Lakin o, seçki öncəsi reytinqini qorumaq üçün Türkiyə kartından yararlanmağa çalışır. İsraildə fəaliyyət göstərən yəhudi ekspertin açıq xəbərdarlıqla çıxış etməsi son dərəcə mühüm siqnaldır".