Əmlak vergisi verin!
Paytaxtda çoxmənzilli binaların qapıları döyülür
Sakinlərə "xəbərdarlıq” gəlir. Paytaxtda mənzillərin qapıları bir-bir döyülür və yerli bələdiyyələr tərəfindən əmlak vergisinin ödənməsi istənilir. Bu hal xüsusən də çoxmənzilli binalarda geniş yayılıb. Sakinlərə mülkiyyətində və istifadəsində olan əmlaka görə əmlak və torpaq vergisi ödənməli olduğu və bunun üçün də vergi ödəyicisi kimi qeydiyyata düşmələri haqda bildiriş təqdim edilir.
Bu zaman yerli bələdiyyələr Azərbaycan respublikası Vergilər Məcəlləsi və "Yerli (bələdiyyə) vergiləri və ödənişləri haqqında” Qanunu əsas gətirirlər. Mənzilə görə əmlak və torpaq vergilərinin toplanmasının yerli bələdiyyələrə həvalə ediləcəyi artıq yeni ilin ilk günlərindən bəlli idi. Görünür, bələdiyyələr artıq əməli işə keçiblər və vergiləri qısa zamanda toplamaq istəyirlər. Amma bəzi sakinlər üçün qaranlıq qalan məqamlar da var. İstifadəyə verilməsinə baxmayaraq hələ də təhvil alınmamış və mənzil sahibliyinə dair hər hansı hüquqi sənədi olmayan sakinlər əmlak vergisinin hansı əsasla onlardan tələb edildiyini bilmir və "binamız heç təhvil alınmayıb, hansı əsasla bizdən vergi toplayırlar?” deyə etiraz edirlər.
Məsələyə aydınlıq gətirən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bildirdi ki, əmlak vergisinin ödənməsi üçün binanın təhvil alınıb-alınmadığı vacib deyil:
- Bilirsiniz ki, artıq ötən ildən əmlak və torpaq vergilərinin toplanması yerli bələdiyyələrə həvalə edilib. Bu, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlıdır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən paytaxtda ayrı-ayrı bələdiyyələrlə, eləcə də Sumqayıt və Mingəçevir bələdiyyələri ilə görüşlər keçirilib. Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, həmçinin çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində iş aparılır. İşlərin davamı olaraq bələdiyyələrlə keçirilən görüşlərdə bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsinin təşkilində yerli özünüidarəetmə orqanlarının rolu, hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsi qaydası və digər məsələlər barədə məlumatlar verilir. Eyni zamanda, sakinlərin mənzil qanunvericiliyi, eləcə də yeni idarəetmə üsulları barədə məlumatlandırılması məqsədilə Bakı şəhərinin bəzi inzibati rayonlarında, Sumqayıt və Mingəçevir şəhərlərində Maarifləndirmə mərkəzləri yaradılıb.
Bu işlər hamısı yeni idarəetmə üsuluna keçidlə bağlıdır. Əmlak vergilərinin toplanması də bu işin bir hissəsidir. Bilirsiniz ki, 2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq vergilərinin dərəcələri və hesablanma qaydaları dəyişdirilib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq. Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanizmləri nəzərdə tutulub. Mənzilin sahəsi 30 m2-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq. Amma verginin məbləği regionlardan asılı olaraq dəyişir. 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).
Bakının özündə də vergi dərəcələri fərqlidir. Burada əmlakın hansı regionda, paytaxtın mərkəzində və ya kənarında yerləşməsi də nəzərə alınır. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişir. Verginin ödənilməsi səlahiyyəti də yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə verilib.
O ki qaldı binanın təhvil alınıb-alınmamasına, bunun əmlak vergisinin ödənməsi ilə heç bir bağlılığı yoxdur. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən mənzil sahibi əmlak vergisi ödəməlidir. Mənzil alan vətəndaş bununla bağlı Mənzil Tikinti Kooperativi ilə müqavilə imzalayıb. Həmin müqavilə hüquqi sənəddir və vətəndaşın mənzil üzərində mülkiyyətini təsdiq edir. Hətta elə sakinlər var, mənzilin orderini də alıblar. Bunlar hüquqi sənəd deyil, bəs nədir? Həmin xəbərdarlıqda qeyd olunur ki, mülkiyyətçi mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin surətini yerli bələdiyyə orqanına təqdim etməli və vergi ödəyicisi kimi qeydiyyata düşməlidir. Vətəndaş gərək əlində olan həmin sənədlərin surətini yerli bələdiyyəyə təqdim etsin. Əvvəllər qaydalar fərqli idi. Mənzilin inventar dəyəri hesablanırdı, ona müvafiq vergi ödənirdi. Amma indi mənzilin kvadratmetrinə görə əmlak vergisi təyin edilir. Yəni, bu halda binanın təhvil alınıb-alınmaması əsas deyil. Vətəndaş mənzildə yaşayırsa, o mənzil onun şəxsi mülkiyyətidirsə, əmlak vergisi ödənməlidir.
V.Tofiqli qeyd etdi ki, indiki halda yalnız sənədsiz evlərlə bağlı vergi ödənməsinin reallaşması mümkün deyil. Bu evlər sənədləşdikdən sonra vergi ödənməsi mümkün olacaq. O halda vətəndaş son 2 ilin vergisini ödəyəcək.
Məlahət Rzayeva