Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb. Baş prokuror Zakir Qaralovun sözlərinə görə, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb. Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır.
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyevin "Şərq”ə açıqlamasına görə, qanunsuz tikili məsələsinin birdəfəlik həllinə nail olmaq üçün şəhər təsərrüfatında qayda yaratmaq lazımdır. BŞİH başçısı vəzifəsini icra edən Eldar Əzizovun şəhər təsərrüfatına yaxından bələd olduğunu vurğulayan Ə.Nuriyev hesab edir ki, onun idarəçiliyi ilə ciddi qaydalar yaradılacaq: "Bu günə qədər şəhər təsərrüfatı sahəsində çox ciddi qanun pozuntularına yol verilib. Qanunsuz tikintilərdən əlavə səlahiyyat bölgüsünün dəqiq olmaması da Bakıda ciddi problemlərə yol açır. Bir neçə gün əvvəl yağan yağışlar bir daha paytaxtın şəhər təsərrüfatının bərbad gündə olduğunu üzə çıxardı. Amma buna görə BŞİH-in günahlandırılmasını düzgün hesab etmirəm, çünki şəhərin kanalizasiya və su sistemi bu qurumun tabeliyində deyil. Halbuki şəhər təsərrüfatı vahid bir qurumun idarəçiliyində olmalıdır ki, bu cür problemlər yarandığı halda müxtəlif dövlət qurumları bir- birini ittiham etməsin.
Bu yaxınlarda ölkə başçısının şəhərsalma fəaliyyətinin tənzimlənməsinin səmərəliliyini artırmaq məqsədilə imzaladığı Fərmanı xatırladan Fond prezidentinin sözlərinə görə, fərmana əsasən yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verməlidirlər. Bu mənada Arxitektura Komitəsinin ona verilən səlahiyyətlərdən istifadə edərək Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalar aparması başadüşüləndir”.
Ə. Nuriyevin sözlərinə görə, Bakı şəhərindəki qanunsuz tikililər sadəcə yerli icra hakimiyyətlərinin deyil, digər müvafiq qurumların müəyyən rolu var. Enerji xəttləri, dəmiryolu xəttləri keçən ərazilərdə də xeyli sayda qanunsuz tikili var:
"Əgər ciddi qanun pozuntusu aşkarlanan bütün faktlar Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə göndərilibsə, deməli burda söhbət qanun pozuntularının vəzifəli şəxslər tərəfindən törədilməsindən gedir. Sirr deyil ki, bəzi tikinti dələduzlarının arxasında rəsmi şəxslər dayanır”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin qanunsuz tikililərlə bağlı araşdırmalarının nəticəsinə uyğun olaraq həmin tikililərin sökülməsi baş verəcək:
"Tikinitinin hansı qanunsuz qərar əsasında həyata keçirilməsi dəqiqləşdirilib icazəni verən şəxs məsuliyyətə cəlb olunmalıdır. Ayrı- ayrı şəxslərə dəymiş ziyan isə geri ödənilməlidir. Əgər ortada vəzifə səlahiyyətlərindən sui- istifadə halları varsa, bu da ayrıca maddə olaraq aşılan cinayət işinə əlavə olunmalıdır”.
Şəymən