Ərdoğan Bakıya əliboş gəlmir

Ola bilsin, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlarla çıxış etməsi yenidən müzakirə mövzusu olsun


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxmini vaxtı məlum olub. Ərdoğanın Bakı səfəri sentyabrın 10-11-i nəzərdə tutulsa da, daha sonra təxirə salınıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Bakıya səfər BMT-nin Baş Assambleyasının sessiyasından sonra baş tutacaq. Məlumat üçün deyək ki, Assambleyanın 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək və ayın 25-dək davam edəcək.

Türkiyə liderinin Amerika səfəri öncəsi Qazaxıstana gedəcəyi də deyilir. Səfərin təxirə düşməsi ilə bağlı "Şərq”ə danışan siyasi ekspert İlqar Vəlizadə deyib ki, iki ölkə başçısının görüşlərində ən aktual məsələlər müzakirə olunur. Politoloq bildirib ki, qardaş Türkiyə ilə Azərbaycan arasında tezliklə həll edilməsi zəruri olan problemli məsələ yoxdur: "İki ölkənin liderləri arasında nəzərdə tutulan görüş yubadıla, müəyyən müddətə qədər təxirə salına bilər. Burada təəccübə və təəssüfə səbəb olacaq heç bir məqam yoxdur”. İ.Vəlizadə vurğulayıb ki, Ərdoğanın Azərbaycana səfəri oktyabr ayına təsadüf edəcək: "Bakı-Tbilisi-Qars dəmiryol xətti təxminən oktyabr və ya noyabr aylarında istifadəyə veriləcək. Ola bilər ki, Ərdoğanın Bakıya gəlişi məhz həmin layihənin açılışı ilə üst-üstə düşsün. Bu məqamı istisna etmək olmaz”.

Ekspertin sözlərinə görə, liderlərin görüşündə mühüm siyasi-iqtisadi məsələlər, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq: 

"Adətən yüksək səviyyəli görüşlərdə qlobal məsələlərlə yanaşı, regional problemlər də gündəmə gətirilir. Ola bilsin, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlarla çıxış etməsi yenidən müzakirə mövzusu olsun. Son vaxtlar mediada yeni təkliflərlə bağlı informasiyalar dolaşmaqdadır. Həmçinin, Türkiyənin Avrasiya və Gömrük İttifaqlarına inteqrasiyası ilə bağlı da müzakirələr ola bilər. Çünki bu məsələlərdə Azərbaycan müstəsna vasitəçi roluna sahibdir. Ölkəmiz Avrasiya dövlətləri ilə, Türkiyə isə Azərbaycanla həmsərhəddir”.

İsmayıl