Heç bir qüvvə məğlubun yanında yer almaq istəmirTürkiyədə siyasi böhran getdikcə dərinləşir
Türkiyədə iyun ayının 7-də baş tutan parlament seçkilərinin gözlənilməz nəticələri və ondan sonra cərəyan edən proseslər hələ də gündəmin əsas müzakirə mövzusudur. 13 ildən sonra ilk dəfə olaraq təkbaşına iqtidar formalaşdırmaq şansını itirən və koalisiya hökuməti qurmaq zərurəti ilə müttəfiq axtarışına çıxan AKP-nin koalisiya yaratmaq cəhdləri hələlik uğursuz görünür. Çünki hakim partiyanın koalisiya üçün irəli sürdüyü şərtlər müxalifət partiyaları tərəfindən qəbul edilmir.
AKP digər partiyalarla danışıqlarda 3 təməl şərt irəli sürüb. İlk şərtə görə, koalisiyaya girəcək müxalifət partiyaları "paralel dövlət”lə mübarizəni dəstəkləməlidir. Digər tələblərə görə isə ölkənin təməl məsələsi olan "kürd problemi”nin çözümü yüksək səviyyədə davam etdirilməlidir. Həmçinin, ilk dəfə xalq səsverməsi yolu ilə seçilən prezident Ərdoğanın idarəetmə sistemi müzakirə olunmamalıdır. Amma partiyalardan heç birinin bu şərtlər əsasında AKP ilə müttəfiqliyə razı olmayacağı və Türkiyənin üç aydan sonra təkrar seçkiyə gedəcəyi proqnozlaşdırılır. Koalisiyanın qurulması indiki şəraitdə qeyri-mümkün görünsə də, bu həftə sonundan etibarən Davudoğlu növbə ilə partiya liderləri ilə görüşlər keçirəcək. Çünki Prezident Ərdoğan baş nazirə yarım ay ərzində yeni hökumət qurmaq tapşırığı verib.
AKP-nin CHP və MHP ilə gizlicə görüşdüyü iddia olunur
Baş nazir Əhməd Davudoğlunun prosedura uyğun olaraq istefa verməsindən sonra partiyalar arasında hərəkətlilik yaranıb. Yayılan məlumatlara görə, ilkin olaraq AKP ilə MHP arasında da müəyyən görüşlər keçirilib və məsələnin həlli yolları müzakirə olunub. Xüsusən, Kamal Kılıçdaroğlunun "CHP-MHP və HDP” koalisiyası üçün mesaj verməsindən sonra Ankaranın siyasi aktivliyi daha da artıb. CHP lideri də hərəkətə keçib. Kılıçdaroğlu "CHP-MHP koalisiyasına HDP-nin xaricdən dəstək verməsi” variantının araşdırılmasını istəyib. Hətta Kılıçdaroğlunun tapşırığı ilə prezidentliyə namizəd olmuş Əkmələddin İhsanoğlunun kampaniyasında vəzifəyə gələcək olan bəzi CHP üzvləri MHP ilə görüşüblər. HDP-nin CHP-MHP koalisiyasına dəstək verib-verməyəcəyi isə hələlik tam olaraq məlum deyil. Türkiyə
prezidenti Ərdoğan isə CHP-nin sabiq lideri və parlamentin müvəqqəti sədri Dəniz Baykalla görüşüb və koalisiya ilə bağlı məsələləri müzakirə edib. Ancaq görüşün təfərrüatı barədə məlumat verilməyib.
"MHP-nin ağlı olsa, AKP ilə koalisiyaya razılıq verər”
Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, indiki halda əsas məsələ AKP-nin dəyişdirdiyi hüquq sistemini yenidən bərpa etmək olacaq: "Əgər MHP ağıllı davranıb AKP ilə koalisiya qurarsa, həm hökumətdə yer alıb özünü göstərər, həm də hakim partiyanı əridərək növbəti seçkilərdə onun səslərinin bir hissəsini əldə edər. Lakin bu da qalıcı çözüm deyil. Əsas məsələ CHP və MHP-nin kökdən dəyişməsidir. Fikrimcə, CHP bir az "ortaya” keçməli, MHP isə ciddi kadrlar toplayaraq ya bir az dindarlaşmalı, ya da milliyətçiliyi azaldaraq, sağdan ortaya sürüşməlidir”.
"Siyasi müxalifətdə AKP-yə qarşı barışmazlıq atmosferi var”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Türkiyədə seçkilərdən sonra çox mürəkkəb siyasi vəziyyətin yarandığını deyib: "AKP hökuməti siyasi müxalifətlə normal üsullarla davranmayıb. Buna görə də siyasi müxalifətdə AKP-yə qarşı bir barışmazlıq atmosferi var. Hiss olunur ki, artıq AKP-nin sönmə mərhələsidir. Təbii ki, heç kəs məğlubun yanında olmaq istəmir. Hər kəs başa düşür ki, bu gün AKP ilə ittifaqa getmək, koalisiyaya getmək, sabahkı məğlubiyyəti bölüşmək deməkdir”. Politoloq deyib ki, AKP maksimal dərəcədə çalışacaq ki, təkrar seçkilər olmasın: "Siyasi praktika göstərir ki, təkrar seçkilər olduqda məğlub partiya daha böyük məğlubiyyətə düçar olur. AKP bundan qorxur. Ona görə də ən ciddi güzəştlərə gedərək iki partiyadan, MHP və ya HDP-dən biri ilə koalision hökumət qurmağa çalışacaq. Düzdür, millətçilər AKP ilə koalision hökumət qurmaqda o qədər maraqlı görsənmir. HDP-nin şərtləri isə çox ağırdır. Ola bilər, AKP müvəqqəti manevr kimi HDP-nin şərtlərini qəbul etsin, ancaq bunun baş verəcəyi ehtimalı çox azdır”.
"Sağla solun koalisiyası Baykalı Məclis sədrliyinə gətirə bilər”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Dəniz Baykal "AKP-CHP” koalisiyasının yaradılmasına çalışır: "Məncə, Baykalın Ərdoğanla görüşünün əsas məqsədi budur. Hesab edirəm ki, Baykal CHP-nin keçmiş lideri olaraq partiyanın indiki başçısı Kamal Kılıçdaroğlunu razı salmağa çalışacaq. Əgər, sağla solun koalisiyası alınarsa, AKP Baykalın Məclis sədrliyinə yaşıl işıq yandıra bilər. Bəs Kılıçdaroğlu Davudoğlunun baş nazirliyinə, özünün isə koalision hökumətdə müavinliyinə razı olacaqmı? Əsas sual budur. Hər halda Baykal Ərdoğanla razılaşsa belə, son söz Kılıçdaroğlunun olacaq. Belə bir koalisiya formalaşsa, müxalifətdə maraqlı mənzərə yaranacaq. Bir tərəfdə milliyətçi türklər, digər tərəfdə isə milliyətçi kürdlər...”
İsmayıl