“Ərdoğan təkhakimiyyətliyi sevir”

“Çox güman ki, bundan sonra prezidentin daha asan idarə edə biləcəyi loyal bir şəxs baş nazir olacaq”



"Açıq şəkildə görünməsə də, Türkiyədə siyasi krizis yaşanır. Baş nazir Əhməd Davudoğlunun istefası mühüm hadisədir. Çünki o, sıradan bir siyasi fiqur deyil”.

Bunu Türkiyədə baş verən siyasi proseslərlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib. Ekspert bildirib ki, Davudoğlu dünya səviyyəsində, xüsusən də Qərb mühitində qəbul olunan bir siyasətçidir: "Onun son üç il müddətində Avropa Birliyi ilə bağlı danışıqlarda, məcburi köçkünlərin Qərb ölkələrində yerləşdirilməsi ilə bağlı apardığı müzakirələrdə əldə etdiyi uğurlar danılmazdır. Bu, bilavasitə Davudoğlunun siyasi karyerasına yazılan xüsusiyyətlərdir. Əlbəttə, bunlar təqdir olunmalıdır. Belə bir siyasətçinin baş nazirlikdən getməsi qardaş ölkə üçün yaxşı heç nə vəd etmir”. Politoloqun sözlərinə görə, Davudoğlu ilə Ərdoğanın siyasi baxışlarında fərqlər var: "Davudoğlu məsələlərə daha demokratik üslubla yanaşır. Ərdoğan isə təkhakimiyyəti sevən, prezident-üsul idarəsini istəyən bir şəxsdir. O baxımdan Davudoğlunun Baş nazir olaraq qalması Ərdoğanı narahat edirdi. Çox güman ki, bundan sonra Ərdoğanın daha asan idarə edə biləcəyi loyal bir şəxs baş nazir olacaq. Ancaq bu addım Türkiyənin nüfuzuna mənfi təsir edəcək və oyuncaq baş nazir dünya çapında Türkiyə hökumətini alçaldacaq”. Ekspert tələsik təşkil olunacaq bir hökumətin uzunmüddətli olmayacağını deyib: "Növbədənkənar parlament seçkilərinə ehtiyac yarana bilər. Əgər seçki baş tutarsa, Türkiyədə koalision hökumət formalaşar. Bu yöndə müəyyən çağırışlar var. Məncə, cəmiyyət yeni hökuməti ciddi qəbul edərsə, siyasi böhrandan çıxmaq mümkün olacaq. Əks halda, yeni parlament seçkiləri qaçılmazdır”.

İsmayıl