Ərdoğandan Ermənistana açıq mesaj

“Ermənistanın niyyəti Dağlıq Qarabağ müharibəsini alovlandırmaq və KTMT-ni bu prosesə cəlb etməkdir”



"Məncə, Ermənistan odla oynayır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi haqda suallarını cavablandırarkən deyib. Ərdoğan bildirib ki, bu münaqişədə Azərbaycan və İlham Əliyev güc qazanır: "Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil.

Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk. Rusiya bu münaqişədə tam mənada Ermənistana dəstək verə bilmir. Çünki Moskvanın Azərbaycanda da mənfəəti var”. Türkiyə liderinin sözlərinə görə, Azərbaycanın azad etdiyi ərazilərlə bağlı Ermənistan tərəfi "bizim üçün elə əhəmiyyəti yoxdur” desə də, əslində bu vəziyyətdən Ermənistan qorxmağa başlayıb: "Ermənistanı vahimə bürüyüb. Ərazi, əsgərlərin sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməz. Azərbaycanın vəziyyəti əhatəsindəki dövlətlərə, Gürcüstana və ya Ukraynaya oxşamır. Rusiya Krımı tatarların sayı orada az olduğu üçün ələ keçirdi. Amma ümumiyyətlə, Moskva doğru hərəkət etmir”. Məsələni dəyərləndirən ekspertlər Ərdoğanın açıqlamasını işğalçı və onun müttəfiqinə ünvanlı açıq mesaj kimi dəyərləndiriblər.

Tanınmış politoloq Tofiq Abbasov "Şərq”ə deyib ki, Rusiya ilə əlaqələrin korlanmasına qədər də rəsmi Ankara hər açıqlamasında Ermənistanı xəbərdar edir və İrəvanı ərazi iddialarından geri çəkilməyə çağırırdı: "Türkiyə rəsmiləri dəfələrlə işğal olunmuş torpaqların qeyd-şərtsiz Azərbaycana qaytarılmasını tələb ediblər. Əks halda, Türkiyə-Ermənistan münasibətlərinin qətiyyən normal vəziyyətə düşməyəcəyini deyiblər. Qardaş ölkənin münaqişə ilə bağlı yanaşması dəyişməz olaraq qalmaqdadır. Ərdoğanın sözləri silah gücündən imtina etmək istəməyən Ermənistana ciddi xəbərdarlıqdır”. Ekspertin sözlərinə görə, atəşkəs rejimini ardıcıl olaraq pozan Ermənistanın niyyəti Dağlıq Qarabağ müharibəsini alovlandırmaq və KTMT-ni bu prosesə cəlb etməkdir: "Bu səbəbdən düşmən bütün sərhəd boyu mülki vətəndaşlarımıza atəş açaraq Azərbaycan Ordusunu Ermənistanın sərhəddini pozmağa sövq edir. Ancaq düşmən yanılır, son hadisələr də göstərdi ki, digər ölkələr və təşkilatlar münaqişəyə müdaxilə etmək fikrində deyillər.

Bu səbəbdən Moskva İrəvanı qandırmağa çalışır ki, "müharibə ritorikasından əl çəkin, çünki savaş başlasa, Azərbaycan sizi məhv edəcək”. Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır. Əks halda, "dördgünlük” müharibənin ikinci versiyası hər an başlayacaq. Azərbaycan Ermənistan ərazilərinə iddia etmir. Öz torpaqlarımızı azad etmək uğrunda vuruşuruq. Deyirlər, guya Rusiya Ermənistanı Azərbaycanın ayağına verdi. Xeyr, belə deyil. Rusiya İrəvanı qandırmağa çalışır ki, "Azərbaycan çox güclüdür və ruslar sizin yerinizə müharibə etməyəcək”. Əslində bunu ermənilər özləri də yaxşı bilir. Amma az qala bütün dünya tərəfindən qınanan Ermənistanın siyasi elitası avara və aciz vəziyyətinə düşüb, çaş-baş qalıb. Onlar nə etdiklərini bilmirlər”.

İsmayıl