)))))oyam.jpg)
Ərdoğanın hegemonluğuna son qoyuldu
Liderlər AKP-yə ortaq olmaq istəmir, erkən seçkilər gözlənir)))))oyam.jpg)
)))))oyam.jpg)
Ötən bazar Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ölkənin siyasi palitrasına yeni rəng qatdı və bir neçə mühüm hadisəni gündəmə gətirdi. İlk olaraq məlum oldu ki, son 13 ildə artan xətt üzrə xalqın səsini qazanan hakim AKP əvvəlki etimadını itirib. Digər önəmli yenilik isə kürdləri təmsil edən HDP-nin parlamentə düşməsi oldu. Amma seçkilər qərarlaşmış tendensiyanı, yəni CHP-dəki durğunluğu bir daha təsdiq etdi. Əksər ekspertlərin fikrincə, indiki arzuolunmaz vəziyyətin başlıca "günahkarları” daxili reformalara getməyən və siyasi gerçəkliyi düzgün dəyərləndirməyi bacarmayan CHP və MHP-dir.
Hətta səslərinin sayını əvvəlkinə nisbətən artıran MHP üçün də bu seçki qələbə sayıla bilməz. Çünki bu artım onların şansları ilə müqayisədə ala biləcəkləri səslərin ən aşağı səviyyəsi hesab olunur. İstənilən halda seçkinin nəticələri AKP-yə təkbaşına hökumət qurmaq imkanı vermir. Ona görə də dövləti idarə etmək üçün koalisiya hökumətinin qurulması mütləqdir, əks halda Türkiyə ictimaiyyəti növbəti seçkinin şahidi olacaq. Amma problem ondadır ki, hələlik hər üç partiya rəhbəri AKP ilə ortaq olmaq fikrində deyil.
MHP koalisiya hökuməti üçün şərtlərini açıqladı
Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı 7 iyun axşamında açıqlanan ilk nəticələrdən sonra növbədənkənar seçki mesajı verib və koalisiya qapılarını bağlayıb. Ancaq bəzi siyasi dairələrdən əldə edilən məlumata görə, əslində MHP koalisiya hökuməti qurmağa razıdır. Amma bunun üçün bəzi şərtlərin yerinə yetirilməsini tələb edir. "Hürriyət” qəzetinin yazarı Umut Ərdəmin dediyinə görə, hökumət qurma işinin baş nazir Əhməd Davudoğluna həvalə olunmasından sonra görüş tələbi gələcəyi təqdirdə MHP müsbət cavab verəcək. Davudoğlu ilə görüşü zamanı Baxçalı partiyasının şərtlərini ona açıqlayacaq. Yazarın fikrincə, MHP-nin koalisiya üçün irəli sürəcəyi şərtlər bunlardır: "Prezident respublikasına keçid üçün görülən işlər tamamilə dayandırılsın və parlamentar sistemlə davam edilsin. Yeni konstitusiya qəbul etmək üçün işlər davam edəcəksə, türk şəxsiyyəti və unitar quruluş ilə bağlı hər hansı bir dəyişiklik təklifi gətirilməsin. Kürd probleminin həlli üçün görülən işlər ləğv olunsun. Siyasətdə şəffaf və təmiz bir rəhbərlik yaradılması üçün adı rüşvət qalmaqallarında keçən şəxslər yeni hökumətdə yer almasın”.
"Türkiyə hakimiyyətsiz buraxılmamalıdır”
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu "hakim AKP ilə CHP koalisiya olarmı” sualına "xalq razılaşın deyir, amma bu tablonun içində AKP yoxdur” cavabını verib. Kılıçdaroğlu ehtimal olunan koalisiya şərtlərini də qiymətləndirib: "Seçkilər yeni bitib, Türkiyə sürətlə seçki atmosferindən xilas edilməlidir. Liderlər ağıllı davranmalı, Türkiyə hakimiyyətsiz buraxılmamalıdır. Xalqın mesajı çox açıqdır. Oturun, razılaşın. Türkiyənin problemlərini həll edin deyir. Tək partiya hökuməti çözməkdə yetərsiz qaldı. Xalq razılaşın deyir, amma bu tablonun içində AKP yoxdur”.
"Türkiyədə çox böyük dəyişikliklər gözlənilir”
CHP-nin sabiq sədr müavini Onur Öymən isə bildirib ki, indiki mərhələdə hökumət istefaya getməlidir. Əgər ortaq məxrəcə gəlinərsə, koalisiya hökumətinin qurulması mümkün ola bilər: "Siyasi partiyaların koalisiya hökuməti qurmaqla bağlı razılığa gəlib-gəlməyəcəyini zaman göstərəcək. Əgər partiyalar razılığa gələ bilməsə, o zaman təkrar seçkilər keçiriləcək: "Koalisiya hökuməti qurula bilməsə, o zaman Türkiyədə siyasi dəyişikliklər istisna deyil. Təbii ki, seçkidən sonrakı vəziyyətin Türkiyə siyasətinə təsiri böyük olacaq. Yəni Türkiyədə çox böyük dəyişikliklər gözlənilir. Hər birimiz bunları ən yaxın zamanda müşahidə edəcəyik”.
CHP-nin AKP ilə koalisiyaya gedib-getməyəcəyi məsələsinə toxunan Öymən bunu zamanın göstərəcəyini deyib: "Koalisiya qurmaq üçün də müəyyən tələb və şərtlər lazımdır. Bunun üçün ilk növbədə siyasi partiyaların razılığı olmalıdır. Əgər CHP buna razılıq verərsə, o zaman AKP ilə koalisiya qurulması ehtimalı ola bilər. Amma bu ehtimal çox azdır”. Öymən baş nazir Əhməd Davudoğlunun yeni hökuməti formalaşdırmasının çox çətin olacağını bəyan edib: "Yəqin ki, Davudoğlu həm Kılıçdaroğlu, həm də Baxçalı ilə görüşəcək, koalisiya hökumətinin qurulması ilə bağlı təkliflər ediləcək və müzakirələr aparılacaq. Ancaq qarşı tərəflərin buna razılıq verib-verməyəcəyi bəlli deyil”.
Xarici media AKP-nin uduzmasını "bayram” edib
Türkiyədə AKP-nin təkbaşına hökuməti təşkil edə bilməməsi xarici mediada böyük sevinclə qarşılanıb. Türkiyəni özünə düşmən bilən İsrail mediası seçki günü Ankaradan gələn xəbərləri anbaan izləyib. İsrail mediası "Ərdoğan getdi, artıq daha güclüyük” başlıqlı yazılar dərc edib. İsrailin baş naziri Netanyahuya yaxınlığı ilə tanınan "İsrael Today” qəzeti seçkilər nəticəsində xalqın Ərdoğana "yox” dediyini yazıb: "AKP-nin 12 illik hakimiyyəti dönəmində İsrailə qarşı zidd siyasət aparır. Ancaq HDP-nin parlamentə daxil olması Türkiyədə yeni bir dönəmi başladacaq. Türkiyədə keçirilən parlament seçkiləri İran mətbuatında da işıqlandırılıb. Ölkənin rəsmi xəbər agentliyi İRNA "Türkiyə siyasətində naməlum bir dövr başladı” adlı məqalə ilə çıxış edib. Agentlik AKP-dəki mövcud vəziyyəti Turqut Özalın liderliyindəki ANAP-ın son dövrünə bənzədərək sonuncunun 3-cü dövrdən sonra eniş mərhələsinə keçdiyini xatırladıb. İran dövlət televiziyası isə bu nəticələrin ardından Prezident Ərdoğanın prezident sistemini rəfə qaldırmağa məcbur olacağını bildirib. İranın "Şərq” qəzeti də Türkiyədə demokratiyanın qazandığını, Ərdoğanın isə məğlub olduğunu bildirib.
"Ən böyük ehtimal AKP və MHP koalisiyasıdır”
Türkiyədə seçkidən sonrakı prosesləri şərh edən millət vəkili Fazil Mustafa deyib ki, son dövrlər kürd siyasətinin AKP tərəfindən aktivləşdirilməsi onların öz zərərinə işləyib. Deputatın sözlərinə görə, yaxın günlərdə qarşımızda fərqli Türkiyə olacaq: "Ərdoğanın mütləq iradəsi ilə deyil, siyasi partiyaların biri-birini anlamağa çalışması ilə yeni bir Türkiyə formalaşacaq. Ərdoğanın prezidentlik sistemi qurmaq xəyalları bəlkə də birdəfəlik suya düşmüş oldu. Belə ki, HDP-nin 80 millət vəkili ilə parlamentə girməsi AKP-nin təkbaşına hökumət qurması üçün lazım olan deputat sayını məhdudlaşdırdı. Beləliklə, AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirdi. Yaxın bir ayda Türkiyədə yeni koalision hökumət formalaşmalıdır. Hələlik müxalifət partiyalarından heç biri koalision hökumət barədə konkret açıqlama vermir. Yeni parlamentin qarşısında isə hadisələrin üç inkişaf versiyası var: Koalision hökumət, AKP-nin azlıq hökuməti və bir də yeni seçkilər”.
F.Mustafa deyib ki, əslində indiki nəticələr gözlənilən idi: "Türkiyədə ictimai rəy sorğuları çox vaxt öz təsdiqini tapır. Çünki orada obyektiv sorğular keçirilir. Hər halda AKP-nin bu qədər səslərinin aşağı düşməsi proqnozlaşdırılırdı. Amma HDP-nin barajı keçməsində şübhələr var idi. Görünür, AKP-yə və CHP-yə verilən kürd səslər bu dəfə HDP-də təmərküzləşib. Amma indi Türkiyədə yeni dönəm başlayır. Təkpartiyalı iqtidar dönəmi başa çatdı. Artıq koalisiyalar dövrüdür. Bu da təbii ki, müəyyən ziddiyətlərin olmasına gətirib çıxaracaq. Fikrimcə, koalisiya qurularsa, müəyyən dövr üçün Türkiyə böhranlı vəziyyətdən xilas ola bilər. Ən böyük ehtimalla AKP VƏ MHP koalisiyasının qurulmasıdır”.
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, Türkiyə erkən seçkilərə gedəcək: "Hələ bilmək olmaz ki, seçilən parlament qalacaq, ya yox. Bu gün baxanda belə proqnoz verərdim ki, Türkiyə erkən seçkilərə gedəcək. Yəni, 45 gün ərzində hökumətin formalaşacağına inanmıram”.
"Müxalif partiyalar birləşsə belə, AKP yenə əsas söz sahibi olacaq”
Türkiyədəki seçki prosesini müşahidə edən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, koalisiya hökuməti qurulsa belə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq: "Səsvermənin nəticələrinə görə, Türkiyədə ya koalisiya hökuməti qurulmalı, ya da növbədənkənar seçkilər keçirilməlidir. Əgər 45 gün ərzində hökumət formalaşmasa, yenidən seçkilər olacaq. Çünki hər bir partiya iddialıdır. Onların özləri heç vaxt birləşə bilməyəcək. Milliyyətçi Hərəkat Partiyası ilə Ədalət və İnkişaf Partiyasının koalisiya hökuməti qurmaq ehtimalı daha real görünür. Hansısa partiya birləşsə də, AKP yenə əsas söz sahibi olacaq. Ümumiyyətlə, bu seçkinin nəticələrinə görə, heç bir halda Azərbaycan-Türkiyə münasibətlərinə xələl gəlməyəcək”.
İsmayıl