Erkan Özoral “Şərq”i ziyarət edib

Bu gün Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral "Şərq” qəzeti redaksiyasının qonağı olub. Qəzetdə yeni yaradılan Mətbuat muzeyinin tarixi eksponatlar və tabloları ilə tanış olub. Bundan sonra E.Özoral redaksiya otaqlarını gəzərək qəzetin əməkdaşları və onların fəaliyyəti ilə də maraqlanıb.
 Səfir "Şərq” qəzetinin Azərbaycan mətbuatında önəmli mövqeyindən söz açaraq, bu istiqamətdə işlərinə görə, qəzetin baş redaktoru Akif Aşırlıya və əməkdaşlara öz təşəkkürlərini ifadə edib.
Qəzetin tarixi və keçdiyi yol barədə məlumat verən A.Aşırlı qeyd edib ki, "Şərq” qəzeti və ümumilikdə Azərbaycan mətbuatı Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi diqqətlə yanaşır:
"Bunun səbəbi isə eyni dildə danışan, eyni mədəniyyətə sahib dövlətlər olmağımızdır. Türkiyədə bir partlayış baş verdikdə, bir əsgər şəhid olduqda biz də üzülürük. Daim arzulayırıq ki, bu problemlər Türkiyədən uzaq olsun. Türkiyənin güclü olması yalnız Azərbaycan deyil, keçmiş Sovetlər Birliyindəki türk dövlətləri üçün də önəmlidir. Türkiyənin ayaqda durması, böyük dövlətlərin içərisində öz siyasətini yeritməsi, güc faktoru kimi çıxış etməsi həqiqətən arzuladığımız durumdur. Şükürlər olsun ki, bu gün Türkiyə ayaqdadır, inkişaf edir. Türkiyə qəzetlərini, informasiya portallarını izləyirik.
Bu mənada qəzetimizdə Türkiyə dəyərlərinə xüsusi önəm veririk. Tənqidlər də yazılır, lakin biz bunları sevərəkdən dərc edirik. Əməkdaşlarımız sizi redaksiyamızda qəbul etməkdən çox məmnundur”.
Erkan Özoral:
"Mən də çox məmnunam ki, sizləri ziyarət etdim, görüşdük. Hər birinizin əllərinə sağlıq. "Şərq” qəzetini hər gün izləyirik. Çox gözəl yayınlarınız və xəbərləriniz qarşımıza çıxır. Ona görə də hər birinizi təbrik etmək istərdim. Türkiyə-Azərbaycan iki dövlət bir millətdir. Eyni dili danışırıq, eyni fikirləri düşünürük. Dünyada bir hadisə baş verdikdə hamımızın düşüncəsindən keçənlər eyni şeylərdir. Sevinmək lazım olduqda sevinirik, üzülmək lazım olduqda üzülürük. Ona görə də Azərbaycanın Türkiyədə yeri çox fərqlidir.
Mən Türkiyə ilə bağlı bütün tədbirlərdə iştirak edirəm. Bu gün də İsmayıl Saryal ilə bağlı bir tədbirdə iştirak edəcəm. Onun kitabını Azərbaycan türkcəsində oxuyacam. Öyrənəcək çox şey var. Hər iki dövlətin əslində tarixi bir-birinin içərisinə keçib. Sovetlər Birliyi bizi ayırıb, amma ondan əvvələ baxanda görürük ki, Türkiyə ilə Azərbaycanın tarixi iç-içədir. Elə sizin Mətbuat muzeyinizdə olan aydınların 60-70 faizi mütləq Türkiyəyə yolu düşmüş, ömürlərinin bir qismini orada keçirmiş ziyalılardır. Bütün bu ortaq tarixi ortaya çıxarmalıyıq. Akif müəllim, siz həm də tarixçi olduğunuzdan bu sahədə fəaliyyətiniz təqdirəlayiqdir”.
Akif Aşırlı:
"Düz deyirsiniz, cənab səfir. Azərbaycanda ümumi qəzetçiliyin tarixini öyrənsək. hamısı Türkiyəyə bağlanır. İlk qəzetimiz "Əkinçi” qəzeti nəşr olunduqda ölkədə şrift yox idi. Qəzetin təsisçisi Həsən bəy Zərdabi Türkiyəyə gedərək, İstanbul şəhərindən ərəb hürufatını alıb gətirdi. Həmin hərflər hesabına "Əkinçi” qəzeti nəşr edildi.
Bolşevik hakimiyyətindən sonra Azərbaycanın istiqlalı Türkiyədə və bəzi Avropa ölkələrində mətbuat sahəsində yaşandı. Ən çox Türkiyədə ilk olaraq Azərbaycanla bağlı dərgilər orada çıxarıldı. Azərbaycanın istiqlalı həmişə orada tanındı. Nəhayət ki, 90-cı illərdə Azərbaycan öz müstəqilliyinə qovuşdu və bu gün də onların ruhu şaddır. Bu baxımdan Azərbaycan və Türkiyə mətbuatının da güclü bağlantıları var.
Bütün bunları nəzərə alıb, hər zaman vahid platformadan çıxış etmək, türk dünyasının birliyi üçün nə lazımdırsa, onun media mühitində canlandırılması həm Azərbaycan, həm də Türkiyə jurnalistlərindən asılıdır. Üzərimizə düşən missiyanı çalışırıq yerinə yetirək.
"Şərq” qəzetinin 21 illik tarixi var. Son hesablamalarımıza görə, 150-yə yaxın jurnalist ""Şərq” məktəbini” keçib. Onların içərisində müxtəlif qəzetlərdə işləyənlər, televiziya aparıcıları və s. var. Ancaq "Şərq”in özəlliyi odur ki, bu məktəbi keçən jurnalistlərin hər biri harada olmasından asılı olmayaraq "Şərq”çiyik deyir. Biz də öz növbəmizdə bütün jurnalistlərə şərait yaradırıq ki, müxtəlif müəssisələrdə təmsil olunub, elmli, savadlı jurnalist kimi özlərini təsdiqləsinlər”.
Səfir: 
Niyə məhz "Şərq”?
Akif Aşırlı: 
90-cı illərdə belə bir meyl, düçüncə var idi. Hər kəs deyirdi ki, Qərbə üz tutaq, Qərb dəyərlərini qəbul edək. Mən tarixçiyəm və kitablardan oxuyurdum ki, XVI əsrə qədər Şərq mədəniyyəti dünyaya meydan oxuyub. Biz Şərq mədəniyyətinin üzərindən necə xətt çəkib, tamamilə Qərb mədəniyyətini seçə bilərik? Təbii, Qərb mədəniyyətini və Avropa dəyərlərini qəbul edirik, lakin qəzetimizin adını yenə də "Şərq” qoymağı üstün tutduq.
Sonda isə xatirə şəkili çəkildi
Aysel Aslan