"Erkən qurulmuş ailələrin əksəriyyəti dağılır" - Qarşısı alınsın !

"10-13 yaşlı qızların ərə verilməsi, ümumiyyətlə, erkən nikahların hamısı qanun pozuntusudur”.
Bu barədə "Sherg.az”a "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova danışıb.
 O xatırladıb ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, 18 yaşına qədər şəxslər uşaq sayılır:
"Qanunvericilikdə qızlar üçün nikaha girmə yaşı 17, oğlanlar üçün isə 18 müəyyən olunmuşdu. Sonradan dəyişiklik edilərək qızlar üçün də bu yaş həddi 18 yaş müəyyən edildi. Yalnız iki halda qadınlar 17 yaşında nikaha daxil ola bilər: birincisi, hamiləlik faktı, ikincisi isə valideynin sağalmaz xəstəliyə tutulması, övladının toyunu görmək istəməsidir. Bu hallar istisna olmaqla qanunvericiliyə uyğun 18 yaşından aşağı şəxslər nikaha daxil ola bilməz. 
Amma nikah yaşı 20-ə qaldırılsa belə biz qanunun pozulacağını görəcəyik. Bu sahədə düşünülmüş addımlar, hesabatlar, vəziyyətdən çıxış yolları ilə bağlı beynəlxalq təşkilatların layihələri var. Erkən nikahlara qarşı mübarizə yollarından biri valideyn məsuliyyətinin artırılması, erkən nikaha məcbur edən şəxslərin məsuliyyətə cəlb edilməsi hallarıdır. Yəni ağır cəzalar bu addımdan yayındıra bilər.
Sözsüz ki, 10-13 yaşlı uşaqların evləndirilməsində heç bir rəsmiyyətdən söhbət gedə bilməz. Yalnız dini nikah bağlana bilər. Ona görə, bu sahədə Dini Komitə də fəaliyyətini gücləndirməlidir ki, rəsmi nikah olmadan dini işləmlər aparılmasın. Əgər valideyn məsuliyyətə cəlb ediləcəksə, cəzası ağır olacaqsa, bunun qarşısını almaq olar. Lakin paralel şəkildə maarifləndirmə işi aparılmalıdır. İnsanlar anlamalıdır ki, 18 yaşına qədər olan insan uşaqdır. 
Onun nə fizioloji quruluşu, nə də mənəvi hazırlıqlığı formalaşıb. Təcrübə göstərir ki, sonradan bu analar əlilliyi olan uşaqlar dünyaya gətirir, erkən qurulmuş ailələrin əksəriyyəti dağılır. Erkən nikahlar ailənin, cəmiyyətin genefondu ilə oynanılması deməkdir. Ona görə, qanunlar həddindən artıq sərtləşdirilməlidir. Maarifləndirmə isə məktəblərdən başlanmalıdır. Valideynlərlə iş aparılsa, KİV-lər öz üzərinə düşəni etsə, müəyyən qədər erkən nikahların qarşısı alınacaq”.
Qeyd edək ki, "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacağa müraciət edən qadınlar haqqında statistika açıqlayıb. O bildirib ki, müraciət edənlər arasında 1 nəfər 10, 2 nəfər 13, 1 nəfər isə 15 yaşında zorlamaya məruz qalıb. Ümumi 39 nəfər erkən nikahın qurbanı olub - 3 nəfər 13, 8 nəfər 15, 17 nəfər 15, 11 nəfər isə 16 yaşında ailə qurub. 30 qadın fiziki xəsarət alıb, 4 hadisə ilə bağlı cinayət işi açılıb.
Aysel Aslan