Erməni general Putinə də meydan oxuyub

Bu sərsəm bəyanatdan sonra Rusiya açıqlama, izahat vermək durumundadır

Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Belə bəyanatla qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryan çıxış edib. Makaryan bildirib ki, birgə qoşun qruplaşmasının komandanı həm dinc, həm hərbi dövrdə Ermənistan silahlı qüvvələrinin sıralarından təyin ediləcək.

"Qarabağda vəziyyət gərginləşərsə, qoşun qruplaşması müdaxilə edə bilərmi” sualına Makaryan belə cavab verib: "İstənilən təhdid zamanı ləngimək olmaz”. Bu cavabdan sonra jurnalist generala daha dəqiqləşdirici sual ünvanlayıb: 

"Ola bilərmi ki, Rusiya Prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?”. Erməni general isə "xeyr, belə əmr verə bilməz” deyib. Makaryan özündən razı halda vurğulayıb ki, qoşun qruplaşması Türkiyə tərəfdən yönələ biləcək təhdidləri də neytrallaşdırmağa hazırdır: "Əgər Türkiyə istiqamətindən təhdid yaranarsa, biz hərəkətə keçəcəyik. Çünki sənəddə belə yazılıb”. Xatırladaq ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü korpusu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qoşunları və İrəvandakı Erebuni aviabazası daxildir. Rusiya rəsmiləri hər dəfə bəyan ediblər ki, qruplaşma Qarabağ münaqişəsi zonasında mümkün eskalasiyaya qarışa bilməz. Lakin indi həmin qruplaşmanın komandanı əminliklə iddia edir ki, erməni-rus qoşun qruplaşması Qarabağa müdaxilə edə bilər. Rusiya Federasiyası Müdafiə Nazirliyinin İctimai Şurasının üzvü, polkovnik İqor Korotçenko Makaryanın bu açıqlamasını daxili auditoriyaya hesablanan siyasi bəyanat adlandırıb: 

"Makaryanın sözləri ölkə daxilindəki siyasi effektə hesablanan bəyanatdır”. Tanınmış rusiyalı jurnalist və analitik Vadim Dubnov da deyib ki, Moskvanın razılığı olmadan rus-erməni hərbi qruplaşması Qarabağa girə bilməz. Rusiyalı hərbi ekspert Aleksandr Xramçik də erməni generalın dediklərinin doğru olmadığını bildirib. Xramçik əlavə edib ki, Makaryanın "birgə qoşun Ermənistan Prezidentinin əmri ilə hərəkət edəcək” sözləri yanlışdır: "Qərar Moskva və İrəvanda birlikdə qəbul ediləcək. Çünki birgə qoşuna 102-ci hərbi baza da daxildir. Bu bazanın komandiri Rusiya Ali Baş Komandanının əmrinə uyğun hərəkət edir. Bu baxımdan, onun Ermənistanın Ali Baş Komandanının əmrinə uyğun hərəkət etməyəcəyi dəqiqdir. Bu qoşun növünün Qarabağda müharibəyə müdaxilə etməsi də çətindir. Əgər müharibə Ermənistan ərazisinə keçərsə, bu zaman nəyisə ehtimal etmək olar. Lakin döyüşlər Qarabağda getdiyi müddətdə bu qoşun növü heç bir müdaxilə etməyəcək və Rusiya qarışmayacaq”.

Hərbi ekspert, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov erməni generalın dediklərini sərsəm ifadələr adlandırıb. Onun fikrincə, həmin sözlər erməni ictimaiyyətini ruh yüksəkliyinə kökləməyə hesablanıb: 

"Təxminən bir ildir erməni hərbi və siyasi rəhbərliyi bu cür hədələyici, özündən razı tonda bəyanatlar verirlər. O qədər qeyri-ciddiliyə yuvarlanıblar ki, generalların bəziləri nə danışdıqlarının, bəyanatlarının nələrə səbəb ola biləcəyinin fərqində deyillər. Məlum bəyanatı verən Makaryanı qoşun qruplaşmasına komandir təyin edəndə bildirmişdik ki, erməni hərbçinin rəhbər qoyulması problemlər yarada bilər. Erməni general sərsəm bəyanatı ilə Rusiyanı açıqlama, izahat vermək durumuna salıb. Moskva izahat verməlidir ki, erməni generalın dedikləri Rusiya Müdafiə Nazirliyinin mövqeyi deyil. Erməni general əslində Rusiya Prezidentinə də meydan oxuyub. Hesab edirəm ki, bu başdan xarab erməni generalla bağlı bir ölçü götürüləcək. Ola bilsin ki, onun vəzifədən uzaqlaşdırılması məsələsi gündəmə gəlsin. Çünki Putin bu cür "özfəaliyyətləri” bağışlamır. General Makaryan özünü elə aparır ki, sanki birləşmiş hərbi birləşmə onun şəxsi mülküdür və istədiyi vaxt əmr verə bilər”. Ekspert vurğulayıb ki, erməni generalın bəyanatına Türkiyə, Azərbaycan rəsmi şəkildə reaksiya verməlidir: "Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyaya narahatlığını bildirməlidir”.

İsmayıl