Ermənilər anlamır ki...

...Kəşfiyyat sahəsində də ciddi dayanıqlı müttəfiqimiz var



Heç kimə sirr deyil ki, Azərbaycan-Türkiyə münasibətlərinin dərin kökü var. Strateji müttəfiq olan bu ölkələr arasındakı əlaqələr son zamanlar yeni keyfiyyət mərhələsinə yüksəlib. Əlbəttə, Bakı-Ankara əlaqələrinin potensialı çox böyükdür. Bu potensiala iqtisadiyyat, siyasət, terrorizmə qarşı birgə mübarizə, regionda təhlükəsizlik və digər məsələlər daxildir.

Qeyd olunan sahələrdə Azərbaycan və Türkiyə həmişə biri-birinin yanındadır. Bu günlərdə cəbhədə Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi 4 günlük təxribatlarda Ankaranın ölkəmizi açıq-aşkar dəstəkləməsi belə düşünməyə əsas verir. Bundan başqa, ötən günlərdə qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü münasibətlərin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Türkiyə-Azərbaycan münasibətlərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, bu iki dövlət geniştərkibli əlaqələrə malikdir: "İndiki durumda hər iki dövlət biri-biri üçün lazım olan nə varsa, etməyə hazırdır. Yəqin, son görüşdə 4 günlük müharibənin nəticələri və bundan sonrakı addımlar barədə geniş müzakirələr aparılıb. Azərbaycan yaxşı bilir ki, Ermənistan sakit durmayacaq. Sülh danışıqlarında özünü konstruktiv aparmayacaq. Ona görə də ölkəmiz ordumuzu gücləndirməkdə davam edir. Ordunun texniki təchizatını və döyüş qabiliyyətini yüksəltmək üçün bütün imkanlardan istifadə edir. Bu məsələdə Türkiyə ilə əlaqələr çox böyük rol oynayıb. Ankara ordumuzun müxtəlif növ silahlarla təchiz edilməsində və yüksək peşəkar hərbiçiləri vasitəsilə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə yaxından köməklik göstərir. Ölkəmizdə xüsusi təyinatlıların hazırlanmasında türk zabitlərin xidmətləri danılmazdı. Türkiyənin təcrübəsini öyrənirik. Onlar bizə lazımi dəstəyi verir. Ölkəmizdə peşəkar hərbiçilər yetişdirirlər. Son döyüş əməliyyatlarında xüsusi təyinatlılarımız müharibənin mərkəzində olublar, döyüşüblər. Ordunun kəşfiyyat işinin yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Həmin sahədə də qardaş ölkə təcrübəsindən öyrənilməli məsələlər çoxdur. 4 günlük müharibə göstərdi ki, ordumuzun kəşfiyyat xidməti yüksək peşəkarlığa malikdir. Çox cəsur və intellektual həbiçilərimiz yetişib. Onlar istənilən anda lazımi döyüş tapşırığını yerinə yetirə bilirlər. Bir sözlə, Türkiyə və Azərbaycan əməkdaşlığı müsbət səmərə verir”.

Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı ən yaxşı əməkdaşlıq Müdafiə Sənayesi Nazirliyi sahəsindədir: "Ankaranın dəstəyi sayəsində ölkəmiz xeyli silah istehsal edib. Bundan sonra daha yeni silahların istehsalı gözlənilir. Bu işdə qardaş ölkənin texniki dəstəyi olub. Bundan sonra da olacaq. Türkiyə inkişaf etmiş sənaye ölkəsidir. Birgə əməkdaşlıq nəticəsində Azərbaycan özünün müdafiə sənayesini qurub”.

Q.Hüseynlinin qənaətincə, bölgədə vəziyyət gərginləşərsə, digər dövlətlər Ermənistanın adından döyüşə qatılarsa, onda Türkiyə də bizə dəstək verəcək: "Bu, müzakirə və mübahisə doğuran məsələ deyil. Pakistan bəyanat verdi və Azərbaycana istənilən sayda qoşun kontingentini göndərə biləcəyini bəyan etdi. Hazırda bu ölkə hərbi akademiyasının yüksək rütbəli zabitləri ölkəmizdədir. Onlar Azərbaycanla tanış olur. Eyni zamanda ikitərəfli danışıqlar aparırlar. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan tək deyil. Ölkəmizin arxasında qüdrətli dövlətlər və güclü silahlı heyətlər dayanır. Bundan başqa, Ərdoğan yaxın iki ildə İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik edəcək. Bu əməkdaşlıq təşkilatının bir sıra dövlətlərlə - Səudiyyə Ərəbistanı və digər ölkələrlə sıx əlaqələri var. Dar ayaqda ən azından həmin təşkilatın diplomatik və hərbi dəstəyinə bel bağlaya bilərik”.

Ermənistanın sülh danışıqlarından imtinasına diqqət çəkən politoloq hesab edir ki, düşmən ölkə müharibəyə hazırlaşdıqlarını nümayiş etdirir: "Elə düşünürlər ki, Rusiya arxalarında dayanıbsa, nəsə edə bilərlər. Amma yanılırlar. Anlamırlar ki, Azərbaycan elə bir inkişaf mərhələsinə çatıb ki, onları bütün parametrlərdə çox qabaqlayırıq. Kəşfiyyat sahəsində də ciddi dayanıqlı müttəfiqlərimiz var. Onlar bütün vasitələri ilə Azərbaycana köməklik göstərməyə hazırdırlar. Onların başında Türkiyə dayanır. Son görüş də Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında yeni bir mərhələ olacaq”.

Ayyət Əhməd