Ermənilər Borçalının torpaqlarını zəbt edib

“Gürcüstan parlamentində təmsil olunan digər azərbaycanlı deputatlar da məsələni bu ölkə qarşısında qaldırmalıdır”



Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov ictimaiyyət üçün maraqlı məlumatlar açıqlayıb. O bildirib ki, erməni hərbçiləri Gürcüstanın Ermənistanla sərhəddindəki azərbaycanlılar yaşayan Sadaxlı kəndində 20 hektar torpağı zəbt ediblər. Soydaşımızın sözlərinə görə, həmin ərazilər Gürcüstanda yaşayan azərbaycanlılara məxsusdur:

"Bununla bağlı rəsmi dövlət strukturlarına müraciətlər olundu. Təəssüflər olsun ki, Gürcüstan rəsmiləri bəyanat verdi ki, belə bir hal yoxdur. Amma əlimizdə fakt var ki, o torpaq doğrudan da Gürcüstanda yaşayan azərbaycanlılara məxsusdur. Bu ərazinin Ermənistanla heç bir əlaqəsi yoxdur. Bir müddət öncə erməni sərhədçiləri həmin kənddə iki azərbaycanlını tutmuşdu. Səs-küy qalxandan sonra həmin gün buraxdılar. Azərbaycanlılar Debet çayı ətrafında heyvanlarını otarırlar və ya həmin çayda çimdikləri yerdə erməni hərbçiləri onları tutub aparmışdı”. A.Süleymanov ermənilər tərəfindən azərbaycanlılar yaşayan ərazilərin 10-20 hektarının zəbt edilməsinə dair sübutun olduğunu da deyib: "Artıq özlərinin sərhəddini də çəkiblər. Çox təəssüflər olsun ki, hazırkı Gürcüstan hakimiyyəti bu işlərə susur. Bilmirəm nəyə görə. Bir tərəfdən Rusiya, digər tərəfdən Ermənistan Gürcüstan torpaqlarını zəbt edə-edə gedirlər. Bu kəndlərdə tarix boyu azərbaycanlılar yaşayıb. Açıq deyə bilərəm ki, hazırda Gürcüstan rəhbərliyi Ermənistana daha yaxın bir mövqe seçib. Azərbaycanlı kəndləri olduğuna görə, rəsmi Gürcüstan dövləti bu məsələni qabartmaq belə, istəmir. Sanki heç kimə lazım deyil”.

Faktı dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Osetiya tərəfdən ruslar, Sadaxlıdan isə ermənilər torpaqları zəbt edirlər: "Ermənilər həmin kənd sakinlərinin mal-qarasına dağ çəkir. Hətta oradakı soydaşlarımızı da oğurlayıb aparırlar. Gürcüstan hökuməti azərbaycanlıların probleminə çox neytral münasibət sərgiləyir. Sanki mövcud durum onların ürəyindəndir. Bircə yol qalır ki, bu işə Azərbaycan hökuməti qarışmalıdır. Oradakı soydaşlarımızın qayğısına qalmalıdır. Gürcüstan hökumətinə müraciət edib, zəbt olunmuş torpaqların geri qaytarılmasını tələb etməlidir”.

Politoloqun fikrincə, rəsmi Tiflis hərəkətə keçməsə Azərbaycan soydaşlarımızı müdafiə etmək üçün beynəlxalq məhkəməyə müraciət etməlidir: "Bu məsələnin ictimailəşib, hüquqi müstəviyə keçməsinə ehtiyac var. Ermənilərin təcavüzkar olduqlarını və Azərbaycana qarşı düşmənçilik hissi ilə yaşadıqlarını bu yolla sübut etmək olar. Düşünürəm ki, Azərbaycan hökuməti məsələni yubatmalı deyil”.

Q.Hüseynli diqqətə çatdırıb ki, oradakı soydaşlarımız da bu işlərdə aktivlik nümayiş etdirməlidirlər: "Gürcüstan parlamentində təmsil olunan digər azərbaycanlı deputatlar da məsələni bu ölkə qarşısında qaldırmalıdır. Belə olarsa, müəyyən qədər problemin həllinə nail olmaq olar. Fəaliyyət göstərmək lazımdır. Susmalı deyilik. "Torpağımızı geri qaytarın” şüarı ilə oradakı soydaşlarımız aksiya keçirə bilərlər. Zəlimxan Məmmədli, Zəlimxan Yaqub və Eyvaz Borçalı hərəkətə keçməlidirlər. Biz də bu işə öz töhfəmizi verməliyik. Məsələn, mən də bu barədə rus mətbuatına və rusdilli gürcü media orqanlarına məqalələr yazacam. Əlimizdən gələni edib, problemi ictimailəşdirməli, Ermənistanın işğal planlarını ifşa etməliyik”.

Ayyət Əhməd