Paşinyan onların ümidlərini puç edib, xəzinə tamamilə boşdur
Ermənistanda keçirilən 9 dekabr parlament seçkilərindən sonra baş nazirin vəzifələrini icra edən Nikol Paşinyana qarşı ermənilərin hiddəti durmadan artır. Hər gün baş nazirə qarşı müxtəlif bölgələrdə etiraz aksiyaları baş verməkdədir. Bu ilin aprel ayında Paşinyanın başlatdığı etiraz yürüşləri ilə əlaqədar Vanadzor-Gümrü avtomobil yolunda "inqilabın rəmzi” kimi qoyulan heykəlin parlament seçkilərindən cəmi bir gün sonra ayağı qopardılmışdı. Ötən gün isə Paşinyanın hakimiyyətini qəbul etməyən və onun siyasətinə qarşı olan ermənilər yeni hökumətə etiraz əlaməti olaraq heykəlinin başını da qopardıblar. Nə qədər təəccüblü olsa da, qısa zaman öncə inqilab yolu ilə hakimiyyəti ələ keçirən Paşinyana qarşı ciddi etiraz formalaşmaqdadır. Artıq Paşinyanın arxasında kütlə yoxdur. Çünki baş nazir küçə nitqlərində xalqa verdiyi vədlərin heç birinə əməl etməyib. Əksinə, atdığı düşüncəsiz addımlarla mövcud vəziyyəti daha da gərginləşdirib.
Düşmən ölkədəki qeyri-stabil vəziyyətlə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, bütün inqilablar emosionallıqla müşahidə olunur. Toplum əvvəlki rejimdən bezdiyi üçün yeni simanın ətrafında cəm olur. Hətta ilk vaxtlar proseslər "şəxsiyyətə pərəstiş”ə qədər gedib çıxır. Yəni insanlar kütlə psixologiyası ilə hərəkət edirlər. Ancaq bir müddət keçəndən sonra isti başlar soyuyur və xalq dəstək verdiyi adamın əsl üzünü və nəyə qadir olduğunu aydın şəkildə görür:
"Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan xalqa verdiyi heç bir vədi yerinə yetirməyib, praktiki addımlar atmayıb. Əksinə, düşünülməmiş ifadələri və davranışları ilə nə qədər naşı olduğunu sübuta yetirib. Üstəlik, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv açıqlamalar verib və Rusiya ilə münasibətləri korlayıb. Ermənilər uzağı görə bilmədilər və illuziyalara qapıldılar, lakin Paşinyan onların ümidlərini puç etdi.
Paşinyan verdiyi vədləri tutmalı, ölkəni iqtisadi cəhətdən dirçəltməli, əhalinin rifahını qaldırmalıdır. Amma bunları etmək üçün dövlətin xəzinəsi dolu olmalıdır. Ermənistanın xəzinəsi isə tamamilə boşdur. Ona görə də kütlənin Paşinyana inamı azalmaqdadır.
Nəticədə insanlar etiraz şüarları ilə yenidən küçələrə çıxırlar. Hələlik aksiyaların miqyası kiçikdir, ancaq bu gedişlə etirazların sıraları genişlənə bilər. Hətta qarşısıalınmaz mitinqlərə çevrilər. Xalqın narazılığına səbəb olan amillərdən biri də Paşinyan və onun komandasının sabiq siyasi qüvvələrlə apardığı mübarizədir. Tərəflərin bir-birini mənasız ittiham etməsi də kütlənin etirazını artırır. Ona görə də Ermənistanda getdikcə anti-Paşinyan meyilləri güclənir”.
İsmayıl