“Ermənistan cəbhədə təxribata əl atır”

“Azərbaycan Ordusu tam döyüş vəziyyətinə gətirilib və hər cür təxribatın qarşısının alınmasına hazırdır”



Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət gərgin olaraq qalır. Cəbhə xəttində erməni silahlı bölmələrinin təxribatları səngimir. Azərbaycanın I Avropa Yay Oyunlarına ev sahibliyi etdiyi bir zamanda torpaqlarımızı illərdir işğalda saxlayan düşmən ölkə və onların havadarlarından vaxtaşırı şantaj və təhrikedici hərəkətlər müşahidə olunur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub. Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Cəbhədə baş verənləri şərh edən politoloq Arzu Nağıyev də bəyan edib ki, son zamanlar atəşkəs rejiminin ermənilər tərəfindən pozulması daha da artıb. Onun sözlərinə görə, düşmən təxribatlarına səbəb həm yaz-yay mövsümünün başlanması, həm də beynəlxalq vəziyyətin, regionda gərginləşməsidir. Yəni geosiyasi vəziyyət də amillərdən biri idi. Bundan başqa, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar erməni lobbisi və onların havadarlarına Azərbaycanda vəziyyətin qeyri-stabil olduğunu göstərməkdir.

Son vaxtlar Ermənistan Silahlı Qüvvələrinin cəbhədə atəşkəs rejimini mütəmadi pozması bunu deməyə əsas verir ki, Ermənistan hər zaman olduğu kimi, yenə də problemin sülh yolu ilə həllində maraqlı deyil.

Avropa Oyunları zamanı Ermənistanın təxribata əl atmasının nə dərəcədə gözlənilən olduğuna gəldikdə isə A.Nağıyev deyib ki, cəbhədə vəziyyət elə belə də gözlənilirdi: "Baxmayaraq ki, ermənilər bu ərəfədə atəşkəsə əməl ediləcəyinə zəmanət verirdilər, hətta bu haqda Ermənistan müdafiə nazirinin müavini də bəyanatla çıxış etdi, təxribatlar davam edir. Deməli, nəzarət edilməyən silahlı birləşmələr də mövcuddur və heç kimə tabe olmurlar. Məhz bu məqsədlə Azərbaycan Ordusu və digər hərbi birləşmələr tam döyüş vəziyyətinə gətirilib və hər cür təxribatın qarşısının alınmasına hazırdırlar”.

Avropa Oyunlarından sonra Azərbaycanın işğal altında qalan torpaqlarını azad etmək üçün Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına dair iddiaların inandırıcı görünmədiyini vurğulayan analitik deyib ki, Qarabağda döyüşlərin başlanması bütün regionun alovlanması deməkdir: "Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə hər an hazırdır. Amma bu gün buna heç bir dövlət razılıq verməz. Çünki iqtisadi və siyasi maraqlar var. Biz sülh tərəfdarıyıq, beynəlxalq qanunlara əsasən münaqişənin həll edilməsinə hazırıq”.

Politoloq onu da vurğulayıb ki, cəbhə xəttində baş verənlərlə bağlı bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası və Birləşmiş Ştatların narahatlıqları bəyanatlardan, o cümlədən sülhün bərqərar olmasının tövsiyəsindən o yana keçmir. Təəccüblüdür ki, yenə də ərazi bütövlüyündən, onun bərpasından, beynəlxalq təşkilatların qətnamələrinə hörmətdən və yerinə yetirilməsindən bir kəlmə də danışılmır.

Şəymən