Ermənistan danışıqlar masasına qayıdır

Fikrət Sadıqov: “Bütün bunlar Ermənistanda böyük təşvişin yaşandığını sübut edir”
Qabil Hüseynli: “Nalbandyanın “Ermənistan danışıqlara hazırdır” iddiası da beynəlxalq aləmi “aldatmağa” hesablanıb”


Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı cavab zərbələrindən sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dolayısı ilə ölkəsinin geri çəkildiyi barədə açıqlama verib. Nazir bəyan edib ki, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından imtina etmir.

"Ermənistan yalnız danışıqların, münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır” deyən Nalbandyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, Azərbaycanın "günahı” səbəbindən baş verib. Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Prezidenti Serj Sarkisyan "Bloomberg” agentliyinə verdiyi müsahibədə Ermənistanın danışıqlardan imtina etdiyini bəyan etmişdi. Axı qısa müddətdə nə dəyişdi ki, Ermənistan XİN-i Prezidentin iradəsinə "zidd” mövqe ortaya qoydu? Politoloqlar bir neçə versiya üzərində dayanırlar. Birincisi, Ermənistanın son döyüşlərdə aldığı sarsıdıcı zərbələr, ikinci versiya isə Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbandyana açdığı telefon zəngidir. Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb "danışıqlara davam” qərarı verib. Yəni Nalbandyanın bəyanatı ona işarədir ki, beynəlxalq təşkilatların təzyiqi nəticəsində İrəvan inadkar mövqeyindən geri çəkilir və danışıqlar masasına qayıtmağa məcbur olur. Politoloq Fikrət Sadıqov deyib ki, dördgünlük müharibədə məğlubiyyət Ermənistanda ciddi təşvişə səbəb olub: "Ermənistan bir tərəfdən deyir ki, danışıqlardan imtina edib. Daha sonra xarici işlər naziri Edvard Nalbandyan Serj Sarkisyanı təkzib edir və deyir ki, danışıqları davam etdirməyə hazırdırlar. Bütün bunlar Ermənistanda böyük təşvişin yaşandığını sübut edir. Son hadisələrin səbəbləri də bununla bağlıdır. Ona görə də ölkədə mitinqlər, piketlər, hakimiyyətə qarşı şüarlar səsləndirilir. Ermənilərin gücü isə ancaq mülki əhaliyə hücum etməyə və ictimaiyyətin başını qatmağa çatır”.

Siyasi icmalçı Qabil Hüseynli də bildirib ki, Ermənistan dərin daxili siyasi böhran içərisindədir: "Sarkisyan hakimiyyətinin dayaqları xeyli sarsılıb. Müdafiə Nazirliyindəki son təmizlənmələr, indi isə hökumətin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər onu göstərir ki, Sarkisyan bir sıra addımları ilə ölkə ictimaiyyətini sakitləşdirməyə, hətta erməni mətbuatının yazdığı kimi baş verə biləcək hakimiyyət çevrilişinin qarşısını almağa çalışır. Bu baxımdan cəbhədə vəziyyətin gərginləşdirilməsi böyük əhəmiyyətə malikdir. Beləliklə, ölkənin əsas problemlərindən diqqəti yayındırırlar. Sarkisyan Rusiyadan silah almaqla bölgədə vəziyyəti gərginləşdirir və ölkə daxilindəki antikonstitusion qüvvələri bir növ sakitləşdirməyə çalışır”. Q.Hüseynli vurğulayıb ki, Ermənistanın sülh danışıqlarına getməməklə bağlı mövqeyi Sarkisyan iqtidarının qorunub-saxlanılmasına xidmət edir: "Sarkisyan sülh danışıqlarına getsə, Ermənistan əhalisinin dərin nifrətini qazanacaq. Hətta Sarkisyan hakimiyyətini itirə də bilər. Ona görə danışıqlara hələlik meyl etmir. Amma Sarkisyanın "danışıqlardan imtina qərarı” dünya ictimai rəyində, eləcə də Rusiyada ciddi etimadsızlıq yaradır. Nalbandyanın "Ermənistan danışıqlara hazırdır” iddiası da beynəlxalq aləmi "aldatmağa” hesablanıb. Əslində isə hazırda ölkə sözün həqiqi mənasında biri-birinə qarşı olan müxtəlif ziddiyətli baxışlardan ibarətdir. Bu isə hakimiyyətdə dərin boşluq yaradıb. Yəni, Sarkisyan hakimiyyətə nəzarət edə bilmir. Ona görə də fərqli bəyanatlar meydana gəlir”.

İsmayıl