“İşğalçı dövlət zəbt etdiyi Qarabağ ərazisini qeyri-leqal məkana, mafioz bir adaya çevirib”
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbey növbəti dəfə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb.
Gülbey bu dəfə Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 kürd terrorçunun yerləşdirildiyini bildirib. Təşkilat sədri deyib ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə Avropaya və Rusiyaya qaçırlar:
"Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur”.
Narahatlıq doğuran iddia ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Ermənistanın terroru bəsləyən ölkə olması heç kimə sirr deyil. Mütəxəssisin sözlərinə görə, Ermənistan Asala terror təşkilatını himayə edib və onun əli ilə çoxsaylı qanlı teraktlar həyata keçirib:
"Ermənilərin çörəyi terrordan, ölümdən, qanunsuz əməllərdən çıxır. Tarix boyu normal dövləti, iqtisadiyyatı olmayan ermənilər ya kiminsə sahib olduqlarını mənimsəməklə, ya da özlərini dünyaya "məzlum” xalq kimi göstərməklə yaşamağa çalışıblar. Hazırda Ermənistan həmin əməllərini bir qədər fərqli formada həyata keçirir. Regionda həm Rusiyanın, həm də Qərbin forpostu funksiyasını yerinə yetirən Ermənistan qonşuları təhdid edən "bölgə jandarmı” rolunu oynamağa çalışır”.
Ekspert vurğulayıb ki, işğalçı dövlət zəbt etdiyi Qarabağ ərazisini beynəlxalq qanunlardan və nəzarətdən kənar, qeyri-leqal məkana, mafioz bir adaya çevirib:
"Qarabağda hər cür terror təşkilatlarının təlimlər keçməsi, qərargahlar və düşərgələr qurması halları mövcuddur. Erməni hökuməti işğal etdiyi ərazilərimizdə müxtəlif cinayətkar qrupların kriminal maxinasiyalarına şərait yaradır. Beynəlxalq narkotik dövriyyəsinə, saxta siqaret və içkilərin istehsal olunub dünya bazarına çıxarılmasına meydan verir. Həmçinin, insan alveri, orqan ticarəti, qəlp pulların kəsilməsi və s. qara əməliyyatlara bilərəkdən göz yumur. Ümumiyyətlə, ermənilərin işğal etdikləri Qarabağ zonasını anti-bəşəri və ziyanlı əməllər üçün istifadə etməsi barədə faktlar çoxdur. Bununla bağlı xüsusi araşdırma aparılmasına ehtiyac var”.
İsmayıl