Natiq Miri: "Qarabağ cəbhəsində Suriyadan da ağır savaş baş verə bilər"
Son zamanlar Ermənistan ordusunun cəbhədə atəşkəs rejimini davamlı olaraq pozması və Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlər keçirməsi ictimaiyyətdə "aprel döyüşləri"nin təkrarlanmasına dair ehtimallar yaradıb. Prezident İlham Əliyevin "Ermənilər nəticə çıxarmasalar, Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq” mesajı isə həmin gümanı daha da gücləndirib.
Hətta bir sıra millət vəkilləri və siyasi şərhçilər mövcud gərginliyin müharibə fazasına keçəcəyini istisna etmirlər. Maraqlıdır, görəsən aprel döyüşləri təkrarlana bilərmi? Sualımızı cavablandıran politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, aprel hadisələrinin təkrarlanması Ermənistan və ona dəstək olan dövlətlərin mövqeyindən asılıdır.
Ekspertin sözlərinə görə, aprel savaşı öncəsi cəbhə xəttində olan vəziyyət bu gün də təkrarlanır:
"Artıq hər iki tərəf yenidən artilleriyadan istifadə etməkdədir. Əsgər ölümlərinin baş verməsi, qarşıdurmaların yaranması hərbi vəziyyətin bərpa olunduğunu açıq-aşkar göstərir. Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyinə cavab olaraq 60 min əsgərin qatıldığı, regionda ən böyük hərbi təlimlər keçirməsi Ermənistana və onun havadarlarına mesajdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu məsələdə ciddi olduğunu bilməlidir. Beynəlxalq təşkilatlar və aidiyyatı təsisatlar işğalçı dövlətə təzyiqlər göstərərək, danışıqlara məcbur etməlidirlər. Münaqişənin dondurulması davam edərsə, yaxın zamanda, xüsusilə yaz aylarında regionda savaşın baş verməsi gözləniləndir. Regionda vəziyyət o qədər mürəkkəbləşib ki, Ermənistanı sülhə çağırmaq, işğal edilmiş torpaqlardan geri çəkilməsini təmin etmək mümkünsüz görünür. Münaqişənin sülh yolu ilə həllinə ümidlər tükənib. Bu səbəbdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsində 51-ci maddəyə uyğun, hərbi yola əl atmaqla Azərbaycan öz torpaqlarını azad etməyə çalışmalıdır”.
Rusiyanın Ermənistanı müdafiə etməsinə diqqət çəkən N. Miri qeyd edib ki, Moskva aprel döyüşlərindən sonra işğalçı dövlətə dəstək olduğunu açıq aydın göstərir:
"İkinci dəfədir ki, iki ölkə arasında anlaşma yaradılır, ən müasir silahların mübadiləsi, ümumi qoşun yaratmaq haqqında saziş imzalanır. Bunlar Azərbaycanı dayandırmaq məqsədilə atılan addımlardır. Ermənistan və havadarları bu proseslərdən nəticə çıxarmazsa, Qarabağ cəbhəsində Suriyadan və digər münaqişə ocaqlarından ağır savaş baş verə bilər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ savaşı regionda önəmli rolu olan dövlətləri, habelə beynəlxalq qurumları, qlobal dövlətləri də birbaşa bu prosesə daxil edəcəkdir. Beləliklə, Qarabağda çıxacaq savaşın miqyası genişlənərək, nəticələri daha təhlükəli hal ala bilər”.
Ayyət Əhməd