Aydın Mirzəzadə:"Ermənistanda idarəçilik o səviyyədədir ki, hətta generallar da aparılan siyasətdən narazılıqlarını vaxtaşırı dilə gətirirlər"Fikrət Sadıqov:"Erməni siyasi qüvvələr arasındakı qarşıdurma davam edəcək. Səbəb isə Serj Sarkisyanın hökumətə başçılıq etmək iddiasının güclü olmasıdır"
"Serj Sarkisyan istənilən yolla hökumətə rəhbərlik edərək, hakimiyyətdə qalmağa çalışır”.
Bu sözləri "Sherg.az”a Ermənistan prezidentinin üç müşavirini vəzifəsindən azad etməsinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.
O diqqətə çatdırıb ki, müharibədə iştirak etməyən, ölkə rəhbərliyini ələ keçirməyə çalışan indiki baş nazir Karen Karapetyan və onun ətrafı Ermənistana yeni imic gətirmək istəyir:
"Düzdür, onların apardığı siyasət mahiyyət etibarı ilə sələflərindən fərqlənmir, amma onlar köhnə siyasəti yeni simalarla davam etdirmək istəyirlər.
Ermənistanda idarəçilik o səviyyədədir ki, hətta generallar da aparılan siyasətdən narazılıqlarını vaxtaşırı dilə gətirirlər. Ordunun təminatının aşağı olması, daxili siyasət məsələlərinə cəlb edilməsi, ən əsası orduda artan hərbi tələfatlar böyük gərginlik yaradır. Ona görə, sonuncu hadisə - 3 müşavirin istefaya göndərilməsi Ermənistan rəhbərliyində qruplar arasında gedən mübarizənin nəticəsidir”.
Ermənistanda siyasi vəziyyətin qeyri-stabil olduğunu vurğulayan politoloq Fikrət Sadıqovun sözlərinə görə, işğalçı ölkədəki bu durumun səbəbi Sarkisyan hakimiyyətinin "havada qalması”dır:"Ermənistanda prezident seçkiləri keçirildi və Armen Sarkisyan adlı şəxs prezident seçildi. Nəticədə bir sıra qüvvələrin qarşıdurması daha da gərginləşib. Çünki bəziləri açıq şəkildə Serj Sarkisyanın baş nazir və yeni səlahiyyətli hökumət rəhbəri qismində görmək istəmirlər. Onlar hesab edirlər ki, yeni seçilmiş prezident funksiyalarını özü yerinə yetirməlidir.
Erməni siyasi qüvvələr arasındakı qarşıdurma davam edəcək. Səbəb isə Serj Sarkisyanın hökumətə başçılıq etmək iddiasının güclü olmasıdır. Qeyri-stabillik hazırda kadr dəyişiklikləri ilə müşahidə olunur, müşavirlər postlarını tərk edir, nazirlərin bəzilərinin istefaya göndərilməsi gözlənilir. Ermənistan isə bu cür qarşıdurma vəziyyətində hökumət başçısının təsdiqinə hazırlaşır”.
Qeyd edək ki, Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan Qaqik Gevorkyan, Matevos Aramyan və Feliks Pirumyanın müşavir postundan azad edilməsi haqqında fərman imzalayıb.
Aysel Aslan