“Ermənistan sabitliyə həsrət qalacaq”

“Ordumuzun genişmiqyaslı əməliyyatlarına ehtiyac yoxdur”
Elxan Şahinoğlu: “Sarkisyan rejimi öz hakimiyyətini qorumağa çalışdığı müddətdə Ermənistan bu cür silahlı qarşıdurmalardan yaxa qurtara bilməyəcək”



Ermənistanda fövqəladə vəziyyət davam edir. Ermənistanda Sarkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib. Hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri də özünü göstərməkdədir. İrəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçirən silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarkisyanın istefasını tələb edir. Ermənistandakı vəziyyəti dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu gün Ermənistanda baş verən proseslərin bir yox, bir neçə səbəbinin olduğu qənaətindədir: "Əvvəla, Ermənistanda iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşıb. 6 ay ərzində ölkəni 20 min erməni tərk edib. Əhalinin güzəranı yaxşı olmayanda isə bütün ölkələrdə bu cür gərginliklər, silahlı insidentlər olur. Digər səbəb isə ölkə daxilində Sarkisyan hakimiyyətinə qarşı böyük narazılıq var. Sarkisyan rejimini bəyənməyən vətəndaşların sayı günü-gündən artır. Ermənistanda qarşıdurmaların baş verməsinin üçüncü səbəbi isə aprel döyüşləridir. Ordumuz tərəfindən ciddi zərbələrə məruz qalan ermənilər bu məğlubiyyəti Sarkisyanın yarıtmaz siyasəti ilə əlaqələndirirlər. Bu baxımdan aprel döyüşlərinin hazırkı hərbi qarşıdurmaya təsiri olduğu qənaətindəyəm. Ermənistan ordusunun uğursuzluğa düçar olması fonunda ordudakı korrupsiya halları üzə çıxdı. Onsuz da erməni cəmiyyəti səfalət içində yaşayır, üstəgəl, aprel ayında yüzlərlə vətəndaşını itirdi. Sarkisyanın öz rəqiblərini bir-bir həbs etməyə başlaması isə artıq bardağı daşıran son damla oldu. Həbs olunanlardan birinin 25 nəfər tərəfdarı silahlanaraq polis bölməsinə hücum etdi və bir neçə şəxsi girov aldı. Sonradan bütün girovların azad olunmasına rəğmən Sarkisyan hələ də həmin polis bölməsini qiyamçıların əlindən azad etməyə qorxur. Normal ölkələrdə hadisənin elə ilk günündən xüsusi əməliyyat keçirilib, qiyam yatırılır. Amma Ermənistan Prezidenti real addımlardan çəkinir. Buna da səbəb əməliyyatın ona baha başa gələcəyi ilə bağlı narahatlığıdır. Sözsüz ki, əməliyyat olsa, xeyli insan qanı töküləcək. O yaxşı başa düşür ki, qanlar bahasına bu gün həmin bölməni azad etsə belə, gələcəkdə daha böyük təlatümlərlə qarşılaşacaq. Ermənistandakı proseslər getdikcə dərinləşir və vətəndaş müharibəsinə doğru gedir. Polis məntəqəsi ələ keçirilən gün Sarkisyan Qarabağa gedir. Bu da ondan irəli gəlir ki, Sarkisyan İrəvan cəmiyyətinə yox, doğulduğu məkandakı separatçılara daha çox bel bağlayır.

- Proses nə qədər davam edəcək?

- Əslində Ermənistanda silahlı qiyamçıların bir polis bölməsini nəzarətə götürməsi ilə başlanan hərbi qarşıdurmaların uzun müddət davam edəcəyini, hətta sonu olmayacağını zənn edirəm. Hazırda Sarkisyana müxalif olanlar düşünürlər ki, Ermənistan Prezidenti Azərbaycana güzəştə hazırlaşır, halbuki bu, belə deyil. Sarkisyanı devirsələr, onun yerinə gələnlər də Qarabağın işğalını davam etdirməyə çalışacaqlar. Ermənistandakı indiki situasiya bu ölkəni çarəsiz duruma sürükləyir, həm də o təsdiq olundu ki, əllərdə kifayət qədər silah var. Ermənistanda polis və ordudan kənar qüvvələr var ki, vaxtilə Qarabağ müharibəsində iştirak ediblər və buna görə özlərini imtiyazlı sayırlar. Vaxtilə Sarkisyan onlarla çiyin-çiyinə torpaqlarımızı işğal ediblər. İndi isə biri-birlərini öldürməyə hazırdılar. Sarkisyan rejimi öz hakimiyyətini qorumağa çalışdığı müddətdə Ermənistan bu cür silahlı qarşıdurmalardan yaxa qurtara bilməyəcək. Çünki erməni cəmiyyəti yetkin deyil. İşğal üzərində qurulmuş qələbə erməni cəmiyyətini birləşdirmək əvəzinə, onları düşmən edib. Sarkisyanın iki alternativi var: o, ya sistemdən kənar müxalifəti tam neytrallaşdırmalı, ya da dözüm nümayiş etdirib yalnız polis bölməsini ələ keçirənləri zərərsizləşdirməklə kifayətlənməlidir. Ancaq hər iki yol ona baha başa gələcək. Bütün hallarda tökülən qan Ermənistanda vətəndaş qarşıdurmasını artıracaq. Odur ki, Ermənistan cəmiyyəti bundan sonrakı mərhələdə sabitliyə həsrət qalacaq.

- İndiki halda, qarşıdurmaların daha da irəliləyərək Sarkisyanın devrilməsi ilə nəticələnməsi ehtimalı nə qədərdir?

- Mümkün ehtimaldır. Ermənistan yeganə ölkədir ki, terrorçular parlamentə daxil olaraq ölkənin əsas simalarını qətlə yetirdilər. Bu "təcrübə”yə əsasən deyə bilərəm ki, Ermənistanda hər şey gözləniləndir. O cümlədən də, ölkənin terrorçular tərəfindən çevrilməsi.

- Bəs, Sarkisyan hakimiyyətdən salınsa, bu proses Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə necə təsir edəcək?

- Heç bir halda Ermənistandakı hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinin həllinə təkan verəcəyini zənn etmirəm. Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib, Xocalı soyqırımını planlayanlardan və həyata keçirənlərdən biridir. Sarkisyan Qarabağla bağlı danışıqlarda da işğalçı mahiyyətindən geri çəkilmir, aprel ayında üzləşdiyi itkilərə rəğmən, dirənir və bununla növbəti hərbi toqquşmanın bünövrəsini qoyur. Ancaq polis bölməsini ələ keçirən və bu yolla Sarkisyanı devirmək istəyən qüvvələr ondan da beşbetərdir, onlar da Qarabağda qətliamlar törədiblər və buna görə peşman deyillər. Əksinə, hesab edirəm ki, bu cür qarşıdurmalar danışıqlar prosesini bir az daha ləngidəcək. Sarkisyan daxili vəziyyəti bəhanə edəcək ki, bu məsələ ilə bağlı məni çox sıxışdırmayın, Qarabağı güzəştə getsəm, məni devirəcəklər.

- Sosial şəbəkələrdə müəyyən çağırışlar var ki, Azərbaycan ordusu bu fürsətdən istifadə edərək hücuma keçməlidir. Siz necə düşünürsünüz?

- Mənə elə gəlir ki, indiki situasiyada Ermənistandakı prosesləri izləmək daha məqsədəuyğundur. Onsuz da düşmənə zərbə vurmaq üçün ordumuzun qarşısında heç bir maneə yoxdur. Biz istənilən an Qarabağda təmizləmə əməliyyatları həyata keçirə bilərik. Amma bugünkü gün genişmiqyaslı əməliyyatlara ehtiyac olmadığını düşünürəm. Əks halda, Sarkisyanın əlinə yerdə - göydə aradığı fürsəti vermiş olarıq. Əgər Azərbaycan ordusu Ermənistan üzərinə hücuma keçsə, Sarkisyan bundan istifadə edərək bütün Ermənistan cəmiyyətini ətrafında konsolidasiya edəcək. Onun üçün belə bir şərait yaratmaq isə bizə lazım deyil. Qoy, onlar öz aralarında haqq-hesablarını çəksinlər. Sərhəddə əsgərlərimizi snayper atəşi ilə öldürmək əvəzinə, özlərini öldürsünlər. Əslində Ermənistanda baş verənlər bizim apreldə qazandığımız uğurun təcəssümüdür. Onlar daxildə didişməyə baş vurmaqla faktiki bizə dolayı mesaj göndərirlər ki, ara-sıra cəbhə bölgəsində onlara dərs verək. Cəbhə bölgəsində onların dərsini verəndə biri-birlərini ittiham etməyə başlayır və silahı biri-birlərinə qarşı qaldırırlar. Necə ki, ermənilər 1993-cü ildə Azərbaycanda gedən proseslərdən məharətlə istifadə edib, işğalın miqyasını genişləndirdilər, biz də əlverişli şəraiti gözləməli və o anda da Ermənistana yekun zərbəni endirməliyik.

Şəymən