Ermənistan tərəfi iyun görüşündən qaça bilməz

Aydın Mirzəzadə: “Azərbaycan situasiyanın uzun müddət bu şəkildə davam etməsinə razılıq verməyəcək”
Elman Nəsirli: “Bu görüşdən imtina regionda irimiqyaslı müharibəyə səbəb ola bilər”


Azərbaycan və Ermənistan Prezidentlərinin Vyana görüşündən sonra münaqişə tərəflərinin və beynəlxalq güclərin əsas diqqəti iyun ayında baş tutacaq növbəti görüşə cəmlənib. Həmsədr ölkələrlə yanaşı, bir çox beynəlxalq təşkilatlar da iyun ayında baş tutması ehtimal edilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət irəliləyişin olacağına ümid edirlər. Amma son günlər növbəti görüşün baş tutmayacağı ilə bağlı fikirlər səslənməkdədir.

Bəzi politoloqlar buna səbəb kimi işğalçı Ermənistan rəhbərliyinin ziddiyyətli davranışlarını, verdiyi qeyri-ciddi və həqiqəti əks etdirməyən bəyanatlarını göstərirlər. Onların fikrincə, düşmən ölkənin iyun görüşündən öz gözləntisi var...

Rəsmi İrəvan növbəti görüşün baş tutmasında maraqlı deyil

4 günlük müharibədə acınacaqlı məğlubiyyətlə üzləşən işğalçı tərəf iyun danışıqları ərəfəsində daxili auditoriyanı məşğul etmək üçün "800 hektar ərazi” söhbətini ortaya atıb. Erməni rəhbərliyi iddia edir ki, guya bu məsələ qarşıdakı sülh danışıqlarının predmeti olacaq və hətta 1 sentyabra kimi "hansısa yolla” geri qaytarılacaq. Əlbəttə, bu, absurddur. Çünki 800 hektar torpaq da, ermənilərin əlindəki digər min kvadrat kilometrlərlə ərazilər də Azərbaycana məxsusdur. Azərbaycan nəinki aldığı torpaqları geri qaytarmaq fikrində deyil, əksinə, Ermənistan qeyri-konstruktiv mövqe tutmaqda davam edərsə, qalan əraziləri də hərbi yolla işğaldan azad etmək fikrindədir. Lakin "800 hektar” söhbəti Ermənistan tərəfinin iyun danışıqlarına münasibətinin anonsu sayıla bilər. Ekspertlərə görə, rəsmi İrəvan qarşıdakı görüşün belə tezliklə baş tutmasında maraqlı deyil. Çünki düşmən tərəf real güzəştlərin vaxtı çatdığını anlayır. Bu isə indiki Ermənistan hakimiyyətinin süqutu deməkdir. Bu səbəbdən İrəvan bacardıqca "status-kvo”nu uzatmağa çalışır. Ermənistan tərəfinin "xarici işlər nazirlərinin görüşü olmayacaq” bəyanatı da göstərir ki, rəsmi İrəvan növbəti təmasın olmasında maraqlı deyil.

"Erməniləri heyvani qorxu hissi sarıb”

Ehtimal olunan iyun görüşü ilə bağlı açıqlama verən ABŞ-Azərbaycan İnkişafa Dəstək Fondunun baş eksperti Aleksandr Sinitsi deyib ki, Ermənistanın Qarabağa dair özünün az-çox inandığı bir nizamlama planı yoxdur: "İrəvanın konstruktiv təkliflər zənbili tamamilə boşdur. Bu zənbildə heç vaxt sağlam, işlək ideyalar olmayıb. İndi isə ermənilər hansısa təklif izhar eləmək gücündə deyillər. Ona görə ki, erməniləri heyvani qorxu hissi sarıb”. Sinitsi bildirib ki, Ermənistan rəhbərliyi ilə yanaşı, erməni ictimaiyyəti də qorxu içindədir: "Üçüncü ölkələrdən olan ekspertlər bir nəfər kimi iddia edirdilər ki, əgər Serj Sarkisyan 4 günlük müharibə zamanı ərazi itkisini etiraf eləsə, o zaman qəzəbli erməni cəmiyyəti Ermənistan rəhbərliyini hakimiyyətdən silib atacaq, ordu coşacaq və s. Amma bunun əksi oldu, xalq susdu. Rəsmi şəxslər isə bir-birini inandırmağa çalışdılar ki, həmin ərazilər əhəmiyyətsiz imiş”.

"Hələlik işğalçı dövlətə şans verilir...”

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadə deyib ki, Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Amma bu fikirləri qarşı tərəf haqda söyləmək mümkün deyil: "Vyana görüşündə növbəti ayda prezidentlərin yenidən görüşməsi barədə danışıqlar oldu və ölkəmiz buna ciddi yanaşdı. Amma Ermənistan atəşkəsi pozdu və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yersiz müharibə əhval-ruhiyyəli bəyanatlar verməkdə davam etdi. Görüşün baş tutmayacağı haqda erməni tərəfindən verilən bütün bəyanatlar pozuculuq missiyasına hesablanıb”. A.Mirzəzadənin fikrincə, əgər Ermənistan siyasətini bu şəkildə davam etdirərsə, o zaman ölkəmiz görüşdən imtina edə bilər: "Situasiya hər an dəyişə bilər. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdır. Danışıqların vaxtın uzanmasına, Ermənistanın işğal faktorunu davam etdirməsinə səbəb olmasına baxmayaraq, işğalçı dövlətə yenə də bir şans verilir. Bütün hallarda, Ermənistan bilməlidir ki, Azərbaycan situasiyanın uzun müddət bu şəkildə davam etməsinə razılıq verməyəcək”.

"Erməni rəhbərliyi iyun görüşünə məcbur ediləcək”

Erməni rəsmilərinin bəyanatlarından asılı olmayaraq, iyunda görüşün baş tutacağına inananlar az deyil. Onların fikrincə, görüşün alınmaması ehtimalı sıfıra bərabərdir. Çünki Vyana görüşündən qabaq da Ermənistan rəhbərliyinin təhdid dolu çıxışları gündəmə gəlirdi. Amma buna baxmayaraq, düşmən ölkəni danışıq masasına oturtdular. Özü də müstəqil dövlət yox, Rusiyanın bir əyaləti kimi. Deməli, iyun görüşü ərəfəsində ortaya atılan boş bəyanatlar da müzakirələrdən qaçmağa kömək etməyəcək. Əslində Ermənistanın özünə qalsa, bəlkə də sülh prosesini pozar. Lakin nəzərə almalıyıq ki, İrəvan müstəqil dövlətin paytaxtı deyil. Yəni görüş bir halda, Moskva və Bakı bunu istəməzsə, baş tutmaya bilər. Amma hələlik Moskvanın və Bakının görüşlə bağlı münasibətləri müsbətdir. Görünən odur ki, Kreml İrəvanı zorla masa arxasına oturdacaq. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Prezidentlərin iyun görüşünü səbirsizliklə gözlədiyini bəyan edib. İyun görüşünün Fransada keçiriləcəyi gözlənilir.

"İyun görüşü son dərəcə həlledicidir”

Millət vəkili Elman Nəsirli də düşünür ki, iyun ayında prezidentlər görüşəcək və bunun müsbət nəticəsi olacaq: "Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bəyan etdi ki, iyun ayında keçiriləcək görüşlərdə münaqişənin həlli ilə bağlı çox ciddi proseslər reallaşa bilər. Çünki Vyana danışıqları münaqişənin həlli ilə bağlı yeni prosesin başlanğıcı sayılır. Həmsədrlər mayın 31-də Azərbaycan xarici işlər naziri ilə, iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri ilə görüş keçirəcək. Bu kontekstdə iyun ayında keçirilən görüşlərə böyük ümid var. Hazırda proseslər çox intensiv xarakter alıb. Prezidentlərin iyun görüşü son dərəcə həlledicidir və bu görüşdən imtina regionda irimiqyaslı müharibəyə səbəb ola bilər”.

İsmayıl