Ermənistan vətəndaşının sürücülük vəsiqəsi Bakıya necə gəlib çıxıb?
Azər Allahverənov: "Mütləq deyil ki, həmin şəxs özü Bakıya gəlmiş olsun. Həmin sürücülük vəsiqəsini onun hansısa bir tanışı da sırf təsadüfən özüylə Bakıya gətirə bilər"
Paytaxtda Ermənistan vətəndaşına məxsus sürücülük vəsiqəsinin tapılması ətrafında bir çox suallar yaranıb. Bu şəxsin kimliyi, Bakıya niyə və nə zaman gəlməsi, səfərin nə məqsəd daşıması müəmmalıdır. Hələlik əldə olan fakt budur ki, sürücülük vəsiqəsi 1982-ci il təvəllüdlü Aleksan Arakelyanın adınadır. Sürücü BC kateqoriyasına malikdir.
Vəsiqəni Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 8 saylı binanın qarşısında həmin qəsəbənin sakini İlkin Alim oğlu Məmmədov tapıb. Qəsəbə sakini sənədi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verib.
Hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən ekspert Azər Allahverənov konkret nəticə çıxarmaq üçün dəqiq araşdırmaların aparılmasını zəruri saydığını dedi:
- Bu, kifayət qədər müəmmalı hadisədir. Xəbəri oxuyanda ilk ağla gələn versiya bu olur ki, həmin şəxs ölkə ərazisinə daxil olub, vəsiqə də üstündəymiş, salıb itirib. Bu versiyanı düşünəndə, təbii sual yaranır ki, Ermənistan vətəndaşı Azərbaycan ərazisinə necə keçib? Amma bir qədər diqqətli, reallığa uyğun düşünmək artıq başqa variantları da önə çıxarır. Mütləq deyil ki, həmin şəxs özü Bakıya gəlmiş olsun. Həmin sürücülük vəsiqəsini onun hansısa bir tanışı da sırf təsadüfən özüylə Bakıya gətirə bilər. Məsələn, Gürcüstan vətəndaşı olan bir tanışı, qohumu, dostu. Bəlkə də bu şəxs sürücüdür, ölkələrarası yük daşımalarında çalışır və vəsiqəsi yoldaşında qalıb, onun vasitəsilə, Bakıya gəlib çıxıb. Burada da o yoldaş əlavə problemlər yaranmasın deyə, həmin vəsiqədən xilas olmaq istəyib və sadəcə, vəsiqəni küçəyə atıb. Digər ağlabatan versiyalardan biri də budur ki, Ermənistan vətəndaşı Bakıya tamamən rəsmi qaydada, heç bir sərhəd pozuntusu olmadan gəlib. Son illər Bakı bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Ötən il Birinci Avropa Oyunları keçirildi. Bilirik ki, Avropa Oyunlarına az sayda olsa da, Ermənistan idmançıları da qatıldılar. Bu şəxs hansısa idman yarışlarının, yaxud beynəlxalq konfransların iştirakçısı da ola bilər. Bakıya hansısa qrupun tərkibində də gələ bilər. Yəni, burada bir çox variantlar var və hamısına da ciddi yanaşılmalıdır. Bu işlə Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti məşğul olmalı, ciddi araşdırma aparmalıdırlar. Dövlət Sərhəd Xidməti üçün kiminsə ölkə ərazisinə leqal surətdə gəlib-gəlməməsini yoxlamaq çox asan bir işdir. Gömrük-keçid məntəqələrində bütün sistem elektronlaşdırılıb. Ölkəyə gələn də, ölkədən çıxan da hər bir kəs elektron qeydiyyata düşür. DTX də, DMX üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir.
A.Allahverənov təxribat, terror versiyalarının üzərində dayanmağı tez sayır:
- Belə düşünmək üçün bizim əlimizdə heç bir fakt yoxdur. Biz kiminsə, hər hansı bir şəkildə itirilmiş vəsiqəsini "əsas” götürüb terror, təxribat versiyaları irəli sürə bilmərik. Bu, doğru olmaz. Azərbaycanın dünyadakı multikultural imicinə də uyğun gəlməz. Həm də təcrübə göstərir ki, təxribat, terror planlaşdıranlar belə ipucları vermir. Terrorçular, təxribatçılar adətən üstlərində heç bir sənəd gəzdirmir. Biz hələ ki, bu itki hadisəsini anlaşılmazlıq kimi qəbul etməliyik. Çünki əlimizdə başqa faktlar yoxdur. Burada sadə bir səhlənkarlıq, nəyəsə hesablanmış addımdan tamam uzaq, təsadüfi bir hal ola bilər. Vəsiqə kimdəsə başqa bir ölkə vətəndaşında olub, bunu fərq etdikdə, ondan qurtulmağın sadə bir yolunu seçib - vəsiqəni küçəyə atıb gedib. Amma təbii ki, rəsmi orqanlar bu işi araşdırmalı və vəsiqə sahibi haqqında bilgilər əldə etməlidirlər.
***
Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş podpolkovnik Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.
ANS PRESS-in məlumatına görə, bu barədə podpolkovnikin atası Qevorq Arakelyan NEWS.am portalına danışıb.
Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu podpolkovnik Aleksan Arakelyana məxsus olduğunu bildirib. "Bütün məlumatlar uyğun gəlir”, - deyə Qevorq Arakelyanı bıldirib.
Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.
Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi "RG 052597” nömrəli BC kateqoriyalıdır.
Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi vəDövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.
Məlahət Rzayeva