Ermənistanda Qarabağ klanı güclənir

Hökumətdəki dəyişiklik Sarkisyanın uğursuz siyasi oyunudur
“Aprel savaşından sonra Ermənistan iqtidarının vəziyyəti gərginləşib. Klanı gücləndirmək və bir qədər də rəğbəti artırmaq üçün yeni hökumətə daha çox qarabağlılar cəlb olunur”

Ermənistan Prezidenti Serj Sarkisyan Baş nazir Ovik Abramyanın istefasını qəbul edib. Prezident yeni Nazirlər Kabineti formalaşana qədər hökumət üzvlərinə öz vəzifələrini davam etdirməyi tapşırıb. Məlumat üçün bildirək ki, Ermənistanda baş nazirliyə əsas namizədin adı təsdiqlənib. Bu şəxs Karen Karapetyandır. Karapetyan yaxın günlərdə iki mərhələdən ibarət "inkişaf proqramını” təqdim edəcəyini deyib.

Karen Karapetyan 1963-cü ildə Dağlıq Qarabağ bölgəsində anadan olub. Ermənistan energetika nazirinin müavini, İrəvanın meri olub. 2011-ci ilin dekabrından "Qazprombank”ın prezidentinin birinci müavinidir. "Aykakan Jamanax” qəzetinin yazdığına görə, Qarabağdan olan general Vitali Balasanyan yeni hökumətdə müdafiə naziri təyin olunacaq. Ekspertlərə görə, bu, ağlabatan versiyadır. Çünki Balasanyan "Sasna tsrer” qruplaşmasının silahı yerə qoyub təslim olması üçün hakimiyyətlə qiyamçılar arasında danışıqlar aparıb. Danışıqlar nəticəsində silahlı qrup təslim olub. Balasanyan hazırda Qarabağda "deputat” olsa da, Ermənistanın güc strukturlarında böyük nüfuza malikdir. O, işğal altında olan Əsgəran rayonundandır. 1980-ci illərin sonlarında Qarabağda baş qaldıran erməni separatizminin fəallarından olub. Daha sonra azərbaycanlıların Dağlıq Qarabağdan çıxarılmasına, kütləvi qətllərə başçılıq edib. Ağdamın və Füzulinin işğalında mühüm rol oynayıb və azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınıb. Əgər Balasanyanın təyinatı baş tutarsa, Ermənistanda hakimiyyəti qəsb etmiş Qarabağ klanı 2017-ci il parlament seçkiləri ərəfəsində öz mövqelərini daha da gücləndirəcək. Xatırladaq ki, 2017-ci il seçkilərindən sonra Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək. Sarkisyan Baş nazir statusunda hakimiyyətdə qalmaq istəyir. "Milli birlik hökuməti” formalaşdırmağa çalışan Sarkisyan vaxt udmaq üçün öz komandasından bəzilərini qurban verir. Düşmən ölkədə yaşanan proseslərlə bağlı "Şərq”ə danışan tanınmış politoloq Mübariz Əhmədoğlu deyib ki, baş verənlərin hamısı Sarkisyanın siyasi oyunudur. Amma çox uğursuz bir oyundur: "Erməni rəhbərinin yeni təyin etdiyi Baş nazir Karapetyan Qarabağ kökənlidir və eyni zamanda iqtidara müxalif olan Robert Koçaryanın qohumudur. Sarkisyan bu cür oyuna getməyə məcbur idi. Lakin söhbət ondan gedir ki, Karapetyanın Baş nazir təyin olunması Ermənistanın konstitusiyasına ziddir. Ölkə qanunvericiliyinə görə, baş nazir olacaq şəxs ən azı 4 il Ermənistanda yaşamalıdır. Ancaq Karapetyan həbs qorxusundan İrəvandan qaçıb və 5-6 il Moskvada yaşayıb”. Ekspert deyib ki, aprel savaşından sonra Ermənistan iqtidarının vəziyyəti gərginləşib: "Klanı gücləndirmək və bir qədər də rəğbəti artırmaq üçün yeni hökumətə daha çox qarabağlılar cəlb olunur. Açıq şəkildə görünən odur ki, Sarkisyan devrilməsindən və Robert Koçaryanın ətrafına adam yığaraq çevriliş etməsindən qorxaraq, Qarabağ klanını öz tərəfinə çəkməyə çalışır. Təbii ki, əsas məqsəd 2017-ci il parlament seçkisinə qədər vaxt udmaqdır. Sarkisyan bu dəyişikliklə Dağlıq Qarabağ münaqişəsinin həllini də yubatmağa səy göstərir. İndi də bəhanə gətirəcəklər ki, yeni müdafiə nazirinə vəziyyətlə tanış olmaq üçün bir müddət zaman lazımdır”. M.Əhmədoğlu bildirib ki,

Rusiya Sarkisyanın variantını qəbul etmir: "Erməni oliqarx, "Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan Moskvada yaşayır. Demək olar ki, Rusiya paytaxtında mülklərin yarısına sahibdir. Onun kiçik qardaşı Karen Karapetyan isə hazırda Ermənistandadır. Rusiya istəyir ki, özünə daha yaxın olan həmin Karen Karapetyan Baş nazir olsun. Sarkisyan burda bir oyun oynadı və "QazProm” kartını Kremlə qarşı qoydu. Amma inanmıram ki, Rusiya buna aldansın. Yəqin ki, yaxın günlərdə Moskvanın reaksiyasını görəcəyik”.

İsmayıl