- Ermənistanda keçirilən parlament seçkilərində revanşist qüvvələr müəyyən qədər səslərini artırdılar
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən, müharibədən sonrakı dövrdə Azərbaycanın nümayiş etdirdiyi mövqedən və regionda sülhün qorunmasının vacibliyindən danışıb. Dövlət başçısı Azərbaycanın məğlub tərəfə qarşı əlavə zərbələr endirmədiyini vurğulayaraq, xalqımıza böyük əzablar yaşatmış qüvvələrin səviyyəsinə enmədiyini bildirib. O, Azərbaycanın sülhə üstünlük verdiyini və regionda sabitliyin təmin olunması üçün bu istiqamətdə addımlar atdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh təklif edib və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşayır. Bununla yanaşı, mövcud vəziyyətin hələ də kövrək olduğunu vurğulayan Prezident sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
İlham Əliyevin sözlərinə görə, əldə olunan sülhün davamlı olması üçün mövcud imkanlardan düzgün istifadə edilməli, regionda sabitliyin qorunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycanın mövqeyi isə müharibədən sonra sülhün təmin olunmasına və gələcəkdə qarşıdurma risklərinin azaldılmasına yönəlib.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflansa da, yekun sənəd imzalanmayıb:

“Bunun da müəyyən səbəbi var. Belə ki, Ermənistan Konstitusiyasında Azərbaycanın və Türkiyınun suveren ərazilərinə istinad olunan maddə var. By maddə dəyişdirilməli və ya çıxarılmalıdır. Yəni, Ermənistanda referendum keçirilməli, Konstitusiya dəyişdirilməlidir. Ondan sonra biz artıq yalnız Ermənistan hakimiyyəti ilə deyil, həm də Ermənistan cəmiyyəti ilə, Ermənistan xalqı ilə sülh bağlamış olarıq. Azərbaycanın mövqeyi bundan ibarətdir. Əgər Ermənistanda sabitliyi pozmaq niyyətləri olmasa, riskli qərarlar verilməsə, bu islahatlar həyata keçirilə bilər. Amma hələlik Ermənistan hakimiyyətində belə bir iradəni görmürük. Doğrudur, zaman-zaman Ermənistan rəsmiləri müxtəlif formalarda müəyyən fikirlər səsləndirirlər. Məsələn, Konstitusiya dəyişikliklərinin həyata keçirilməsi ilə bağlı fərqli yanaşmaların olması müşahidə olunmur.
Yəni, sülhün kövrəkliyi məhz bundadır. İlk sülh sazişinin imzalanması ilə bağlı müəyyən məsələlər var. Digər tərəfdən, Ermənistanda keçirilən parlament seçkilərində revanşist qüvvələr müəyyən qədər səslərini artırdılar. Əvvəlki parlamentdə 26 mandatları var idisə, indu 41 yerə sahibdirlər. Bu da Ermənistan cəmiyyətində son beş ildə revanşist əhval-ruhiyyənin artımı kimi dəyərləndirilə bilər. Düşünürəm ki, Prezident həmin məqamları dəyərlındirərək sözügedən açıqlamanı verib”.