Azərbaycanlı və erməni icmasının dialoqu heç nəyi həll etmir
"ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer Bakıda olan zaman biz ondan Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsini istədik. Müraciət edərək bildirdik ki, uzun müddətdir, Ermənistan tərəfinin münaqişədə ortaya qoyduğu qeyri-konstruktiv mövqeyə görə icmaların görüşü baş tutmur”. Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib. Parlament üzvünün sözlərinə görə, Azərbaycan tərəfi erməni icması ilə hələ də dialoq axtarışındadır: "Qarşı tərəf bu dialoqdan imtina edir və görüşə gəlmir. Çünki hesab edirəm ki, onların deməyə sözü olmayacaq. İstənilən halda icmaların görüşməsi mütləq lazımdır. Hesab edirəm ki, Almaniya da bu istiqamətdə öz töhfəsini verə biləcək bir dövlətdir. Biz icmaların görüşünün təşkili üçün ATƏT-in və digər təşkilatların qərarını gözləyirik. Biz hər zaman görüşə və dialoqa hazırıq. Hələ ki biz bu görüşün nə zaman baş tuta biləcəyini deyə bilmərik”.
Millət vəkilinin açıqlamasına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bu cür görüşlərə ehtiyacın duyulmadığını söyləyib. Təşkilat sədrinin fikrincə, bu dialoq heç nəyi həll etməyəcək: "Erməni səninlə danışmaq istəmirsə, niyə onun arxasınca düşməliyik? Azərbaycan heç vaxt buna getməməlidir. Görüşləri təkid etməməlidir. Bu dialoq heç nəyi həll etmir. Dağlıq Qarabağda və Ermənistanda ictimai rəylə heç kim hesablaşmır. Orada bir terrorçu rejim var. O rejim də Rusiya tərəfindən idarə olunur. Sadə adamların dövlət siyasətinə heç bir təsiri yoxdur. Heç onların fikri də yoxdur. Ermənistanda Dağlıq Qarabağla bağlı müsbət fikirdə olan adam da yoxdur. Bunu xalq diplomatiyasını ortaya atanlara da demişdim. İndi özləri də bunun mənasız olduğunu etiraf edirlər. Bu görüşün reallaşması Azərbaycanın maraqlarına cavab verən amil deyil. Müəyyən mərkəzlərdən maliyyə alırlar. ABŞ və Avropa Birliyindəki mərkəzlər daim o mövqedən çıxış edirlər ki, Azərbaycan və Ermənistan icmaları arasında müəyyən dialoq olmalıdır. Buna pul da buraxırlar. Onların məqsədi aydındır. Çalışırlar ki, Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar arasında müəyyən bir münasibət yaratsınlar. Müharibənin yenidən alovlanmasına imkan verməsinlər. Azərbaycan cəmiyyətini reallıqla barışdırsınlar. Onların məqsədi aydındır. Ancaq həmin qüvvələrə xidmət göstərən azərbaycanlıların məqsədi mənə aydın deyil. Deməli, onlar pulun xatirinə beynəlxalq mərkəzlərin sifarişini can-başla yerinə yetirib, Azərbaycanın milli maraqlarını tapdalayırlar. Bunun başqa izahı yoxdur".
Ayyət Əhməd